📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paris öz vəhşiliyini unutdu, Bakını ittiham etməyə başladı: “Sarı jiletlilər” dosyesi

2026-10-07 17:59:44

Paris öz vəhşiliyini unutdu, Bakını ittiham etməyə başladı: “Sarı jiletlilər” dosyesi

Fransada küçələr yenidən qaynayır. Bu dəfə etirazların önündə tələbələr və məktəblilər dayanır. Sentyabrın 21-dən başlayan aksiyalar artıq ölkənin müxtəlif şəhərlərinə yayılıb, oktyabrın 6-da isə yüz minlərlə insan küçələrə çıxıb. Etirazçıların tələbləri təhsil sistemindəki problemlərlə-müəllim çatışmazlığı, siniflərin həddən artıq yüklənməsi, məktəb binalarının vəziyyəti və təhsilə ayrılan vəsaitlə bağlı narazılıqlarla əlaqədardır.

 Lakin sosial narazılığın miqyası böyüdükcə polis müdaxiləsi də sərtləşib. Gözyaşardıcı qaz, rezin güllələr, saxlamalar, yaralanan yeniyetmələr və küçələrdə qarşıdurmalar Fransanın “insan haqları modeli” haqqında ciddi suallar doğurur.

“Reuters”in məlumatına görə, oktyabrın 6-da 488 nəfər saxlanılıb, yüzlərlə nümayişçi və polis əməkdaşı xəsarət alıb. Ümumilikdə aksiyalar başlayandan bəri saxlanılanların sayı 5 mindən çox göstərilir.

İndi burada söhbət artıq yalnız Fransanın daxili sosial probleminin müzakirəsindən getmir. Çünki illərdir Parisin və Avropadakı bəzi siyasi dairələrin Azərbaycana münasibətdə istifadə etdiyi ritorikanın əsas sözlərindən biri məhz “insan hüquqları”dır. Azərbaycanda baş verən ayrı-ayrı hüquqi proseslər dərhal siyasi müstəviyə çıxarılır, konkret cinayət işləri barədə hökm verilməmişdən əvvəl “siyasi motiv” iddiaları səsləndirilir, Bakıya qarşı bəyanatlar verilir, beynəlxalq təşkilatların diqqəti Azərbaycana yönəldilir. Fransanın özü isə belə ağır sosial və hüquqi sınaqlardan keçərkən eyni meyarın nə dərəcədə tətbiq olunduğu sualını ortaya qoyur.

Fransanın “sarı jiletlər” tarixini bu yerdə xatırlamaq lazımdır. 2018-2019-cu illərdə ölkədə həftələrlə davam edən aksiyalar zamanı polis zorakılığı və etirazçıların saxlanılması beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olmuşdu. Təsəvvür edin ki, 2018-ci ilin noyabrından 2019-cu ilin iyuluna qədər 11 203 “sarı jiletli” nümayişçi həbsdən əvvəl saxlanılıb. 2019-cu ildə təxminən 90 jurnalist polis zorakılığının qurbanı olub. Amma bu və ya indinin özündə yaşanan hadisələrdə “Sərhədsiz Reportyorlar” və “Human Rights Watch” kimi təşkilatların “malalamaqdan” başqa fəaliyyətləri müşahidə olunmur.

Bu gün isə Parisdə yenə küçələr doludur, yenə polis müdaxiləsi var, yenə yaralananlar və saxlanılanlar var. Üstəlik, söhbət yalnız siyasi fəallardan deyil, aksiyalarda iştirak edən çoxsaylı azyaşlılardan gedir. Fransanın özünün insan hüquqları təşkilatları vəziyyəti tənqid edir. Belə bir mənzərə fonunda Parisin Azərbaycana insan hüquqları dərsi keçməsi isə riyakarlıqdan başqa bir şey deyil.

