"Paşinyan və digər erməni rəsmilər KTMT ilə birdəfəlik yolları ayırmaqdan ehtiyat edirlər" - ELXAN ŞAHİNOĞLU
"Putin Ermənistanın baş nazirinə demək istəyib ki, "Sənin bütün şıltaqlıqlarına dözdük, ancaq qırmızı çizgilərimizi keçməməlisən""
"Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər erməni rəsmilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) sərt tənqid etsələr, son zamanlar qurumun toplantılarına qatılmasalar və “bu təşkilatın Ermənistana heç bir faydası yoxdur” desələr də, birdəfəlik yolları ayırmaqdan açıq-aşkar ehtiyat edirlər. Çünki Paşinyan ABŞ və Avropa İttifaqından təhlükəsizlik təminatı ala bilməyib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq hesab edir ki, Vaşinqton və Brüsselin İrəvana belə bir təminat verməsi mümkün deyil: "Ermənistan NATO üzvü ola bilməyəcək. Qərbdə isə NATO-dan başqa üzvlərini qoruyacaq təhlükəsizlik qurumu yoxdur. Ona görə də erməni rəsmiləri hələ bir müddət də KTMT-yə daş atmaqla məşğul olacaqlar, ancaq ardını gətirməyəcəklər. Kreml sahibi Vladimir Putin son geniş mətbuat konfransında Paşinyanı “Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyini tərk etməyəcək” cümləsiylə hədələyib. Yəni, Putin Ermənistanın baş nazirinə demək istəyib ki, “Sənin bütün şıltaqlıqlarına dözdük, ancaq qırmızı çizgilərimizi keçməməlisən”. Yeri gəlmişkən, KTMT-nin baş katibinin bu gün İrəvana səfəri başlayıb".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az