📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan hakimiyyətdə qalsa, Azərbaycanla SÜLH MÜQAVİLƏSİ BAĞLAYACAQ

2023-10-03 11:03:58

Paşinyan hakimiyyətdə qalsa, Azərbaycanla SÜLH MÜQAVİLƏSİ BAĞLAYACAQ

Elxan Şahinoğlu: "Zəngəzur dəhlizinin açılmasından narahat olan İranı, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi çaşbaş salıb"

Məhəmməd Əsədullazadə: "Ermənistan Zəngəzur dəhlizini öz yurisdiksiyası əsasında danışıqlar yolu ilə açacaq"

Fuad Çıraqov: "Azərbaycan Qarabağın erməni əhalisinin qalması və ya getməsi üçün məcburiyyət və zorakılıq tətbiq etmir"

İlqar Altay: "Bizə lazımdır ki, 30 ildir bölgəni qan çanağına çevirmiş Rusiyanın buralarda izi-tozu qalmasın"

Nurlan Qələndərli: "Qarabağ ərazisində işğal məhsulu olan qanunsuz rejim özünü buraxsa da, hələ də içimizdə təcavüzkarın dili ilə danışan, sifarişçinin əli ilə hərəkət edənlər var"

Bugünlərdə, daha dəqiq desək, oktyabrın 5-də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında İspaniyanın Qranada şəhərində görüş baş tutacaq. Siyasi ekspertlərin bir çoxu hesab edir ki, Qarabağın tam şəkildə Azərbaycanın nəzarətinə keçməsindən sonra Nikol Paşinyanın sülh prosesində real nəticəyə doğru addım atmaması üçün elə də ciddi əngəl qalmır. Odur ki, Qranada görüşündən ciddi nəticə gözləməyə dəyər. Lakin bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, sözügedən görüş zamanı Zəngəzur dəhlizi ilə bağlı məsələ açıq qala bilər.

Qardaş Türkiyənin nəqliyyat və kommunikasiya naziri Əbdülqədir Uraloğlu isə hesab edir ki, hazırda ən doğru qərar Zəngəzur dəhlizinin açılmasıdır. Bu barədə axar.az-da yer alan informasiyaya görə, Uraloğlu ölkə mətbuatına açıqlamasında Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistan tərəfi ilə müzakirələrin davam etdiyini vurğulayıb: "Amma əgər Ermənistan buna razı olmasa, biz İrandan keçən alternativ yolu açacağıq. İranla bu məsələ barədə təmaslarımız davam edir. Xatırladım ki, Türkiyə prezidentinin Naxçıvana səfəri zamanı bu məsələ də müzakirə olunmuşdu". İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani isə Zəngəzur dəhlizi ilə bağlı açıqlama verərkən, Tehranın regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiya kanallarının inkişafının tərəfdarı olduğunu qeyd edib: "Amma eyni zamanda, vurğulayırıq ki, beynəlxalq sərhədlərin və geosiyasi dəyişikliklərin əleyhinəyik. Bununla bağlı mövqeyimizi açıq şəkildə bildirmişik. Əminik ki, bu məsələ dialoq yolu ilə həll edilməlidir".

"Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olsa, müxalifləri ona mane ola bilməyəcək"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, rəsmi Tehran yalnız Zəngəzur dəhlizinin açılmasından narahat deyilmiş, Qarabağın tamamının Azərbaycanın nəzarətinə keçməsi də İrandakı dairələri çaşbaş salıb: "Tehran Azərbaycanın ildırım sürətilə Qarabağın tamamını nəzarətə götürməsini gözləmirdi. Təsadüfi deyil ki, İran rəsmiləri Azərbaycanın 24 saat çəkən uğurlu anti-terror əməliyyatından dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağırdılar. Qriqoryan oktyabrın ilk günü Tehrana getdi. Ümumiyyətlə, Tehran Armen Qriqoryanı az qala hər ay Tehrana çağırır".

