Paşinyandan kilsəyə BÖYÜK güzəşt – Sənəddəki o maddə...
İki gün öncə Ermənistanın yeni konstitusiya layihəsinin mətni ictimai müzakirə üçün açıqlandı. Sənəddə vəd edilən bir sıra yeniliklərin olduğu üzə çıxdı. Lakin o da bəlli oldu ki, təzə layihədə erməni Apostol kilsəsinin statusu (cəmiyyət və dövlət həyatındakı özəl rolu) əvvəlki kimi, yəni, dəyişməz saxlanılıb.

Bu nə ilə bağlı ola bilər? Baş nazir Nikol Paşinyanın kilsəyə münasibəti məlumdur. Bunu onun ciddi güzəşti saymaq olarmı? Bəs hədəf nədir, referendumla bağlı daha çox tərəfdar toplamaq, radikal müxalifət düşərgəsini parçalamaq, yoxsa...
Musavat.com-a danışan professor Elxan Mirzəyev hesab edir ki, Paşinyanın hesablaması təkcə hüquqi deyil, həm də siyasi xarakter daşıyır: "O, Ermənistan Apostol kilsəsinin xüsusi statusunu ləğv tməyin siyasi qiymətinin çox yüksək ola biləcəyini nəzərə alıb. Ermənilərə görə, Apostol kilsəsi sadəcə dini qurum deyil. O, erməni milli kimliyinin, tarixi yaddaşının və mədəni irsinin mühüm daşıyıcısıdır”.
E.Mirzəyevin fikrincə, konstitusiyadan xüsusi missiyanı çıxarmaq Paşinyana qarşı siyasi ittiham yarada bilərdi: “Belə görünərdi ki, hökumət milli ənənələrdən imtina edir. 2025-ci ildən Paşinyan hökuməti ilə kilsə rəhbərliyi arasında münasibətlər kəskinləşib. Belə şəraitdə kilsənin konstitusion statusunu ləğv etmək qarşıdurmanı daha da dərinləşdirə bilərdi. Yeni konstitusiya qəbul olunarsa, Ermənistan Apostol klsəsinin formal tarixi statusu qorunacaq, amma dövlət siyasətinə təsir imkanları məhdudlaşdırıla bilər".
Həmsöhbətimiz onu da qeyd edib ki, kilsənin siyasi bəyanatlarının və hakimiyyətə qarşı çıxışlarının təsiri azala bilər: “Paşinyan kilsəni konstitusiyadan çıxarmır, amma onun dövlət üzərindəki təsirinin hüquqi və siyasi sərhədlərini yenidən müəyyənləşdirmək istəyir. Əgər kilsə öz tərəfdarlarını qoruyub saxlasa, onun ətrafında hökumətin siyasətindən narazı müxtəlif siyasi qüvvələr yenə də birləşə bilər. Amma Paşinyanın irəli sürdüyü “real Ermənistan” konsepsiyası dövlətin gələcəyini tarixi iddialardan daha çox beynəlxalq səviyyədə tanınmış sərhədlər, təhlükəsizlik və sülh üzərində qurmağa çalışır”.