"Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir" - ELXAN ŞAHİNOĞLU
"Sülh sazişi imzalanarsa Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə və buradan Mərkəzi Asiyaya, Çinə çıxış imkanı əldə edəcək"
"Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb. Paşinyan bu sözləri dənizə çıxışı olmayan ölkələrin nazirlər iclasının açılış mərasimində vurğulayıb. Dənizə çıxışı olmayan Ermənistan üçün Azərbaycanla sülh sazişinin əhəmiyyəti artıb". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, sülh sazişi imzalanarsa Ermənistan Azərbaycan üzərindən Xəzər dənizinə və buradan Mərkəzi Asiyaya, Çinə çıxış imkanı əldə edəcək: "İkincisi, Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması İrəvanın Türkiyə ilə də münasibətlərinin normallaşmasına və sərhədlərinin açılmasına imkan verəcək ki, Ermənistan Aralıq dənizinə çıxış imkanı qazanacaq. “30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır” – deyən Paşinyan bununla nəqliyyat kommunikasiyalarının açılmasına marağını ortaya qoyub. Ancaq bunun üçün Paşinyan rəsmi Bakının Zəngəzur dəhlizi təklifini qəbul etməlidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az