Paşinyan Almaniyaya biznes-jetlə uçdu – Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır
Ermənistanın baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı biznes-jetdən istifadə etdiyi bildirilir.
Erməni mediasının yazdığına görə, Paşinyan Almaniyaya "Flyone" şirkətinə məxsus "Gulfstream G450" təyyarəsi ilə uçub.
Məlumata əsasən, təyyarə hüquqi olaraq "Flyone" Romania şirkətinin adına qeydiyyatdan keçib. Lakin təyyarədən Ermənistanın Flyone Armenia bölməsi istifadə edir. Şirkətin müəyyən hissəsinin isə hakim “Vətəndaş Müqaviləsi” partiyasının sabiq deputatı, biznesmen Xaçatur Sukiasyanın ailəsinə məxsus olduğu bildirilir.
Təyyarənin İrəvanda bazalaşdığı uçuş tarixçəsindən də görünür.
Ermənistanın "Hetq" nəşri aprel ayında yazmışdı ki, həmin təyyarədən Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazirin müavini Mher Qriqoryan da istifadə ediblər.
Qeyd olunur ki, bundan əvvəl Ermənistan baş nazirinin administrasiyası hökumətə məxsus təyyarənin texniki baxışda olduğunu açıqlamışdı.