📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyandan GÖZLƏNİLMƏZ AÇIQLAMA: “Türkiyədən bəzi siqnallar alırıq” – Ərdoğan isə cavab gözləyir

2021-08-27 17:42:00

Paşinyandan GÖZLƏNİLMƏZ AÇIQLAMA: “Türkiyədən bəzi siqnallar alırıq” – Ərdoğan isə cavab gözləyir

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında rəsmi İrəvanın regionda sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət siqnallar aldığını deyib: “Biz bunu qiymətləndirəcək, müsbət yanaşmaya müsbət siqnallarla cavab verəcəyik”.

Bəs Paşinyan Türkiyədən aldığı hansı müsbət siqnalları nəzərdə tutur?

Mövzunu KONKRET.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki,  bunun üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı il başlayandan bəri verdiyi açıqlamalara diqqət yetirmək lazımdır: “Türkiyə lideri bu ilin dekabrında demişdi ki, “əgər Ermənistan “altılıq platforması” təşəbbüsünə qatılsa, o zaman əlaqələrimizdə yeni səhifə açıla bilər”. Ərdoğan daha sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı “Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımı addımları atacağıq” ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən yenidən toxunub: “Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq”. Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib”.

İrəvan bu cəsarətə sahib deyil” – Elxan Şahinoğlu

Politoloq əlavə edib ki, Ərdoğan aylardır cavab gözləyir: “Elə Bakı da Ermənistana göndərdiyi siqnallara Paşinyandan cavab gözləyir. Ancaq Paşinyan gözləmə mövqeyindədir. Onun açıqlamaları “qonşularla barış”, “regional əməkdaşlıq”, “kommunikasiya xətlərinin açılması”yla əlaqəli olsa da, hələ heç bir addım atmayıb. Atılmalı olan ilk iki addım bəllidir. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaq. Rəcəb Tayyib Ərdoğanın “Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq” cümləsinin mənası da budur”.