📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Putin üçün "yad özününkü"dür. Bəs “özününkü” gələcəkmi?

2021-09-02 17:11:00

Paşinyan Putin üçün

Bu, mənim yaddaşımda erməni sənətşünasının Yerevanın siyasi üfüqlərinə ikinci  başgicəlləndirici yüksəlişidir. Əgər Şuşanın qəsbkarı, bədən tərbiyəsi müəllimi Vazgen Sarkisyanın ağlasığmaz qələbələrini nəzərə almasaq- onları da hansısa yaradıcılıq inikası və bədii obraz kimi qavramaq olar.  O ki qaldı dekorativ-tətbiqi anlamda təmiz incəsənətə, Paşinyanın mənəvi müəllimi Levon Ter-Petrosyanın hakimiyyətinin formalaşdığı dövrdə prezidentin mətbuat katibi olmuş musiqi sənətinin nümayəndəsi Ara  Abramyanın karyerası da Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Ararat Mirzoyanın ziqzaqşəkilli, ancaq heyranedici karyerası ilə müqayisə oluna bilməz.

Ermənistanın müharibədəki məğlubiyyətindən sonra Ararat Mirzoyan sübut etdi ki, bir nəfər də döyüş meydanında döyüşçü ola bilər. Ararat etirazçı kütlənin qarşısında sinə gərdi və az qala onu öldürmüşdülər...

Postsovet miqyaslarına görə ortabab “Reqnum” saytının “Qarabağ klanı”ndan məyus olan analitiki bir neçə il əvvəl Ermənistanın yeni qərbyönümlü xəyallarına - Nikol Paşinyanın başında dayandığı “Yelk”ə perpur parıltılı heyranlıq nümayiş etdirməyə başlayır.  Paşinyan Ermənistan parlamentində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq təşəbbüsündən başlayaraq Avrasiya İttifaqının həyati qabilliyinə skeptik münasibətə qədər Rusiya əleyhinə əhval-ruhiyyənin əsas ifadəçisinə çevrilir.  Hansı ki, Avrasiya İttifaqı ilə bağlı situasiyanın nəticələri Ermənistan üçün faciəvi olan aprel müharibəsindən dərhal sonra Rusiyanın Yerevandakı səfirliyi qarşısında səs-küylü antirus etiraz aksiyaları ilə müşaiyət olundu. 

Paradoksal da olsa, məhz Qarabağ klanı Rusiya əleyhinə müqaviməti alovlandırır.  Bununla da inctimai narazılığı daxili siyasətdəki problemlərdən və ordudakı korrupsiyadan Türkiyə və Azərbaycanla yaxınlaşmaq siyasətinə başlayan Rusiya ilə kolliziyalara yönəltməyə çalışır. Necə deyərlər, belə rəy formalaşdırılırdı ki, erməni ordusu Azərbaycan silahının gücü qarşısında Yerevana köməyə gəlməyən Kremlin ucbatından geri çəkilib.

“Qarabağ klanı”na bu siyasi texnologiyanı reallaşdırmaq üçün əvəzsiz xidməti Nikol Paşinyan göstərir …  Həmin vaxt artıq MKİ-nin Beynəlxalq seçki sistemləri fondunda (IFES), Sorosun müxtəlif proqramlarında, nəhayət Niderland çoxpartiyalı demokratiya institutunda təcrübə keçmiş Ararat Mirzoyanla birlikdə.  Artıq Mirzoyan dissident şöhrəti qazanmağa vaxt tapmışdı. Araratı rektor köməkçisini tənqid etdiyinə görə Yerevan Dövlət Universitetindən qovmuşdular!  Onun qovulmasının yeganə motivi də Sarqsyanın quldur yuvasındakı avtokratik qaydaların parlaq nümunəsidir.  Prezidentliyə namizədlərə güllə atılan ölkədə hansı demokratiyadan və çoxpartiyalılıqdan söhbət etmək olar. 2013-cü ildə prezidentliyə namizəd Paruyr Ayrikyanı çiynindən yaralayırlar …  Hələ Raffi Ovannisyanla necə hesablaşdılar?  Və bu cür despotiyada Paşinyanla Mirzoyan parlamentə seçilirlər, sonra Paşinyan Yerevan meri vəzifəsinə namizəd olur , hətta Ararat Mirzoyanın köməyi ilə Yerevanın mərkəzində Rusiyanın və Putinin əleyhinə etiraz aksiyaları təşkil edir …

Ararat Mirzoyan bu cür plakatlarla Paşinyanın tərəfdarlarını antirusiya aksiyalarına çıxarırdı...

