Partiya sədri: “Bu, “bir sədr, bir papkadan” ibarət olan qeyri-ciddi tiplərin tarixin arxivinə getməsi ilə nəticələnəcək”
Milli Məclis tərəfindən “Siyasi Partiyalar haqqında” yeni qanunun qəbul edilməsi zamanın tələbi idi. Hesab edirəm ki, 20-ci əsrin sonlarında qəbul edilmiş sözügedən qanun artıq öz işləklik mexanizmini itirmişdi. “Siyasi partiyalar haqqında” yeni qanun Azərbaycan siyasi partiyalar sisteminə yeni nəfəs gətirəcək. Hansı ki, bu, birə beş misli ilə Azərbaycanın siyasi proseslərində vətəndaş fəallığını artırmış olacaq.
Bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.
A.Şakiroğlunun sözlərinə görə, Azərbaycanda vətəndaşların siyasi mühitdən uzaq durması, bilavasitə iştirakçı deyil, izləyici rolunu alması prosesi dəyişəcək: “Hesab edirəm ki, hər bir vətəndaş ölkəsinin siyasi mühitində, idarəçiliyində rol almalı, seçkili orqanlarında aktiv və ya passiv seçici hüququndan mütləq şəkildə istifadə etməlidir. Hər bir şəxsin siyasi kimliyinin olması vacibdir. Mümkün deyil ki, əqidəsiz, tərəfsiz insan olsun. Bir şəxs ki öz övladlarının gələcəyinə biganə qalırsa və bunun fonunda ölkəsinin siyasi prosesində iştirakçılıq payından imtina edirsə, demək ki, o, vətəndaşlıq hüququndan imtina etmiş olur. Əksər dünya ölkələrində hər bir vətəndaşın siyasi kimliyi, mövqeyi olur. Azərbaycanda buna nail olmaq üçün qanunda yeni dəyişiklər vacib idi. Hesab edirəm ki, bütün görülmüş bu müsbət addımların ardınca Seçki Məcəlləsində də dəyişikliklər edilməli, eyni zamanda Konstitusiya islahatları aparılmalıdır. Mütləq ki, “siyasi partiyalar haqqında” qanun konstitusion qaydada müdafiə edilməlidir. Siyasi proseslərdə vətəndaşların aktiv iştirakçılığını yalnız qanunla təmin etmək olmayacaq. Yəni, ölkə vətəndaşlarının siyasi proseslərdə aktiv şəkildə iştirakını təmin etmək üçün yeni qanun prosesin yalnızca tərkib hissəsi, təkan verici qüvvəsi ola bilər. Ancaq Konstitusiya islahatları həyata keçirilərsə, referendum olarsa, heç şübhəsiz ki, bu siyasi partiya və vətəndaş cəmiyyətinin seçkilərdə iştirakçılıq payı baxımından prosesə böyük töhfə vermiş olar… Düşünürəm ki, hazırkı mərhələdə “siyasi partiyalar haqqında” qəbul edilmiş qanunun tələbləri ciddi strukturu, sosial bazası olan hər hansısa bir siyasi partiya üçün heç bir problem yaşatmayacaq. Əksinə real və işlək siyasi partiyaların cəmiyyət tərəfindən mandat almasına, “bir sədr, bir papkadan” ibarət olan qeyri-ciddi tiplərin isə tarixin arxivinə getməsi ilə nəticələnəcək. Hansı ki bundan da cəmiyyətimiz böyük fayda görmüş olacaq!” \\Pravda.az