"Paşinyan Qərbə Rusiyanın orbitindən çıxmaq üçün hərəkətə keçirdiyi mesajını verir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Əgər Paşinyan hakimiyyətdə qalarsa, gələn il Ermənistan KTMT-dən və Avrasiya İttifaqı təşkilatından və MDB üzvlüyündən çıxa bilər"
"Qırğızıstanda Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlət başçılarının sammiti keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan sammitə qatılmaqdan imtina edib. Bunu işlərinin çox olması ilə izah edib. Sammitdən əvvəl MDB xarici işlər nazirlərinin şurasının iclasına yalnız nazir müavini səviyyəsində qatılıb. Bununla da Ermənistanın baş naziri KTMT ilə əlaqələri aşağı endirdiyi kimi, MDB sammitinə qatılmamaqla da bu təşkilatdan uzaqlaşmaq kursu götürüb". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, bununla da Nikol Paşinyan Qərblə inteqrasiya kursunu həyata keçirdiyini nümayiş etdirir: "Ermənistan tərəfindən bu siyasət Rusiyaya qarşı demarşdır. Əgər Paşinyan hakimiyyətdə qalarsa, gələn il Ermənistan KTMT-dən və Avrasiya İttifaqı təşkilatından çıxa bilər. Həmçinin, MDB üzvlüyünə xitam verməsi mümkündür. Ermənistan rəhbərinin MDB sammitindən imtinası sıradan hadisə deyil. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunun ratifikasiyası fonunda Nikol Paşinyan Vladimir Putinə qarşı psixoloji-siyasi savaş apardığını da nümayiş etdirir. Bununla Qərbə Rusiyanın orbitindən çıxmaq üçün hərəkətə keçirdiyi mesajını verir".
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin sözlərinə görə, Paşinyan MDB sammiti çərçivəsində prezident İlham Əliyevlə görüşəcəkdi, amma bu görüş heç də sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmayacaqdı: "Ermənistan-Rusiya əlaqələrində siyasi böhran dərinləşir və İrəvan özü bu dərinlikdə batıb qalacaq. Bu illər ərzində Ermənistan məhz Rusiyanın vasitəsi ilə Azərbaycana qarşı işğal və terror siyasəti aparıb. Hazırda isə Azərbaycan iki dövlət arasında kəskinləşən münasibətlərdən maksimum istifadə edərək, Ermənistan üzərində ciddi üstünlük qazanmalıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az