📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Partiya sədri "Tiktok"un qapalı qalmasının SƏBƏBİNİ AÇIQLADI

2023-10-05 11:56:22

Partiya sədri

İlqar Məmmədov: "İndi hakimiyyət ya "Tiktok"un sahibi ilə anlaşmalıdır ki, alqoritmə təsir edə bilsin, ya da başqa platformalara xərclədiyi səylərdən "Tiktok"a da ayırmalıdır"

"Ölkəmizdə sosial şəbəkələrin hamısının rahat işlədiyi bir vaxtda ancaq "Tiktok"un qapalı qalmasının səbəbi var. Bütün digər platformalarda hakimiyyət özünün istədiyi təbliğat dalğalarını asanlıqla yarada bilir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) sədri İlqar Məmmədov bildirib. 

Partiya sədrinin sözlərinə görə, insanların bir çoxu elə bilir ki, fəal müzakirə edilən mövzular öz-özünə əmələ gəlir və ya öz-özünə hansısa istiqamət alır: "Amma elə deyil, hakimiyyətin təsiri artıq həlledicidir. O, buna müxtəlif alətlərin birləşməsi ilə nail olur - həm tapşırıqlı dəstələr, həm "ünlü" təsirçi blogerlər, həm də bu platforma alqoritmlərinə bələd olması, həm də "çox danışanlara" qarşı davamlı və reklam olunan basqı ilə. Bu qarışıq nəzarət sistemi illər ərzində qurulub və hazırda ən yüksək səmərə nöqtəsindədir. "Tiktok" isə bu təsirlərdən hələlik sərbəst sahə olduğundan hakimiyyətin təbliğatı orada daim məğlub durumdadır. İndi hakimiyyət ya "Tiktok"un sahibi ilə anlaşmalıdır ki, alqoritmə təsir edə bilsin, ya da başqa platformalara xərclədiyi səylərdən "Tiktok"a da ayırmalıdır. Əks halda "Tiktok" elə qapalı qalacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az