📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan Münhendə Azərbaycan əleyhinə təbliğatını davam etdirmək istəyir" - ELXAN ŞAHİNOĞLU

2023-02-16 11:22:00

"İlham Əliyevlə Nikol Paşinyan arasında debat olsa yenə gərgin keçəcək, çünki Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Qarabağla bağlı məntiqsiz fikirlər irəli sürürlər"

"Münhendə 17-19 fevral tarixlərində ənənəvi Təhlükəsizlik Konfransı keçiriləcək. Bir çox liderin, yüksək rütbəli diplomatın və ekspertin qatıldığı tədbirdə Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirakı təsdiqlənib. Görünür, Nikol Paşinyan bu tribunadan istifadə edib Azərbaycan əleyhinə təbliğatını davam etdirmək istəyir". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq hesab edir ki, Azərbaycanın da tədbirdə yüksək səviyyədə təmsil olunacağı ehtimalı yüksəkdir: "Münhendə konfransla yanaşı, müxtəlif mövzularla bağlı debatlar da keçirilir. Belə debatlardan biri Qarabağ mövzusuyla bağlı olmuşdu. İlham Əliyev və Nikol Paşinyan 2020-ci ilin fevralın 15-də debatda iştirak etdilər. Bu, müharibə vəziyyətində olan iki ölkə liderinin mətbuata və ictimaiyyətə açıq şəkildə keçirilən ilk debatıydı. Həmin debatda Paşinyan faktiki Qarabağın Ermənistanın işğalı altında olduğunu etiraf etmişdi. Açıq şəkildə keçirilən debatdan bir daha aydın oldu ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan torpaqlarının işğalından imtina etmək istəmir. Paşinyanın "Qarabağ Ermənistandır" şüarı danışıqları və Minsk Qrupunun fəaliyyətini mənasız etmişdi. Həmin debatdan 6 ay sonra İkinci Qarabağ müharibəsi baş verdi".

"Prezident İlham Əliyevin konfransda iştirakı təsdiqlənərsə, Nikol Paşinyanla Münhendə yenə debat keçirilə bilərmi" sualını cavablandıran "Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin sözlərinə görə, bəlkə də konfransın təşkilatçıları belə bir debatda maraqlıdırlar: "Belə bir debat olsa yenə gərgin keçəcək. Çünki Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir, Qarabağla bağlı məntiqsiz fikirlər irəli sürürlər".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az