📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan başı üstündəki "Domokl qılıncı"nı unudur" - KƏNAN NOVRUZOV

2024-03-07 12:07:10

"Onu hakimiyyətdən uzaqlaşdırmaq, hətta onu fiziki şəkildə aradan qaldırmaq Moskva üçün o qədər də çətin deyil"

"Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin təhlükəsizliyini təhdid altına salır. Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu yazıb. Qeyd olunub ki, Nikol Paşinyan zəif siyasətçidir. Hesabatda yazılıb ki, Kremlə bağlı mənbələr də bu barədə tənqidi fikirlərini davam etdirirlər. ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq Nikol Paşinyana baha başa gələ bilər". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bildirib.

Ekspert qeyd edib ki, Ermənistanla Rusiya arasında münasibətlər sürətlə pisləşir: "Rəsmi İrəvan daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dayandırdığını bildirib və bunun hüquqi cəhətdən də baş verəcəyini istisna etməyib. Rəsmi Moskva bu mövqeyinə görə İrəvandan izahat tələb edir. Son vaxtlar İrəvanla Moskva arasında münasibətlər pisləşən templə davam edir. Bunun əsas səbəbi Ermənistanın Rusiyaya qarşı aqressiv ritorikasıdır. Ermənistanın KTMT ilə bağlı səsləndirdiyi fikirlər, həmçinin qurum daxilindəki fəaliyyətini faktiki dayandırması ümumi prosesi bir az da kəskinləşdirir. Əslində Ermənistanın KTMT-dən çıxması ilə Rusiya nə isə itirməyəcək. Amma bu, açıq şəkildə Kremlə meydan oxumaq cəhdidir. Bunun Moskvanın ciddi reaksiyası ilə nəticələnəcəyi mümkündür".

Kənan Novruzovun fikrincə, Rusiya ilə belə zarafat Ermənistanın gücünə, mövqeyinə uyğun deyil: "Çox böyük ehtimalla İrəvan bu barədə direktivləri Qərbdən, o cümlədən Fransadan alır. 2008-ci ildə olanları yada salaq: Qərbin də təhriki ilə Gürcüstanla Rusiya arasında müharibə başlandı. Nəticədə Rusiya Cənubi Abxaziya və Osetiyanı işğal etdi. İndi isə nə Gürcüstanın, nə də ölkənin o zamankı prezidenti Mixail Saakaşvilinin taleyi Qərbi maraqlandırmır. ABŞ və müttəfiqlərinin Şərqi Avropada etdikləri də bu qəbildəndir: Ukrayna vasitəsilə Rusiyaya müharibə elan etdi, sonra da geri çəkildi. Məqsəd aydındır- Rusiyanın ayrı- ayrı regionları təsir gücünü azaltmaq. Rəsmi Moskva ilə birbaşa qarşılaşmaq istəməyən Qərb bunun üçün proksilərdən istifadə edir. Bu gün Qərb Ermənistan vasitəsilə Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. Kreml isə bunu başa düşdüyünə görə mümkün qədər soyuqqanlı davranır. Məsələ burasındadır ki, Ermənistanın qıcıqlandırıcı ritorikası Rusiyanın bu dövlətə müdaxiləsi ilə nəticələnə bilər. Bu zaman Avropa da hərəkətə keçəcək. Bu, indiki halda Moskvaya sərf etmir. Çünki gücü parçalanacaq, bir neçə cəbhədə mübarizə aparmalı olacaq. Amma nəzərə almaq lazımdır ki, ehtimal olunan bu ssenari nəticəsində ən çox ziyan çəkən Ermənistan olacaq. Ölkə ərazisi faktiki olaraq poliqona çevriləcək. Ermənistanın gücü Ukraynanınkından dəfələlərlə azdır. Ona görə bu, versiyanın reallaşması Ermənistana baha başa gələcək".

Ekspertin sözlərinə görə, ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun fevralın 5-də dərc etdiyi hesabatında bildirilib ki, Rusiyadan uzaqlaşmaq cəhdi Paşinyana baha başa gələ bilər: "Bildirilib ki, Nikol Paşinyan Rusiyanı qıcıqlandırmağa çalışır: “Bu da ağır nəticələrə səbəb ola bilər”. Həmçinin, vurğulanıb ki, Kremlə bağlı analitiklər də bu mövqeyinə görə İrəvanı tənqid edirlər. Ehtimal etmək olar ki, Nikol Paşinyan Qərbdən ciddi təhlükəsizlik təminatları, vədlər alıb. Əks halda belə riskli addımlar atmazdı. Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın adekvat reaksiyasının yeganə təzahürü Ermənistan ərazisinə hərbi müdaxilə deyil. Ermənistan ərazisindəki 102-ci hərbi baza özü Paşinyan hakimiyyəti üçün “Domokl qılıncı”dır. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, hətta onu fiziki şəkildə aradan qaldırmaq Moskva üçün o qədər də çətin deyil. Ehtimal etmək olar ki, Ermənistan qıcıqlandırıcı ritorikasını bundan sonra da davam etdirəcək və hətta “doza”nı artıracaq. Moskvanın isə sonsuza qədər səbrli olacağı inandırıcı deyil. Beləliklə, Paşinyan faktiki olaraq “rus ruleti oynayır”. Onun nəinki hakimiyyəti, həm də şəxsi təhlükəsizliyi təhdid altındadır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az