"Paşinyan başa düşür ki, Rusiya onu devirmək üçün bütün imkanlarını səfərbər edib" - SAMİR HÜMBƏTOV
"Ermənistan üzərində nüfuzunu artırmaq məqsədi ilə Rusiya, ABŞ və Fransa arasında ciddi pərdəarxası mübarizənin getdiyi görünməkdədir"
"16 noyabr 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş verən proseslər və pozulan atəşkəs 7 hərbiçimizin şəhid edilməsi ilə nətiləndi. Təbii ki, bu, bizim üçün ağır itki hesab edilir. Amma proseslərin ümumi gediş dinamikasına baxdıqda qarşımıza çıxan mənzərə ondan ibarətdir ki, deməli Ermənistan özü belə olmasını istədi. Çünki orada əsas iradə özlərinin deyil, kənar qüvvələrin əlindədir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.
Siyasi eksperti hesab edir ki, proseslərin Ermənistan-Azərbaycan dövlət sərhəddində başverməsi bir neçə versiyanı ortaya qoymağa imkan yaradır: "1. Rusiya prosesin "sülhməramlılar"a aidiyyatı olmadığını göstərməyə çalışır. 2. Rusiya sərhəddə yaranmış təxribatların olma səbəbini rus əsgərinin orada olmaması ilə izah etməyə çalışır. 3. Ermənistan hakimiyyətinin xalqa aid olmadığını və ona görə də hakimiyyətdaxili ziddiyyətlərin çox olduğunu göstərir. 4. Təkcə Rusiya deyil, eyni zamanda Fransa və ABŞ-da regionda qalmağın yolu kimi münaqişənin qalmasını istəyirlər. 5. Ermənistan üzərində nüfuzunu artırmaq məqsədi ilə Rusiya, ABŞ və Fransa arasında ciddi pərdəarxası mübarizənin getdiyi görünməkdədir. Təbii ki, mövcud Ermənistan hökuməti siyasi idarəçilik təcrübəsi az olduğu üçün hadisələrə nəzarəti əlində saxlaya bilmir. Ona görə də hakimiyyət daxilində digər güc mərkəzlərini təmsil edən qüvvələr Ermənistanın Azərbaycanla münasibətlərini normallaşdırmasına icazə vermək istəmirlər. Amma görünən odur ki, Paşinyan artıq ölkədəki vəziyyətin nə dərəcədə təhlükəli həddə çatdığını anlamağa başlayıb. Digər tərəfdən, Paşinyan başa düşür ki, Rusiya onu hakimiyyətdən salmaq üçün bütün imkanlarını səfərbər edib. Ona görə də danışıqlar masasına oturmağın vaxtının çoxdan çatdığını yaxşı anlayır. Dünən isə artıq Azərbaycanla danışıqlara başlayacağı ilə bağlı söylədiyi fikirlər onu deməyə əsas verir ki, yaxın vaxtlarda Ermənistan-Azərbaycan arasında danışıqların başlaması gözləniləndir".
Samir Hümbətovun sözlərinə görə, ehtimal var ki, yaxın vaxtlarda Azərbaycan prezidenti cənab İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi mümkün olsun: "Əgər dövlət başçıları arasında görüş keçrilməsi baş tutarsa, bunun Moskvada deyil, başqa yerdə keçrilməsini və yaxud da bundan sonrakı proseslərə Türkiyənin də qatılmasını və danışıqlar prosesində onun da aktivlik göstərməsini daha məqsədəuyğun olduğunu da düşünmək olar".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az