📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan işə KTMT-nin qarışmasını istəyir" - POLİTOLOQ

2022-09-13 11:47:00

"Ermənistan həmişə olduğu kimi Azərbaycana qarşı dezinformasiya müharibəsini genişləndirməyə çalışacaq, Rusiya və Qərbdəki tərəfdaşlarından dəstək umacaq"

"Ermənistanın baş naziri Nikol Paşinyan yenə Moskva, Paris və Vaşinqtonu ayağa qaldırmağa çalışır, zənglər edir və Azərbaycan əleyhinə ittihamlar səsləndirir, işə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarışmasını da istəyir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, Nikol Paşinyanın məqsədi bu dövlətlərin və KTMT-nin Azərbaycana təzyiq etməsi və durdurmasıdır: "Bu dövlətlərin hər birində ermənipərəst mövqeydə dayanan mərkəzlər olsa da, rəsmi səviyyədə Azərbaycanı qarşılarına almayacaqlar, hər birinin Cənubi Qafqazın əsas dövləti ilə əməkdaşlığı davam etdirməyə ehtiyacı var. KTMT-yə gəldikdə, bu təşkilat ümumi narahatlığını ifadə edəcək".

Elxan Şahinoğlu əlavə edib ki, Ermənistan xaricində KTMT üzvlərinin tamamı Azərbaycanla tərəfdaşlıq münasibətlərinə malikdirlər: "Buna baxmayaraq, Ermənistan həmişə olduğu kimi Azərbaycana qarşı dezinformasiya müharibəsini genişləndirməyə çalışacaq, Rusiya və Qərbdəki tərəfdaşlarından dəstək umacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az