📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan növbəti dəfə öz xalqını və beynəlxalq təşkilatları çaşdırmağa cəhd edib" - TURAL İSMAYILOV

2021-11-24 10:59:00

"Ermənistanın məğlubiyyətdən necə çıxacağı və iqtisadi-siyasi gələcəyi ilə bağlı hansısa proqramının olmadığı bir daha aydın oldu"

"Ermənistanın kapitulyant baş naziri Nikol Paşinyan 26 noyabrda Soçidə, 15 dekabrda isə Brüsseldə İlham Əliyevlə görüşündən əvvəl növbəti dəfə sayıqlayıb. Mətbuat konfransı adı altında sərsəm açıqlamalar verən Paşinyan növbəti dəfə öz xalqını və beynəlxalq təşkilatları çaşdırmağa cəhd edib". Hurriyyet.az-ın məlumatına görə, bunu politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, Paşinyan Zəngəzur dəhlizi və Şərqi Zəngəzur ifadələrini mahiyyətdən çıxararaq, bu ifadələrin istifadəsini "Ermənistan ərazilərinə təcavüz kimi" təqdim etməyə çalışıb: "Halbuki, Azərbaycan öz tarixi torpağı olan Zəngəzurun tarixən kimə, beynəlxalq hüquqda isə hazırda kimin ərazisi olduğunu yaxşı bilir və bundan ziyadə Azərbaycan tərəfdən heç bir fikir söylənilməyib. Daha sonra o, xalqın gözündə xal qazanmaq üçün bildirib ki, Naxçıvana yolun hardan keçəcəyinə Ermənistan qərar verə bilər. 10 noyabr bəyanatının müddəalarından biri Zəngəzur dəhlizini ehtiva edir. Bunu heç bir formada Ermənistan başqa bir formada şərh edə bilməz".

Tural İsmayılovun sözlərinə görə, Paşinyan Azərbaycan və Ermənistan arasındakı birbaşa əlaqənin vacibliyindən danışaraq dolayı yolla sərhəd təxribatlarını törətdiklərini etiraf edir və Rusiyaya güvənmədiyini bir daha ortaya qoyur: "Ən önəmlisi isə illərdir təcrid vəziyyətində olduqlarını söyləyərək Ermənistanın işğalçı və regional aqressiyaya malik ölkə olmağını etiraf edib. Ermənistanın məğlubiyyətdən necə çıxacağ və iqtisadi-siyasi gələcəyi ilə bağlı hansısa proqramının olmadığı mətbuat konfransında bir daha aydın oldu".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az