📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyana qarşı hər hansı təxribat baş verməzsə, onun sülh danışıqları masasına oturması reallaşa bilər" - SAMİR HÜMBƏTOV

2021-10-06 11:34:00

"Yaranmış mövcud durum həm erməni cəmiyyətini, həm Paşinyanı, həm də onlara dəstək olan qüvvələri buna vadar edir"

"Ermənistanın baş naziri Nikol Paşinyan Litvaya səfər edib və bu səfər çərçivəsində Litvada yaşayan erməni icmasının üzvləri ilə görüş keçirib. Həmin görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında mövcud olmuş Dağlıq Qarabağ mövzusuna toxunub və bəzi maraqlı, həm də etirafedici açıqlamalar da verib. Paşinyan bildirib ki, "Bu gün çoxları müharibəyə yol verməməkdən danışır. Mühribəyə yol verməməyin yeganə şərti ərazilərin qaytarılması idi. Odur ki, müharibəyə yol verməmək üçün biz əraziləri qaytarmalıydıq. Ən azı beş rayonu, o biri iki rayon məsələsi başqadır. Əslində isə gərək qeyd-şərtsiz 7 rayonu qaytaraydıq"". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti Samir Hümbətov deyib.

Siyasi ekspertin sözlərinə görə, Paşinyanın verdiyi bu açıqlama onu göstərir ki, ermənilərin özləri də yaxşı başa düşürdülər ki, danışıqların sonu olaraq iki variant mümkündür: "Sülh, yaxud müharibə. Ermənistanın baş nazirinin danışığından o da aydın olur ki, o hakimiyyətə gələn zaman anlamışdı ki, artıq danışıqlar dalana dirənir və addımlar atmaq lazımdır. Təbii ki, həmin dövrdə və həmin vəziyyətdə müharibənin dadını tam şəkildə hiss etməyən və kənar qüvvələrə güvənən erməni cəmiyyətinə Paşinyanın nəyisə izah etməsi, həmçinin sülh müqaviləsinə qol çəkib sonra cəmiyyətə bunu izah etməsi çətin məsələ olardı. Ona görə də Paşinyan müharibəni başlatmaqla erməni cəmiyyətinə üç mesaj vermiş oldu: Birincisi, Azərbaycanın torpaqlarını mütləq sülh yolu ilə qaytarmalıyıq, yoxsa bizə rahatlıq yoxdur. İkincisi, məndən əvvəlki iqtidar sizi xam xəyallarla aldadıb və müharibəyə aparan prosesləri sürətləndirib. Üçüncüsü, mühribədən əvvəl hər kəs ermənilərə dəstək olacağını söz versə də, müharibə zamanı seyirci mövqe tutmağa üstünlük verir. Ermənistan baş naziri həmçinin Şuşa məsələsinə toxunub və bildirib ki, “Bu gün əlehdarlar Şuşa haqqında danışırlar. Bəs, 30 il ərzində Şuşada neçə yaşayış binası tikililib? Cavab verirəm, heç biri. Pulları olmayıb? Nədir bunun səbəbi? Məncə, cavabı aydındır”. Paşinyanın Şuşa məsələsinə toxunmaqla belə açıqlama verməsi onu göstərir ki, Azərbaycan tərəfi danışıqlar zamanı Şuşanı da danışıqların əsas müzakirə mövzusu kimi gündəmdə saxlayıb və ona görə də hətta Paşinyandan əvvəlki qüvvələr də Şuşa ilə bağlı qəti mövqedə ola bilməyiblər, Şuşanın əllərində qalması ilə bağlı ümidli olmadıqlarını anladıqları üçün orada tikinti işləri aparmayıblar".

Paşinyanın bu görüşdə referendum məsələsinə də toxunduğunu qeyd edən Samir Hümbətov əlavə edib ki, Ermənistanın baş naziri əvvəlki hakimiyyət dövründə referendum məsələsinin də müzakirə edildiyini və erməni tərəfinin Qarabağ azərbaycanınlıların da bu referendumda iştirak etməsinə razılıq verdiklərini bildirərək, "bəs azərbaycanlı sakinlər harada yerləşdirilməli idi? Əlbəttə əvvəl yaşadıqları yerdə", deyə vurğulayıb: "Fikrimcə, Paşinyanın bu açıqlaması ümumilikdə vəziyyətin nədən ibarət olduğunu deməyə imkan yaradır. Əgər çox da uzun olmayan zaman kəsiyində Paşinyana qarşı hər hansı təxribat baş verməzsə, onun Azərbaycanla sülh danışıqları masasına oturması reallaşa bilər. Yaranmış mövcud durum həm erməni cəmiyyətini, həm Paşinyanı, həm də onlara dəstək olan qüvvələri buna vadar edir. Hesab edirəm ki, Azərbaycan hər zaman bu danışıqlara hazırdır və ölkə başçısı cənab İlham Əliyev bununla bağlı dəfələrlə Ermənistana və ona dəstək verən qüvvələrə çağırışlar edib. Ermənistan isə bu danışıqlara başlamaq üçün 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyannamənin şərtlərini yerinə yetirməlidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az