"Tehran nədən bu qədər narahatdır" sualını cavablandıran politoloq bildirib ki, İranın ilk narahatlığı həmişəki kimi Zəngəzur dəhlizi ilə bağlıdır. Onun sözlərinə görə, Tehran hesab edir ki, Azərbaycan uğurlu anti-terror əməliyyatından sonra diqqəti Zəngəzur dəhlizinin açılmasına yönəldəcək və Türkiyə bu məsələdə Bakıya dəstəyini artıracaq: "Tehran qorxur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə Ankaranın təzyiqləri qarşısında tab gətirməyərək Zəngəzur dəhlizini açacaq. Ona görə də Tehran Qriqoryan vasitəsilə Paşinyana mesaj göndərir ki, "möhkəm ol, mövqeyindən çəkinmə!". Tehranın digər narahatlığı İranda yaşayan azərbaycanlılarla bağlıdır. Azərbaycanın uğurlu anti-terror əməliyyatı ilə Qarabağın tamamını nəzarətə götürməsi İranda yaşayan azərbaycanlıların böyük qismində ruh yüksəkliyi yaradıb. Bunu Güney Azərbaycandan gələn məlumatlar da təsdiqləyir. Tehran bu ruh yüksəkliyindən narahatdır.  Tehranın yeganə alternativi Azərbaycanla münasibətləri normallaşdırması, o cümlədən Azərbaycana qarşı təxribatçı açıqlamalara son verməkdir. Ancaq Tehranda bunu bacarmırlar, "adətlərindən" əl çəkmirlər, "qırmızı cizgilər" siyahısına Qarabağ separatçılarını da daxil ediblər".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, Rusiyanın müxalif media və internet resursları Azərbaycanın Qarabağda anti-terror əməliyyatından danışarkən erməni təəssübkeşliklərini gizlədə bilmirlər: "Bu resurslar Rusiya prezidenti Vladimir Putinə qarşı iki iddia irəli sürürlər. Birincisi, "Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Azərbaycan ordusunun hücumunu dayandırmalı idi". İkincisi, "Rusiya hakimiyyəti 2008-ci ildə Cənubi Osetiyada sülhməramlı kontingentə açılan atəşə görə Gürcüstana qarşı müharibəyə başladı, ancaq Kreml Qarabağda 6 rus hərbçisini öldürən Azərbaycana heç nə demədi". Bu iki iddianı irəli sürən resurslar iki arqumenti nəzərə almaq istəmirlər. Birincisi, Ermənistanın baş naziri Nikol Paşinyanın xarici və təhlükəsizlik siyasəti Kremli narahat edirdi, buna görə də Vladimir Putin az saylı Rusiya hərbi kontingenti vasitəsilə Azərbaycanı durdurmaq fikrində deyildi, üstəgəl Moskva Ukraynaya qarşı işğalçı müharibə fonunda Bakı ilə münasibətləri korlamaq istəmirdi. İkincisi, prezident İlham Əliyev döyüş ortasında qəfil peyda olan və təsadüfi atəş nəticəsində öldürülən rus hərbçilərinə görə telefon danışığında Putindən üzr istədi və ölən hərbçilərin ailələrinə təzminat ödəməyə hazır olduğunu vurğuladı. Məsələ bununla da qapandı. Kremlin Rusiya hərbi kontigentinin Qarabağdan çıxmasına razılaşacağı gün də uzaqda deyil".

Sülh prosesinə gəlincə, politoloq qeyd edib ki, əgər Nikol Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazır olsa, o zaman müxalifləri ona mane ola bilməyəcək: "Önəmli olan Ermənistanın baş nazirinin sülh sazişinin vacibliyi ilə bağlı daxili qərar verməsidir".

"Mövcud vəziyyət sülh və təhlükəsizliyin təmini, xüsusilə də Ermənistanla sülh müqaviləsinin bağlanmasını özündə ehtiva edir"

Azərbaycanın Qarabağı tam şəkildə nəzarətə alması və suverenliyini bərpa etməsinin ermənilərin buradan könüllü köçünə şərait yaratdığını deyən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadənin qənaətincə, mövcud vəziyyət sülh və təhlükəsizliyin təmini, xüsusilə də Ermənistanla sülh müqaviləsinin bağlanmasını özündə ehtiva edir: "Əgər Nikol Paşinyan hakimiyyətini qoruyub saxlayacaqsa, onda Azərbaycanla sülh müqaviləsinin bağlanmasına gedəcək. Təbii ki, Ermənistan daxilində siyasi vəziyyət gərgindir, amma bu, hakimiyyəti dəyişəcək gücdə deyil. Qeyd edim ki, Fransanın Ermənistanda müdafiə missiyası yaratması Qarabağda yaşayan ermənilərlə bağlı olsa da, əsasən Paşinyanın müdafiəsi və mühafizəsi üçündür. Artıq Nikol Paşinyan Qarabağla bağlı məsələni bağlayıb. Sadəcə, o, Azərbaycanla sülh müqaviləsində güzəştlər qoparmaq üçün müəyyən siyasi spekulyasiya edir. Lakin ümumi götürdükdə Ermənistanla Azərbaycan arasında Qarabağ məsələsi bitib".

