“Paşinyan Putini də, Rusiyanı da arxadan vurdu”
Putinin “ayağını İrəvandan kəsəcək” qərar
Hurriyyet.az xəbər verir ki, tanınmış siyasi analtik, Rusiyanın “Milli müdafiə” jurnalının Baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza” portalına müsahibəsində Ermənistanın niyə qəflətən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq istədiyi və bu qərarı Rusiya-Ermənistan münasibətləri üçün nə demək olduğu barəsində danışıb. Onun sözlərinə görə, İrəvan Moskva ilə bağlarını birdəfəlik qoparıb Qərbə doğru getmək niyyətindədir. Korotçenko Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq addımını “həm Rusiyanın, həm də RF Prezidenti Vladimir Putinin kürəyinə bıçaq saplamaq” kimi qiymətləndirib.
Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya Prezidenti Vladimir Putini Ukraynada törədilmiş hərbi cinayətlərə görə cavabdeh olmaqda ittiham edərək həbsinə order verib. Eyni qərar Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın barəsində də verilib.
Haaqa Məhkəməsi Putini uşaqların qanunsuz deportasiyası və insanların Ukraynadan Rusiyaya qanunsuz keçirilməsində şübhəli bilərək həbsi barəsində qərar çıxarıb.
Martın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasının ölkənin əsas qanunlarına uyğun olduğu barədə qərar verib.
Ermənistan Konstitusiya Məhkəməsinin təsdiqindən üç gün sonra, martın 27-də Rusiya XİN İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz adlandırıb. Rusiya tərəfinin narahatlığı birbaşa deyil, TASS dövlət xəbər agentliyiə müsahibə verən Xarici İşlər Nazirliyindəki mənbə vasitəsilə ifadə olunub.
Beləliklə, Putin Ermənistana getsə, həbs təhlükəsi ilə üzləşə bilər.
Hürr Tərcüman