Paşinyan Azərbaycanla qarşıdurmaya gedərsə, HAKİMİYYƏTDƏ QALMAYACAQ
Məhəmməd Əsədullazadə: "Ermənistan hakimiyyəti üçün iki yol var: ya Azərbaycanla qarşıdurma, ya da sülh, Bakı öz növbəsində hər iki varianta hazırdır"
Elxan Şahinoğlu: "Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya yalvarmağa gedib"
Zaur Məmmədov: "Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması prosesi ya könüllü şəkildə, ya da antiterror əməliyyatının nəticəsində baş tutacaq"
Kənan Novruzov: "Əgər təxribatlar, revanşist bəyanatlar, sərsəmləmələr davam edərsə "Qisas"ın davamı gələ, növbəti anti-terror əməliyyatı başlaya bilər"
Turan Rzayev: "Qisas" əməliyyatı Ermənistanda bərpa edilməyə çalışılan "cəngavər" obrazını yenidən dağıtdı, bununla da Bakı psixoloji üstünlüyün mənimənilməsinə icazə vermədi"
Bugünlərdə Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya səfər edib. Verilən məlumata görə, səfər çərçivəsində Papikyanın rusiyalı həmkarı Sergey Şoyqu və digər yüksək rütbəli rəsmilərlə görüşü planlaşdırılır. Şübhəsiz ki, bu zaman əsas müzakirə mövzusu Qarabağdakı erməni hərbi birləşmələri və Azərbaycanın Ermənistan tərəfinin tərxibatlarına qarşı cavab tədbiri kimi həyata keçirdiyi "Qisas" əməliyyatı olacaq. Çünki artıq rəsmi İrəvana bir daha məlum oldu ki, Bakı atılan hər bir təxribat xarakterli addıma ən sərt şəkildə cavab verəcək və bu zaman Rusiya istəsə belə, Ermənistana yardım etməyəcək.
Odur ki, ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, onlar başa düşməlidirlər ki, gələcəkləri ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir: "Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur".
Bu arada, mövzu ilə bağlı oxu.az-a açıqlama verən rusiyalı hərbi ekspert İqor Korotçenkonun fikrincə, İrəvan münaqişə vəziyyətini beynəlmiləlləşdirməyə meyil edir. Ekspert hesab edir ki, məhz bu səbəbdən də Üçtərəfli Bəyanatda nəzərdə tutulduğu kimi, bütün qeyri-qanuni erməni silahlı birləşmələrinin Qarabağ ərazisindən tamamilə çıxarılması tələbi aktual olaraq qalır və qeyd-şərtsiz yerinə yetirilməlidir: "Nikol Paşinyanın həm ABŞ-ı, həm də Fransanı bura cəlb etmək cəhdləri tamamilə dağıdıcı təsir bağışlayır. Eyni zamanda, ABŞ Senatında bir sıra erməni lobbiçilərinin Azərbaycan əleyhinə bəyanatlar verdiyinin və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığının şahidi oluruq. Buna baxmayaraq, Rusiya və Azərbaycan müttəfiqlik əməkdaşlığı haqqında məlum bəyannaməyə əsaslanaraq, bir sıra istiqamətlərdə birgə fəaliyyət göstərəcəklər. Məsələn, Üçtərəfli Bəyanat, həm də sonrakı müvafiq müqavilələrdə Paşinyanın üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi, siyasi cəhətdən buna məcbur edilməsi bura aiddir".