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, artıq Ermənistanla Azərbaycan arasında müharibə gözlənilmir: "Odur ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli hərbi variantda nəzərdə tutulmur. Düşünürəm ki, Ermənistan Zəngəzur dəhlizini öz yurisdiksiyası əsasında danışıqlar yolu ilə açacaq".

Politoloq onu da əlavə edib ki, Arayik Arutunyan, Arkadi Qukasyan, Bako Saakyan, Vitali Balasanyan və digər separatçılar mütləq həbs olunmalıdır: "Arayik Arutunyan Gəncə və Bərdəyə qarşı raket hücumu nəticəsində kütləvi insan tələfatına görə cavab verməldir. Vitali Balasanyanla bağlı hazırda sosial mediada əsir düşmüş və sonradan taleyi bilinməyənlərlə bağlı filmin efirə verilməsi də təsadüfi deyil. Odur ki, Arayik Arutunyan, Arkadi Qukasyan, Bako Saakyan, Vitali Balasanyan və digər separatçılar həbs olunmalı, son günlərini Qobustan həbsxanasında başa vurmalıdırlar. Bundan başqa, əgər şərti sərhəddə Ermənistan tərəfindən bizə qarşı atəş açılacaqsa, dərhal həmin post Azərbaycanın nəzarətinə götürülməlidir. Yalnız bu yolla Ermənistan davamlı atəşkəsə əməl edəcək".

"Ermənistan və dostları Azərbaycanı Qarabağda etnik təmizləmədə ittiham edirlər, halbuki etnik təmizləmə beynəlxalq hüquqa əsasən müstəqil və ya ayrıca cinayət kimi tanınmayıb, kodlaşdırılmayıb"

Hazırda Ermənistan və onun dostlarının Azərbaycanı Qarabağda etnik təmizləmədə ittiham etdiklərini vurğulayan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor müavini, politoloq Fuad Çıraqov isə bildirib ki, etnik təmizləmə beynəlxalq hüquqa əsasən müstəqil və ya ayrıca cinayət kimi tanınmayıb, kodlaşdırılmayıb: "Bu, mübahisəli və amorf anlayışdır. Etnik təmizləmə ilə müəyyən bir ərazinin homogen etnik tərkibinin yaradılması cəhdi kimi tövsif edilməsinə çalışılır. Burada ən əsas müəyyənləşdirici göstərici kimi zorakılıq elementi qabardılır. Azərbaycan isə Qarabağın erməni əhalisinin qalması və ya getməsi üçün məcburiyyət və zorakılıq tətbiq etmir. Bundan fərqli olaraq məsələn, genosid və ya soyqırım isə beynəlxalq hüquqda 1948-ci il Soyqırım Cinayətin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasının qəbul edilməsi ilə ayrıca cinayət kimi qəbul edilib və ya konkret kodlaşdırılıb".

"Fikrimcə, əsas iki məsələyə görə BMT missiyasının Qarabağ bölgəsinə səfəri müsbət haldır"

