📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Rusiya sərhədçilərinə qapını göstərdi? “İstisnasız olaraq öz qoşunlarımızın nəzarətində olmalıdır”

2022-07-16 11:52:00

Paşinyan Rusiya sərhədçilərinə qapını göstərdi? “İstisnasız olaraq öz qoşunlarımızın nəzarətində olmalıdır”

Hurriyyet.az “Azadlıq radiosu”nun erməni bürosuna istinadla xəbər verir ki, Baş nazir Nikol Paşinyan Ermənistan Respublikasının bütün sərhədlərinin istisnasız olaraq öz sərhəd qoşunlarının nəzarətinə verilməli olduğunu bildirib.  O, bu sözləri Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd qoşunlarının formalaşmasının 30 illiyinə həsr olunmuş təntənəli tədbirdə söyləyib. Paşinyanın sözlərinə görə, sülhü nəyinsə bahasına yox, elə sülh bahasına əldə eləmək olar və buna nail olmaq üçün hələ uzun yol qət edilməlidir.

Xəbər verdiyimiz kimi, dünən “Sputnik Ermənistan” informasiya agentliyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency, CIA) başçısı Vilyam Bernsin İrəvana məxfi səfər etdiyini bildirmişdi. 

Həmin səfər ərəfəsində Paşinyanın belə bir açıqlama verməsi Ermənistanın Rusiyanın nüfuz dairəsindən qurtularaq Qərbə yönəlmək istəyinin nümayişi kimi yozulur.

Ermənistan İran, Türkiyə, Gürcüstan və Azərbaycan dövlətləri ilə həmsərhəddir. Qeyd edək ki, Ermənistanın Türkiyə və İran ilə sərhədlərini daim rusiyalı sərhədçilər qoruyub. Ermənistan sərhədçiləri isə Gürcüstan ilə Azərbaycan arasında sərhəddə xidmət ediblər.

Hürr Tərcüman