📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Ərdoğanla görüşə bilərik”, “Heç vaxt “soyqırım”ın tanınması şərtimiz olmayıb”

2021-12-25 13:56:00

Paşinyan: “Ərdoğanla görüşə bilərik”, “Heç vaxt “soyqırım”ın tanınması şərtimiz olmayıb”

Hurriyyet.az “Yani Akit” nəşrinə istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyindən danışıb.

Paşinyan canlı efirdə keçirilən mətbuat konfransında Türkiyə ilə Ermənistan nümayəndələrinin danışıqlarının müsbət nəticələnəcəyi təqdirdə, bunun mümkün olacağını söyləyib: “Ruben Rubinyanın öz türk həmkarı ilə danışıqları müsbət nəticələnərsə, daha yüksək və ən yüksək səviyyələrdə görüşlər keçirilməsini gözləmək olar. Bizim üçün gündəlikdə duran, tranzit marşrutlarının yaradılması və tikintisi məsələləri mühümdür. Türkiyə ilə münasibətlərdə gündəlikdə duran ən mühüm məsələlərdən biri Ermənistan-Türkiyə sərhədlərinin və dəmir yolunun açılmasıdır. Həmçinin, aviasiya əlaqəsi də buna aiddir. Tezliklə qarşılıqlı reyslərin açılacağına ümid edirik və bunu alqışlayırıq. Bizim gözləntilərimiz  – münasibətlərin normallaşmasıdır. Amma biz başa düşməliyik ki, qarşımızda çox mürəkkəb məsələ durur, burada çox incəliklər var, Ermənistanda da bu məsələyə çox emosional yanaşırlar”.

“Yerevan Today” nəşrinin yazdığına görə, Paşinyan qeyd edib ki, Ermənistan heç vaxt “erməni soyqırımı”nın tanınması ideyasını Ermənistanın qarşısında şərt kimi qoymayıb, Ermənistan hakimiyyəti həmişə münasibətlərin ilkin şərtlər olmadan nizamlanmasının tərəfdarı olub: “Bizim hakimiyyətimiz həmişə 90-cı illərdə formalaşmış nöqteyi-nəzəri təkrarlayıb. Ermənistan Türkiyə ilə münasibətləri ilkin şərtlər olmadan normallaşdırmağa hazırdır. Biz heç vaxt deməmişik və demirik ki, “soyqırım”ı tanıyın, münasibətlərimiz nizamlansın. Yox, belə tələbimiz yoxdur”.

Hürr Tərcüman