Paşinyan generalı tarix müəllimi ilə əvəzlədi
Karapetyan Rusiya tərəfindən “verbovka” edildiyi üçün müdafiə naziri postundan uzaqlaşdırılıb?
…bir az diqqətli və hadisələri düzgün analiz etmək qabiliyyəti olan istənilən şəxs Karapetyanın əslində onu bu mühüm posta təyin edən Nikol Paşinyanı satdığını, əvəzində isə Rusiyanın “verbovka”sına məruz qaldığını görə bilər. Bəli, Karapetyan Rusiyaya o qədər səfər etdi ki, axırda Kremlə satıldı və Şoyqunun əlində oyuncağa çevrildi. Nəticədə isə Paşinyanın regionda və Ermənistanda həyata keçirməyə çalışdığı bütün planlar yavaş-yavaş fiaskoya uğramağa başladı…
Cəmi 3 ay öncə Ermənistanın müdafiə naziri təyin edilən Arşak Karapetyan dünən vəzifəsindən uzaqlaşdırılaraq, yerinə buna qədər Baş nazirin müavini postunu tutan Suren Papikyan təyin olundu.
Maraqlıdır ki, Karapetyan nazir təyin olunarkən, heç kim onun tezliklə istefaya göndəriləcəyini ağlına gətirməzdi. Çünki general-mayor A.Karapetyanın yeni hökumətin və Nikol Paşinyanın qarşısında müəyyən “xidmətləri” olub. Belə ki, o, 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra 2008-ci il hadisələrilə bağlı sabiq prezident Robert Koçaryana qarşı ifadə verib və Koçaryanın həbsində bu ifadələrin əhəmiyyətli rolu olub. Bundan sonra Karapetyan Paşinyanın müşaviri, Baş Qərargah rəisinin müavini, Müdafiə nazirinin müavini kimi postlar tutub və nəhayət, 2021-ci ilin avqustunda nazir vəzifəsinə təyin olunub.
Karapetyanın belə tezliklə vəzifəsindən kənarlaşdırıldığı barədə məlumat yayılan kimi, bunun sərhəddəki durumla bağlı olduğuna dair qənaət yarandı. Sonradan Baş nazir Nikol Paşinyan da bunu təsdiqlədi. Göründüyü kimi, bu qərarda erməni ordusunun son aylarda dəfələrlə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qarşısında aciz, rəzil duruma düşməsi faktı mühüm rol oynayıb. Belə ki, xüsusilə Azərbaycan-Ermənistan sərhədində dəfələrlə erməni hərbçilərinin bizim əsgərlər tərəfindən fiziki və mənəvi baxımdan cəzalandırdığına dair çoxsaylı videolar yayılıb. Son olaraq bir neçə gün əvvəl 60-dək erməni hərbçisi Karapetyanın əmrilə yenicə yerləşdikləri mövqelərdə bizim hərbçilər tərəfindən mühasirəyə alındı və yalnız rus sülhməramlılarının müraciətindən sonra sərbəst buraxıldılar. Ötən gün isə sərhədin Laçın istiqamətində oxşar mənzərə yaşandı və xeyli sayda erməni hərbçisi yerləşdikləri səngərlərdən çıxarılaraq, ərazidən qovuldular. Bütün bunlar Ermənistan tərəfinin sərhəddə törətmək istədiyi təxribat cəhdlərinin qarşısının Ordumuz tərəfindən dərhal alındığını göstərdi və təbii ki, bir yandan da Karapetyanın bacarıqsızlığının sübutu anlamını daşıdı.
Erməni mətbuatının yazdığına görə, artıq bir neçə gündür ki, hakimiyyətdə onun istefaya göndərilməsi məsələsi müzakirə olunurmuş. Bu barədə hətta Paşinyanın arvadının “Aykakan jamanak” qəzeti də öncədən məlumat yaymışdı.
Xatırladaq ki, Karapetyan az əvvəl qanunsuz olaraq, Qarabağın sülhməramlıların olduğu ərazisinə səfər etmişdi. Bu gün onun vəzifədən qovulmasından sonra isə sözügedən səfərin Paşinyanla razılaşdırılıb-razılaşdırılmadığı barədə qəti fikir söyləmək çətinləşir...
Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistan rəhbərliyi 4-cü dəfədir ki, ölkənin müdafiə nazirini dəyişib. Bu fakt ölkənin hansı vəziyyətdə olduğunu tam çılpaqlığı ilə göstərir. Lakin əsas məsələ Ermənistan rəhbərliyinin 4 dəfə müdafiə naziri dəyişməsndə deyil, Arşak Karapetyanın niyə və hansı səbəblərdən əvəzlənməsindədir.
