📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Putindən, fransız Stefandan, ABŞ XİN-dən sitatlar gətirdi: “Qarabağ – Azərbaycandır”

2023-07-25 16:14:00

Paşinyan Putindən, fransız Stefandan, ABŞ XİN-dən sitatlar gətirdi: “Qarabağ – Azərbaycandır”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyulun 25-də keçirilən mətbuat konfransında dünyada Qarabağı Azərbaycan ərazisi hesab eləməyən ölkənin olmadığını söyləyib.

Paşinyan deyib: “Bizim bu faktı dərk eləyib-eləməməyimiz (qanmağımız – red.) başqa məsələdir. Bizim mövqeyimiz belə olub – bütün dünyanın fərqli düşünməsi mühüm deyil, biz başqa cür etməliyik. Bəlkə də, hansısa mərhələdə mən də belə davranırdım. Amma, nəhayət, reallıq bizi konkret vəziyyətlə qarşılaşdırır”.

Ermənistanın Baş naziri ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olan ölkələrin təmsilçilərinin bəyanatlarından sitat gətirib. O cümlədən, Putinin 2020-ci il dekabrın 17-də keçirdiyi mətbuat konfransındakı çıxışından bir parçanı səsləndirib: “Beynəlxalq hüquq nöqteyi-nəzərindən mən də bunu söyləmişəm ki, bütün bu ərazilər Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm, Ermənistanın özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Ona görə də bu mənada, bu vəziyyəti nəzərə alaraq, Dağlıq Qarabağ da – beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycandır”.

Nikol Paşinyan Fransadan olan keçmiş həmsədr Stefan Viskontinin də 2020-ci ilin yanvarında Senatın komissiyasında deputatlarla görüş zamanı söylədiyi sözləri xatırladıb: “Dağlıq Qarabağ – Azərbaycanda yerləşən dağlıq anklavdır”.

Paşinyan ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatından da sitatlar gətirib. 2012-2016-cı illər dövründə dərc edilən hesabatlarda deyilir ki, “separatçılar Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın böyük bir hissəsini və Azərbaycanın digər 7 rayonunu əllərində saxlamağa davam edirlər”.

Hürr Tərcüman