"İrəvanın "Sürməli" ticarət mərkəzində baş vermiş partlayış və metrostansiyalarına bomba qoyulması barədə zənglərin artması revanşist qüvvələrin hakimiyyətə qarşı təxribatı ola bilər"
Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, İrəvanın "Sürməli" ticarət mərkəzində baş vermiş partlayış və metrostansiyalarına bomba qoyulması barədə zənglərin artması revanşist qüvvələrin hakimiyyətə qarşı təxribatı ola bilər. Politoloq qeyd edib ki, bu kimi təxribatlar revanşist qüvvələrin Nikol Paşinyana mesajı kimi dəyərləndirilməlidir: "Bir müddət bundan əvvəl Ermənistanın radikal "Sasna Tsrer" partiyasının rəhbəri Jirayr Sefilyan xalqın Nikol Paşinyan əleyhinə toparlanmasına çağırış etmişdi. Məhz "Sasna Tsrer" partiyası Azərbaycanla razılaşmaya cəhd edən siyasilərə qarşı silaha əl atır. Qeyd edim ki, Jirayr Sefilyan radikal və terrorçu siyasi baxışlara malikdir. Belə ki, o, 2016-cı ildə Aprel döyüşlərindən sonra tərəfdarı ilə birlikdə Serj Sarkisyan əleyhinə silahlanaraq polis idarəsini tutmuşdu. Eyni analoji addımın Nikol Paşinyana qarşı atılması da istisna deyil". Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin qənaətincə, İrəvanın "Sürməli" ticarət mərkəzində baş vermiş partlayışın miqyasına fikir verdikdə, bunun heç də təhlükəsizlik qaydalarının pozuntusundan baş vermədiyini demək mümkündür: "Düşünürəm ki, bu, Nikol Paşinyana qarşı əhalinin kütləvi etirazını təşkil etmək və bununla siyasi hərəkat formalaşdırmağa xidmət edir. Odur ki, belə bir partlayışların digər strateji obyektlərdə də baş verməsi mümkündür. Bu səbəbdən də əgər Nikol Paşinyan təhlükəsizlik tədbirlərini gücləndirməsə, o zaman hakimiyyətinə qarşı real təzyiqlər ediləcək".
Milli Cəbhə Partiyasının sədr müavini əlavə edib ki, Ermənistan hakimiyyətinin Azərbaycanla əlaqələrini normallaşdırmaq siyasətinə qarşı terror, təxribat halları davamlı olacaq: "Çünki Ermənistanda siyasi partiya və təşkilatlar, ideoloji olaraq uzun illərdir Azərbaycana qarşı düşmənçilik siyasəti aparır və hər hansı bir sülh çağırışları bu qüvvələr tərəfindən qarşısı alınır. Hesab edirəm ki, Nikol Paşinyana qarşı daxili təzyiqlər və bu kimi təxribatların baş verməsi onu Azərbaycanla sülh sazişinin bağlanmasından yayındıra bilər. Bu qüvvələrin də əsas strateji planı bundan ibarətdir. Fikrimcə, Paşinyan daxili sabotajçıları neytrallaşdırarsa, bu, onun hakimiyyətinin güclənməsinə gətirəcək. Yox, əgər daxili etirazlardan çəkinib Azərbaycanla sülhü deyil, qarşıdurmanı seçərsə, onda hakimiyyətdə qalmayacaq. Əslində, Paşinyana müxalif olan revanşistlər də onun Azərbaycanla toqquşmasında maraqlıdırlar. Odur ki, Ermənistan hakimiyyəti üçün gələcək aylarda iki yol var: ya Azərbaycanla qarşıdurma, ya da sülh. Bakı öz növbəsində hər iki varianta hazırdır. Ermənistanın isə ancaq bir çıxış yolu var ki, o da sülhdür".
"Ermənistan rəhbərliyi anlayır ki, bu gedişlə bölgədə mövqelərini itirməkdə davam edəcəklər"
Ermənistanın müdafiə naziri Suren Papikyanın Rusiyaya səfərinə toxunan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə erməni nümayəndə heyətinin Kremlə yalvarmağa getdiyini bildirib: "Görünür, Moskvaya yenə yalvarmağa gediblər ki, Rusiya Azərbaycanı durdursun. Çünki özləri də anlayır ki, bu gedişlə bölgədə mövqelərini itirməkdə davam edəcəklər. İrəvanı narahat edən odur ki, Azərbaycan ordusu Qarabağda rusiyalı hərbçilərin məsuliyyət zonasında hərbi əməliyyatlar keçirir, strateji yüksəkliklərdə möhkəmlənir. Rusiya hərbçiləri "Qisas" əməliyyatında bizə mane olmadılar. Çünki Kremlin Azərbaycanı durdurmaq üçün əsası yoxdur". Politoloq hesab edir ki, Suren Papikyanın Moskvada müzakirə edəcəyi başqa mövzu Rusiya ordusunun Ermənistan-İran sərhədində mövqelərini möhkəmləndirməsidir: "Moskva bunu İranla sərhəddən narkotik maddələrin daşınmasının artmasıyla əlaqələndirsə də, Ermənistanda buna inanan azdır. Ermənilərə elə gəlir ki, Rusiya Zəngəzur koridorunun açılmasını sürətləndirmək istəyir. Bir sözlə, Kremlin siyasətindən şübhələnən və narazı qalan ermənilərin sayı artıb".
