📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan 44 günlük müharibənin ildönümündə niyə susduğunu açıqladı

2026-10-01 23:11:56

Paşinyan 44 günlük müharibənin ildönümündə niyə susduğunu açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin altıncı ildönümü ilə əlaqədar heç bir açıqlama verməməsinin səbəbini izah edib. O, müharibə barədə beş il ərzində kifayət qədər danışdığını və artıq söyləyəcək yeni sözünün qalmadığını bildirib.

Hurriyyet.net  xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“44 günlük müharibə haqqında artıq beş ildir danışıram və elə bir nüans qalmayıb ki, onun haqqında danışmamış olaq”, – deyə Ermənistanın baş naziri bildirib.

Jurnalistlərin sentyabrın 27-də – müharibənin başlanmasının ildönümündə onun niyə heç bir açıqlama vermədiyi barədə sualına Paşinyan belə cavab verib: “Yeni heç nə demək mümkün deyil”.

Baş nazir xatırladıb ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası Vətən uğrunda həlak olanların xatirəsinin yad edilməsi üçün ayrıca anım gününün müəyyənləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

Paşinyan sentyabrın 27-də Ermənistanın Birinci kanalında müğənni Tatanın konsertinin yayımlanmasına da münasibət bildirib.

O etiraf edib ki, həmin gün əyləncəli proqramın efirə verilməsində “müəyyən uyğunsuzluq” olub. Bununla belə, baş nazir məsələyə başqa tərəfdən yanaşmağı təklif edib.

“Əlbəttə, müəyyən uyğunsuzluq var idi. Amma bunu da anlamaq lazımdır: indiyə qədər konsert yayımlanan bütün günlərdə bizim həlak olanlarımız olmayıb ki?” – deyə Paşinyan sual edib.

O, 44 günlük müharibənin 44 gün davam etdiyini xatırladaraq bu yanaşmanın harada bitməli olduğu barədə ritorik sual verib:

“Bu gün də 44 günlük müharibənin günlərindən biridir və məhz bu gün də bizim həlak olanlarımız olub. Buna necə yanaşmalıyıq? Sonra 9 noyabr gələcək. Mən bunu anlamaq istəyirəm: 8 və ya 10 ildən sonra sentyabrın 27-də Birinci kanalda konsert yayımlamaq mümkün olacaq, yoxsa yox?”