"Paşinyan bir neçə addım ilə Cənubi Qafqazda geosiyasi vəziyyəti silkələyib" - XAQANİ CƏFƏRLİ
"Azərbaycan bu dəyişikliyə hazır olmayacağı halda ciddi problemlərlə üzləşə bilər"
"Paşinyan hökuməti Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulduğunu təsdiq edən sənədi ratifikasiya üçün parlamentə göndərib. Bu addım Putin Ermənistana səfər edəcəyi halda onun həbsi üçün hüquqi əsaslar yaradır". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.
Politoloq bildirib ki, Paşinyan Ermənistanın KTMT-dəki səfirini geri çağırıb və sanki Rusiyaya acıq vermək üçün diplomatik xidmət üçün Haaqaya göndərib: "Ermənistan hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərib və ABŞ-la hərbi təlim keçirəcəyini bəyan edib. Ermənistan rəsmiləri və mediası Rusiya rəsmilərini aşağılamaqdan, bəzən isə çox ağır şəkildə təhqir etməkdən çəkinmirlər. Paşinyan bir neçə addım ilə Cənubi Qafqazda geosiyasi vəziyyəti silkələyib. Əgər Paşinyan hökuməti bu addımları davamlı siyasətə çevirsə, Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişəcək".
Xaqani Cəfərli hesab edir ki, ölkəmiz bu dəyişikliyə hazır olmayacağı halda ciddi problemlərlə üzləşə bilər: "Azərbaycanın başına gələn faciələrin əsas səbəblərindən biri Avrasiyada, xüsusilə də Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliyə hazır olmaması olub. Ona görə də Paşinyan hökumətinin Cənubi Qafqazda geosiyasi vəziyyəti dəyişəcək addımlarını diqqətlə izləmək, bu addımların doğura biləcəyi nəticələri proqnozlaşdırmaq və bütün ehtimallara hazır olmaq lazımdır. Bütün ehtimallara hazır olmağın ilkin şərti demokratikləşmədir. Demokratikləşmə olmadan ehtimal olunan geosiyasi dəyişikliklər ciddi problemlər yarada bilər".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az