Əlbəttə, Qarabağ klanı ilə qərbyönümlü “Yelk” maskaları bölüşdürərək oyun oynayırdılar, ancaq çox vaxt siyasətdə, xüsusən də böyük səhnədə olduğu kimi, hansısa anda teatr prosesi ssenaridən kənara çıxdı,  ən fəal oyunçular üzərində nəzarət isə itirildi.. . Sonra isə Paşinyanın təkrarlamağı sevdiyi kimi, inqilabı televizorda göstərdilər. Xarici siyasətdə dualizm Sarqsyanın taleyüklü səhvi oldu. Sarqsyan  bir ayağı ilə Rusiyada qalıb digər ayağını Qərbə atan Yanukoviçin faciəsini təkrarladı.  Nəticə acınacaqlı oldu: siyasi şpaqat!..

 Ancaq Sarqsyandan fərqli olaraq, Paşinyan ciddi diplomatik uğursuzluqlara yol vermədi və Ermənistanın xarici siyasət doktrinasında qərbpərəst istiqaməti müəyyənləşdirdi. Üzvi olaraq Qərbə və onun daha mürtəce qanadına - Sorosa bağlı olan Paşinyan və komandası öz siyasətini amerikapərəst kurs ruhunda inkişaf etdirməkdədir.  Hətta Ermənistan üçün fəlakətli fəsadlar törədən ikinci Qarabağ müharibəsi belə Paşinyanı seçdiyi xarici siyasət kursundan döndərmədi, bu barədə o, son parlament seçkiləri zamanı özünün seçki kampaniyasında da açıq-aşkar bəyan etdi.  Məğlub xalq isə səsini məğlub liderə verdi.  Çünki, təkcə Paşinyan yox, erməni cəmiyyətinin böyük hissəsi də Rusiyaya və Kremlə, şəxsən Rusiya prezidentinə qarşı düşmən münasibət bəsləyir. 

Köçəryan seçkilərə təkcə özünün mövcud olmayan proqramının adı ilə gəlmişdi: "Rusiyaya, keçmişə doğru irəli!". Ermənilər isə keçmişə qayıtmaq istəmədilər...

Erməni cəmiyyəti Paşinyanın lehinə yox, Rusiyanın və Kremlin əleyhinə səs verdi.  Belə ki, Paşinyanın və komandasının siyasətdə, daha doğrusu xarici siyasətdə alternativi olan “Qarabağ klanı” başda Robert Köçəryan olmaqla seçki kampaniyasına aşkar ruspərəst şüarlarla qoşuldular.  Qəribədir, Köçəryanın seçicilərə təqdim etdiyi proqramda da, onun çıxışlarında da bir düzxətli və primitiv tezis hakim idi - Ermənistan Rusiyaya qayıtmalıdır.  Köçəryan yalnız kütlənin təhqir olunmuş hisslərində oynayaraq xalqında 1990-cı illərdəki qələbələrə nostalgiya oyatmağa çalışır, barmağı ilə bütün bəlaların səbəbini - Paşinyanı, Sorosu, Qərbi göstərirdi.