"Qarakilsə, Mehri, Gorus və sair kimi rayonlar Azərbaycanım yurisdiksiyasına qayıdacaq"
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov isə qeyd edib ki, Ermənistanın müdafiə nazirinin Rusiya səfəri zamanı müharibə, yoxsa sülh müzakirə ediləcək. Onun sözlərinə görə, görüşdə əsas mövzu Qarabağın dağlıq hissəsindəki erməni hərbi birləşmələri olmalıdır: "Rusiya iyunun 30- na qədər oradan terrorçuların çıxarılacağını bildirmişdi. Avqustun sonu Laçın dəhlizinin bağlanmasından, ayaqlarımız altında olacaq yeni Laçın yolunun istifadəyə verilməsindən sonra həllini tapması olacaq məsələ - Qarabağın dağlıq hissəsinin erməni hərbi birləşmələrindən təmizlənməsi olacaq. Qarabağdan erməni hərbi birləşmələrinin çıxarılması prosesi ya könüllü şəkildə, ya da antiterror əməliyyatının nəticəsində baş tutacaq. Ermənistanın baş naziri və separatçıların lideri yəqin daxili auditoriya üçün yeni "filmin" icraçıları qismində iştirak edəcəklər. Hər bir halda, baş verənlər fonunda Ermənistanda Qərbə meyillik durmadan artacaq".
Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, Ermənistanı gözləyən digər aqibət isə ilkin mərhələdə Zəngəzurla bağlı olacaq, yəni Qarakilsə, Mehri, Gorus və sair kimi rayonlar Azərbaycanım yurisdiksiyasına qayıdacaqlar: "Məlum olduğu kimi, 1920-ci ildə Azərbaycanın razılığı olmadan bölgə Ermənistan SSR-yə verilmişdi. Kommunistlərin qanunazidd əməlləri tərəfimizdən qaldırılmalı, hüquqi sənədlər ortaya çıxarılmalıdır. Beləcə, Azərbaycan Qərbi Zəngəzura sülh şəraitində qayıtmaq istədiyini qeyd edir. Biriləri isə sərhədlər "dəyişilməzdi" deyir. Sərhədlər dəyişməyəcək, sərhədlər tarixi yiyəsinə qayıdacaq!"
"Ermənistan başa düşməlidir ki, üçtərəfli razılaşmalardan irəli gələn öhdəliklər nə qədər tez yerinə yetirilərsə, o cümlədən, həmin sənədə uyğun olaraq erməni terrorçular Qarabağdan nə qədər tez çıxarsa, bu, İrəvana o qədər faydalıdır"
Ölkə başçısı İlham Əliyevin bugünlərdə "Qisas" əməliyyatı barədə danışdığını xatırladan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzovun sözlərinə görə, Ermənistanın hərbi-siyasi hakimiyyəti Azərbaycan prezidentinin mesajını növbəti xəbərdarlıq kimi qəbul etməlidir: "Ermənistan başa düşməlidir ki, üçtərəfli razılaşmalardan irəli gələn öhdəliklər nə qədər tez yerinə yetirilərsə, o cümlədən, həmin sənədə uyğun olaraq erməni terrorçular Qarabağdan nə qədər tez çıxarsa, bu, İrəvana o qədər faydalıdır. "Qisas" əməliyyatının səbəbi ermənilərin törətdiyi təxribat idi. Bu isə o deməkdir ki, Qarabağdakı terrorçular regiondakı sabitlik üçün təhdid mənbəyidir. Deməli, onlar ya üçtərəfli sazişin şərtlərinə uyğun olaraq dinc yolla, ya da növbəti anti-terror əməliyyatı nəticəsində ərazilərimizdən çıxarılmalıdırlar. Ermənilərin vaxtı onların düşündüyü qədər çox deyil. Artıq manevr imkanları da azalır. Üstəgəl, "Qisas" əməliyyatı göstərdi ki, Rusiya, o cümlədən Qərb Azərbaycanın öz ərazisində "təmizləmə" əməliyyatlarına qarşı çıxmır. Yəni, hər iki tərəf ərazi bütövlüyümüzü tanıyır. Bu, İrəvanın şanslarını azaldır. Prezidentin dediyi kimi, İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi. Dünya gücləri gördülər ki, Azərbaycana mane olmaqla, Ermənistanı dəstəkləməklə nəyəsə nail ola bilməzlər: rəsmi Bakı hansı yolla olursa olsun, öz məqsədinə çatacaq".
