📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Parisin həyata keçirdiyi siyasət öz əleyhinə çevrilir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-12-28 14:19:58

"Fransa yeni dünya nizamında Cənubi Qafqaz və Mərkəzi Asiyada əsas oyunçu olaraq karbohidrogen ehtiyatları və orta dəhlizə nəzarəti ələ keçirməyi planlaşdırır"

"Fransa ilə Azərbaycan arasında siyasi-diplomatik böhran davam edir. Azərbaycan Fransanın iki diplomatını "arzuolunmayan şəxs" elan etdikdən sonra rəsmi Paris qarşılıqlı olaraq iki Azərbaycan diplomatına ölkəni tərk etmək üçün vaxt verib. Fransadan Azərbaycana qarşı siyasi təzyiqlərin əsas motivi Cənubi Qafqazda Türkiyə-Azərbaycan tandeminin formalaşdırdığı geosiyasi nizamı neytrallaşdırmaqdır". Hurriyyet.az xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq hesab edir ki, Parisin Ermənistan vasitəsilə regionda öz geosiyasi mövqelərini gücləndirməsi istiqamətində atdığı addımlar müsbət perspektivli olmayacaq: "Çünki regionda Türkiyə ilə yanaşı, Fransanın əzəli rəqibi Böyük Britaniya faktoru da var. Ona görə də Parisin həyata keçirdiyi siyasət öz əleyhinə çevrilir. Qeyd edim ki, Fransa-Azərbaycan arasında siyasi münasibətlərdə ziddiyətlərin davam etməsi gözlənilir. Fransa Ermənistan faktoruna görə Azərbaycana qarşı siyasi təzyiqlər etmir. Sadəcə, Azərbaycana təzyiqlər etmək üçün "erməni məsələsi" görünən tərəfdir. Fransa məhz "Zəngəzur" dəhlizinə nəzarət və Türkiyənin regionda mövqeyini zəiflətməyə çalışır".

Məhəmməd Əsədullazadə əlavə edib ki, Fransa həmçinin, Türkiyə, Böyük Britaniya və Azərbaycan üçtərəfli geosiyasi layihəsinə qarşı hərəkətə keçib: "Fransa yeni dünya nizamında Cənubi Qafqaz və Mərkəzi Asiyada əsas oyunçu olaraq karbohidrogen ehtiyatları və orta dəhlizə nəzarəti ələ keçirməyi planlaşdırır. Türkiyə və Böyük Britaniya isə Fransanın bu siyasətinin qarşısını almaq iqtidarındadır. Müxtəlif regionlarda Fransa Böyük Britaniya ilə rəqabət aparır. Odur ki, Parisin regionumuzda Azərbaycana qarşı həyata keçirdiyi siyasətdə Böyük Britaniya faktoru var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az