BMT-nin Qarabağa gəlişinin Rusiyanı rahatsız edəcəyini deyən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas İlqar Altay qeyd edib ki, səfər əsasən bölgədəki humanitar durumu və bu səpkidə təhlükəsizlik məsələlərini müşahidə, ehtiyac-yardımlar müəyyənliyi mahiyyətindədir: "Və bu missiya həqiqətdə Azərbaycanın dəvəti ilə təşkil olunmuş, Qarabağ bölgəsində həyata keçirdiyi humanitar fəaliyyəti ilə BMT-nin bəzi qurumlarının yerlərdə tanışlığı üçündür. Eynilə də həm, qanunsuz "Artsaxın" hərbi rejim olaraq silah, texnikası və qurğularını göstərmək üçündür. Fikrimcə, əsas iki məsələyə görə BMT missiyasının Qarabağ bölgəsinə səfəri müsbət haldır. Birincisi, antiterror əməliyyatlarından sonra bir sıra beynəlxalq təşkilatlar, həm də Ermənistan və Fransa Azərbaycanı Qarabağ bölgəsində etnik təmizləmədə ittiham edir. Lakin BMT həqiqəti görüb, yerində müşahidə edib, bu iddianı təkzib edə bilər. İkincisi, bu, BMT-nin ən nüfuzlu beynəlxalq təşkilat kimi Qarabağ bölgəsinə 44 gün savaş dövründən bəri ilk gəlişi, missiyasıdır. Bununla onun digər yönlü missiyalarına və eynilə, digər beynəlxalq təşkilatların da bölgəyə gəlişinə yol açılır. Hansılar ki, Qarabağı Azərbaycanınkı bilir". İlqar Altay hesab edir ki, bundan sonra qardaş Türkiyənin, İsrailin və Qərb dövlətlərinin böyük şirkətlərinin bölgədə əməkdaşlığı Rusiyanı bölgədən vurub çıxara, Cənubi Qafqazı Kremlin təsirindən azad edə bilər: "Əslində, bizə də bu lazımdır ki, 30 ildir bölgəni qan çanağına çevirmiş Rusiyanın buralarda izi-tozu qalmasın".

"Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutunyandan artıq separatçılıq etməkdə məqsəd nədir?!"

Politoloq Nurlan Qələndərli isə bildirib ki, Qarabağ ərazisində işğal məhsulu olan qanunsuz rejim özünü buraxsa da, hələ də içimizdə təcavüzkarın dili ilə danışan, sifarişçinin əli ilə hərəkət edənlər var: "Azərbaycan 24 saat belə, çəkməyən lokal xarakterli antiterror tədbirləri ilə öz ərazisində konstitusiya quruluşunu, suverenliyini bərpa etdi və hazırda terrorçular tərksilah edilərək ədalət mühakiməsinə cəlb olunurlar. Paralel olaraq Qarabağ ərazisində işğal məhsulu olan qanunsuz rejim özünü buraxsa da, təəssüflər olsun ki, hələ də təcavüzkarın dili ilə danışan, sifarişçinin əli ilə hərəkət edənlər də var. Üstəlik, içimizdə, yan-yörəmizdə… Əvvəl uydurma "status" iddiası, sonra isə şizofrenik "miatsum" xülyası cəhənnəmə vasil olsa da, Tofiq Yaqublu, Qənimət Zahid, Fuad Qəhrəmanlı kimilər sosial şəbəkələrdə mütəmadi olaraq "Dağlıq Qarabağ" absurd söz birləşməsindən istifadə edirlər. Sual olunur: əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağın adına yamaq-calaq edilmiş "dağlıq" sözündən nə üçün, hansı məqsədlə istifadə olunur? Onlar kimə istinad edir, hansı nümunəni əsas götürürlər? Artıq beynəlxalq ictimaiyyət də "Dağlıq Qarabağ" demir. İstər bu zamana qədər yayılmış üçtərəfli bəyanatlarda, istərsə də Avropa İttifaqı Şurası prezidentinin mətbuata açıqlamalarında "Dağlıq Qarabağ" ifadəsinin yer almaması bu reallığın ifadəsidir. Bir sözlə, "Dağlıq Qarabağ" anlayışı, bu adda inzibati-coğrafi vahid yoxdur. Qarabağ var və bizim daxili işimizdir!"

Politoloq əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 59-cu Münhen Təhlükəsizlik Konfransında köhnə konspektdən istifadə edərək "Dağlıq Qarabağ" demişdi, amma səsinə səs, sözünə dəstək verən olmadı: "Cavabını isə döyüş meydanında bütün təxribatların layiqli cavabını verən Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı verdi: "Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, "naqorno" dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Ona görə də mən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etsinlər. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var". İndi Paşinyandan artıq ermənilik, Koçaryandan artıq revanşistlik, Arutunyandan artıq separatçılıq etməkdə məqsəd nədir?!"

Vazeh BƏHRAMOĞLU