Ancaq son illərdə erməni cəmiyyətində formalaşmış Rusiya əleyhinə əhval-ruhiyyə yaxın onillik üçün Ermənistanın da, Qarabağdakı erməni əhalisinin də taleyini müəyyənləşdirdi. Ermənilərin kütləvi şüurunda nəticəsiz ərazi iddialarına və mənasını itirmiş polietnik düşmənçiliyə nisbətən Qərblə ideoloji-siyasi inteqrasiya daha imtiyazlı mövqe qazandı. Daima dünyadan təcrid olunmuş və blokadaya alınmış ölkədə natural təsərrüfat şərtləri altında yoxsul mövcudluq, cəmiyyətin məhv olmuş strukturu,  hakimiyyətin mənəvi aşınmış institutları ermənilərin kütləvi şüurunda köklü dəyişiklik yaratdı.  Suverenliyin 30 ili ərzində ermənilər ilk dəfə xristanlığın əbədi sualını aşkar səsləndirdilər:  hara getməli?  Və onlar keçmişə qayıtmaq istəmədilər.  Ölkə üçün müdhiş geosiyasi kolliziyalara baxmayaraq.  Son 30 ildə yaşayış çox dözülməz olub.  Və bu dözülməz yaşayış onların şüurunda Köçəryanın idarəçiliyi və Rusiyanın himayədarlığı ilə assosiasiya yaradır.

Paşinyan Putin üçün "yaddır". Amma sanki "özününküdür".

Bəli, Soros və Qərb - ermənilərin ümumi seçimidir.  Və erməni cəmiyyətinin bu seçimindən Kreml də xəbərdardır.  Üstəlik, Kremldə yaxşı anlayırlar ki, Paşinyanın rusiyayönümlü ritorikası da kollektiv Qərbin icazəsi ilədir.  Paşinyanın bütün həyatı oyundur!  Və Moskva bölgədə permanent rəngli inqilabların yeni dayaq nöqtəsi qismində seçilmiş siyasətçinin səmimiyyətinə inana bilməz.  Saakaşvilidən sonra!

Ruhaninin hakimiyyətində İran çökdü, iqtisadiyyatı dibə endi.  Deməli, Rəisinin yeni komandası koronapandemiya dövrünün azman, qarşısındakı hər şeyi yuyub aparan dalğası qarşısında uğursuzluğa  məhkumdur - islahatçıların əvvəlki komandası kimi. Paşinyan  İrana güvənə bilməz.  Bu Tehrandakı ilk danışıqlardan sonra bəlli oldu.  Ermənistanın baş naziri İrandan sərmayələr istədi, onlara isə İran özü kəskin ehtiyac duyur.  Sonra - Türkiyə və Azərbaycanın müttəfiq koalisiyası.  Bir də özünün qaranlıq gələcəyi ilə Gürcüstan … Rusiyaya isə ayaq üstə dura bilən əməkdaşlar və müttəfiqlər lazımdır.  Qazaxıstan və Özbəkistan kimi. Daha bir Belarus Rusiyanın nəyinə gərəkdir?  Ermənistan isə Qərb kreditlərinin və sərmayələrinin əsas  alanı rolundadır.  Müasir Putin Rusiyası bu cür müttəfiqə inana bilərmi?  Böyük şübhəm var …

Paşinyanla Mirzoyanın da Kremli çoxdan dağılıb getmiş erməni-rus hərbi-siyasi ittifaqının qırılmazlığında inandırmaq üçün rusiyayönümlü ritorikanı istər-istəməz davam etdirməkdən başqa yolu qalmayıb.  Elə Lavrov da Mirzoyanı çarəsiz təbəssümlə qarşılamağa məcburdur. Şoyqu da Bakı və Ankaranı qəzəbləndirərək əldən düşmüş və ümidsiz erməni ordusuna yeni silahların verilməsini bəyan etməlidir. Şübhəsiz, Rusiya dişlərini sıxaraq və can çəkə-çəkə Paşinyanın hərbi-siyasi müttəfiqi rolunu axıradək oynamalıdır.  Anlayaq ki, Paşinyanla Mirzoyana kömək etmək - Saakaşvilini bataqlıqdan dartıb çıxartmaq, yaxud Soros Fonduna yatırımlar etmək və ya MKİ-nin xəzinəsinə vəsait köçürmək kimi bir şeydir. Kremldə bunu anlayırlar. Ancaq siyasi səhnədə Paşinyana kömək edəcəklər. O vaxta qədər ki, Yerevanda hakimiyyətə “özününkü” gəlsin. Bəs o “özününkü” gələcəkmi?!