Doğrudur, bu haqda yerli hərbi ekspertlər, siyasi şərhçilər müəyyən fikirlər səsləndirirlər. Lakin hesab edirik ki, məsələyə dar çərçivədən deyil, bir qədər geniş konteksdən yanaşmaq lazımdır. Bunun üçün isə Karapetyanın vəzifədə olduğu müddətdə atdığı addımları qısaca nəzərdən keçirmək yerinə düşər. Məsələn, Karapetyan müdafiə naziri təyin edilər-edilməz “Sərhədi keçmək istəyən Azərbaycan hərbçilərini məhv edin” əmrini verməklə, əslində özünün kimliyini və niyyətini ortaya qoydu. Daha sonra isə Karapetyanın dəfələrlə Rusiyaya səfər etdiyini, həmkarı Şoyqudan “islahat” dərsi aldığını, separatçıbaşı Arutyunyanla görüşdüyünü, Ermənistan ordusunu silahlandırmağa çalışdığını, nəhayət Xankəndiyə səfərə getdiyini və ardınca da onun tabeliyində olan terrorçunun Azərbaycan əsgərinə qumbara atdığını izlədik. Təbii ki, bütün bu qeyri-adekvat davranışların layiqli bir cavabı da oldu. Elə bəlkə də Arşak Karapetyana verilən cavabın təsiridir ki, o vəzifəsini çox tez itirdi.
Ancaq bir az diqqətli və hadisələri düzgün analiz etmək qabiliyyəti olan istənilən şəxs Karapetyanın əslində onu bu mühüm posta təyin edən Nikol Paşinyanı satdığını, əvəzində isə Rusiyanın “verbovka”sına məruz qaldığını görə bilər. Bəli, Karapetyan Rusiyaya o qədər səfər etdi ki, axırda Kremlə satıldı və Şoyqunun əlində oyuncağa çevrildi. Nəticədə isə Paşinyanın regionda və Ermənistanda həyata keçirməyə çalışdığı bütün planlar yavaş-yavaş fiaskoya uğramağa başladı.
Paşinyanın Rusiya meyilli olmadığı, Kremldə sevilmədiyi hər kəsə bəllidir. O da məlumdur ki, Rusiya Qarabağda vəziyyəti gərginləşdirməklə sülhməramlıların orada daha çox qalmasını (dolayısı ilə Qarabağdakı varlığını) təmin etmək istəyir. Digər tərəfdən, Türkiyənin regionda və dünyada artan nüfuzu, Azərbaycanla hərtərəfli ittifaq, Böyük Turan ideyası üzərində siyasi aktivlik, həmçinin Avropa və ABŞ-la vəziyyətin gərginləşməsi, Ukrayna ilə müharibə təhlükəsi Rusiyanı əməlli-başlı dalana dirəyib. Saman çöpündən yapışan Kreml Cənubi Qafqazı itirmək istəmədiyi üçün Qarabağda vəziyyəti məhz “verbovka” etdiyi Karapetyanın əli ilə gərginləşdirməyə çalışırdı və buna qismən nail olurdu. Ancaq, görünür, Paşinyan bu təhlükəni vaxtında hiss etdi. Elə Arşak Karapetyanın vəzifədən kənarlaşdırılmasının ən böyük səbəblərindən biri də məhz bu ola bilər.
Digər tərəfdən Türkiyədən “Bayraktar” uçuş aparatlarını, Qərbin isə dəstəyini alan Ukraynanın artıq Rusiya ilə müharibəyə girmək və öz suverenliyini tam təmin etmək niyyəti ortadadır. Qələbə və məğlubiyyətin heç bir fərqi olmadan deyə bilərik ki, belə bir müharibə Rusiya üçün arzuolunmazdır və onun bütün potensialını tükədə bilər. Nəticədə Cənubi Qafqaza ayırmağa vaxt tapmayan Kremlin regiondakı planlarının ciddi fiaskoya uğraması, Azərbaycan və Türkiyənin isə bütün tələblərinin reallaşması mümkündür. Bu isə sadəcə an məsələsidir.
Paşinyanın “hazırda vəziyyət məni müdafiə nazirinin dəyişdirilməsi ilə bağlı qərara vadar etdi” ifadəsinin altında da məhz bu məsələləri dərindən analiz etməsi dayanır.
Yeni müdafiə naziri Suren Papikyana gəlincə isə, o tarixçidir və hərbi ilə heç bir bağlılığı yoxdur. Bu isə erməni əsgərlərə vurulan sillədir. Paşinyana hərbini bilən və Rusiyaya satılan şəxs yox, ona sadiq qalacaq və əmrlərini yerinə yetirəcək menecerlər lazımdır. Bütün məsələləri dərindən analiz etdikdə, Qarabağdakı vəziyyətin tezliklə tam olaraq Azərbaycanın leyhinə dəyişəcəyini, kommunikasiya və digər məsələlərin reallaşacağını demək mümkündür.
Hazırladı: KƏNAN