📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

2022-02-22 17:37:00

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

İclas iştirakçıları Ermənistanın üzləşdiyi problemlərin aradan qaldırılması ilə bağlı məsələləri müzakirə ediblər.

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib.

Modern.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

İclas zamanı Ermənistanın qarşısında duran vəzifələr və onların aradan qaldırılması mexanizmləri, eləcə də beynəlxalq aləmdə gedən proseslər müzakirə olunub.

Toplantıda Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan və parlamentin spikeri səlahiyyətlərini icra edən Akop Arşakyan da iştirak edib.

Xatırladaq ki, fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Paşinyan və Putin regionda sabitliyin möhkəmləndirilməsi, uzunmüddətli sülh və əməkdaşlığın bərqərar edilməsi səyləri ilə bağlı məsələlərə toxunublar.

Bundan əlavə, həmsöhbətlər Rusiya-Ukrayna münasibətlərindəki vəziyyətdən danışıblar.

Modern.az