Qardaş Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edən siyasi ekspert bildirib ki, Ankaranın diplomatik dəstəyi üçüncü güclərin prosesə müdaxilə imkanını minimuma endirir: "Bundan başqa, İrəvan son vaxtlar Qərb və Kreml arasında manevr etməklə hər iki tərəfi qıcıqlandırır. Azərbaycandan fərqli olaraq, Ermənistanın müstəqil xarici siyasət yeritmək imkanı yoxdur. Mütləq kiminsə dəstəyini hiss etməlidir. Beləliklə, Ermənistanın gah Qərb, gah da Rusiya tərəfə yıxılması hər iki böyük gücün narazılığına səbəb olur. Bəlkə də, onlar Ermənistanın "burnunun qanadılmasında" maraqlıdırlar. Növbəti anti-terror əməliyyatı hər an başlaya bilər. Bu, Ermənistanın regional ritorikasından asılıdır. Əgər təxribatlar, revanşist bəyanatlar, sərsəmləmələr davam edərsə "Qisas"ın davamı gələcək. Deyirlər ki, qozbeli qəbir düzəldər. Bu mənada yəqin, təxribatlar təkrarlanacaq. Bu isə Ermənistana baha başa gələcək. Şərtlərimizə uyğun olaraq diplomatik masa arxasına oturmaması bəs deyilmiş kimi, təxribat törətməyin, əsgərimizi şəhid etməyin sonu Azərbaycan bayrağının Xankəndidə və hələlik işğal altında digər torpaqlarımızda dalğalanmasıdır".
"Belə qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq"
"Qisas" antiterror əməliyyatının Ermənistanda bərpa edilməyə çalışılan "cəngavər" obrazını yenidən dağıtdığını deyən siyasi şərhçi Turan Rzayev isə qeyd edib ki, bununla da Bakı psixoloji üstünlüyün mənimənilməsinə icazə vermədi: "Prezident müsahibə zamanı vacib məqamlardan biri olan Qarabağda yaşayan ermənilərin statusu məsələsinə toxunub. Prezident bir daha bəyan etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə də müstəqilliyi. Bir çox hallarda bu məsələyə lazımınca diqqət verilməsə də ermənilərə xüsusi imtiyaz status vermək olduqca riskli bir addımdır. Məsələ ondadır ki, bu gün Azərbaycanda irili-xırdalı bir çox fərqli etnik xalqlar yaşayır. İndiki məqamda rəsmi Bakının ermənilərə xüsusi imtiyaz tanıması bu xalqları narazı sala bilər. Prinsip etibarilə bu gün Azərbaycanda yaşayan ləzgilər, talışlar və digər etnik xalqlar ermənilərdən daha çox bu ölkəyə xidmət edib. Ölkə başçısının bu məsələdə israrlı olması əslində uzaqgörən siyasətin təcəssümüdür. Prezident yaxşı başa düşür ki, bu gün rəsmi Bakıdan ermənilərə xüsusi imtiyazın verilməsi tələb edənlər gələcəkdə ölkə daxilində yeni etnik qarşıdurmaların zəminini hazırlayır. Buna görə də Azərbaycanın unitar bütünlüyünü pozacaq belə bir addım heç bir halda qəbul edilə bilməz". Siyasi şərhçinin qənaətincə, nəticə etibarilə prezidentin son müsahibəsindən belə bir qənatə gəlmək olar ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsinin gecikməsi halında Azərbaycan tarixi Qərbi Zəngəzur torpaqlarına dair təbliğatı artıracaq: "Bundan başqa, Zəngəzur dəhlizi kontekstində Azərbaycan Ermənistana doğru gedən yolların təhlükəsizlik və nəzarət imkanlarını öz əlinə almaq üçün tədbirlərini genişləndirəcək. Hətta bu istiqamətdə rəsmi İrəvanı çəkindirmək üçün hərbi addımların atılması da mümkündür".
Vazeh BƏHRAMOĞLU