138ac544-2652-41db-85b1-9c520b882d2e.jpg (526 KB)

Fransa ilə Azərbaycan münasibətlərinin son illərdə kəskin şəkildə pisləşməsi də təsadüfi deyil. Parisin Bakı ilə bağlı mövqeyi artıq dəfələrlə Azərbaycan tərəfindən qərəzli və birtərəfli yanaşma kimi qiymətləndirilib. 2026-cı ilin mayında Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın xarici işlər nazirinin Senatda Azərbaycanla bağlı səsləndirdiyi fikirləri rədd edib və bunu ikili standart nümunəsi adlandırıb. İyunda isə Bakı Fransa hökumətinin Azərbaycan-Ermənistan sülh prosesi, Qarabağ və insan hüquqları ilə bağlı açıqlamalarını “uzunmüddətli qərəzli yanaşmanın” növbəti nümunəsi olduğunu bəyan edib. Sentyabrda isə Azərbaycan XİN Fransanın Azərbaycanla bağlı səyahət xəbərdarlığında “özbaşına həbslər və ədalətsiz məhkəmə” iddialarından istifadə etməsini qəbuledilməz sayıb.

Burada ən mühüm məsələ Azərbaycanın hansısa xarici ölkənin tənqidindən çəkinməsi deyil. Məsələ ondan ibarətdir ki, eyni hadisəyə müxtəlif ölkələrdə müxtəlif ölçü tətbiq ediləndə “insan hüquqları” ifadəsinin siyasi alətə çevrilməsi barədə şübhələr yaranır. Azərbaycanda konkret məhkəmə işi baş verən kimi siyasi motiv axtaran, Bakıya qarşı sərt bəyanatlarla çıxış edən dairələr Fransada küçələrdə baş verənləri isə ilk növbədə daxili sosial böhran, təhsil problemi və ictimai asayiş məsələsi kimi təqdim etməyə üstünlük verirlər. Halbuki hüquqi prinsip dəyişməməlidir. Zorakılıq varsa, araşdırılmalıdır, hüquq pozuntusu varsa, qiymət verilməlidir. Saxlanılan şəxsin hüquqları qorunmalıdır. Amma bu prinsip Parisdə də, Bakıda da eyni olmalıdır.

Ən maraqlısı budur ki, Fransa Azərbaycanın daxili məsələlərinə münasibətdə “suverenlik” sərhədini tez-tez aşan ritorikadan istifadə edir, özü isə ölkəsinin küçələrindəki hadisələrə gələndə ilk növbədə daxili siyasi sabitlik, təhlükəsizlik və dövlət institutlarının qorunması arqumentlərini önə çəkir. Halbuki Azərbaycan da eyni hüquqa malikdir. Öz məhkəmə sisteminə, qanunlarına və dövlət institutlarına kənardan siyasi təzyiq göstərilmədən fəaliyyət göstərmək...

Bu gün Parisdən Bakıya ünvanlanan hər bir “insan hüquqları” mesajının fonunda Fransanın öz küçələrində baş verənlər də görünür. Minlərlə saxlanma, azyaşlı nümayişçilər, polis müdaxiləsi, yaralananlar, gözyaşardıcı qaz və rezin güllələr... Bunlar Fransanın özündə də hüquq müdafiə təşkilatlarının gündəmə gətirdiyi faktlardır.

Ona görə də Azərbaycan haqqında danışarkən Avropadakı bəzi dairələrin yaddaşına yalnız Bakının küçələri yox, Parisin küçələri də düşməlidir. İnsan hüquqları seçmə menyu deyil. Bu dəyərlər yalnız siyasi cəhətdən əlverişli ölkələrə münasibətdə xatırlanırsa, artıq söhbət universal prinsipdən deyil, siyasi yanaşmadan gedir.

Fransanın Azərbaycana münasibətində ən çox diqqət çəkən məqam da məhz budur. Paris Bakı ilə bağlı sərt mövqe nümayiş etdirərkən öz daxilindəki problemlərin miqyasını eyni sərtliklə gündəmə gətirməlidir. Əgər Fransanın siyasi dairələri həqiqətən insan hüquqlarının müdafiəsini prioritet hesab edirlərsə, bu prinsipləri Azərbaycanla münasibətlərdə olduğu kimi öz ölkələrində də eyni ardıcıllıqla tətbiq etməlidirlər. Əks halda “insan hüquqları” adı altında səslənən bəyanatların siyasi təzyiq vasitəsi kimi qəbul edilməsi üçün zəmin daha da güclənəcək. Paris Bakıya demokratiya və hüquq dərsi keçməzdən əvvəl öz küçələrindəki suallara cavab verməlidir. Çünki bu gün həmin suallar artıq Fransanın öz küçələrindən gəlir...