📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan növbəti səhvinə görə cavab verməli olacaq" - ZAUR MƏMMƏDOV

2021-11-11 11:23:00

"Sərhədlərin tanınmaması hazırda Ermənistanda olan tarixi torpaqlarımız, ilk növbədə Qərbi Zəngəzurun gələcəyini ona ögey olan Ermənistandan uzaqlaşdıracaq"

"Vahe Qasparyan anti-Rusiya mitinqinə göstərişi birbaşa Nikol Paşinyandan alıb". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.  

Onun sözlərinə görə, Nikol Paşinyan Co Baydenin demokratiya sammitinə Azərbaycanı, Türkiyəni deyil, Ermənistanın dəvət edilməsini özü üçün şans sanır: "Hazırda Ermənistanda tuğyan edən anti-Putin əhvalından istifadə edərək, baş tutmalı olan yeni sənədlərlə bağlı görüşü təxirə saldı. Məlum məsələdir ki, Paşinyan yaxşı bilir ki, hazırkı vəziyyətdə Moskva Ermənistana nəqliyyat layihələri və ələlxüsus sərhədlərin tanınması ilə bağlı məsələlərdə heç bir təzyiq etməyəcək. Bu günlərdə Ermənistanda hakim partiyadan başqa bütün siyasi qüvvələr imzalanmalı olacaq yeni sənədləri tanımayacaqlarını açıqladılar. Məqsəd bəllidir. Kremlə təzyiq".

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, baş verənlər erməni siyasətçilərinin nə qədər naşı olduqlarının göstəricisidir: "Kommunikasiyaların açılmaması bəzi xarici qüvvələrin əsas məqsədlərindən biridir, amma uduzan tərəf yerli ermənilər olacaq. Sərhədlərin tanınmaması isə hazırda Ermənistanda olan tarixi torpaqlarımız, ilk növbədə Qərbi Zəngəzurun gələcəyini ona ögey olan Ermənistandan uzaqlaşdıracaq. Hər halda, hazırda baş verənlər Azərbaycan tərəfindən bir müddət əvvəl nəzərə alınmışdı və vaxtı gələndə Paşinyan növbəti səhvinə görə cavab verməli olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az