📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın 2031-ci il açıqlaması nədən xəbər verir?

2026-10-20 18:23:25

Paşinyanın 2031-ci il açıqlaması nədən xəbər verir?

Carı ilin iyununda Ermənistanda Nikol Paşinyanın parlament seçkilərindəki qələbəsindən sonra Azərbaycanla münasibətlərin gələcək istiqamətləri son aylarda ciddi şəkildə müzakirə olunur. Bakı və İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, yekun razılaşmaya aparan yol hələ də bir sıra siyasi və hüquqi maneələrlə müşayiət olunur. Əsas məsələlərdən biri Ermənistan Konstitusiyasına dəyişikliklərdir. Rəsmi İrəvan yeni konstitusiya mətninin hazırlanması barədə məlumat versə də, sənədin ictimaiyyətə təqdim olunmaması və referendumun vaxtının qeyri-müəyyən qalması sülh prosesinin perspektivləri ilə bağlı suallar yaradır.

Azərbaycanın mövqeyinə görə, Ermənistanın əsas qanununda ölkəmizə qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəalar aradan qaldırılmalıdır. Digər tərəfdən, Paşinyanın sülh müqaviləsinin imzalanmasının 2031-ci ilədək mümkünlüyü barədə açıqlaması prosesin nə qədər uzana biləcəyi ilə bağlı müzakirələri gücləndirir.

Paşinyan sülh müqaviləsini nə vaxta qədər gecikdirəcək?

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a deyib ki, Nikol Paşinyanın son açıqlamasına rəsmi Bakı tərəfindən hər hansı sərt reaksiya verilməyib:

“Görünür, Azərbaycan və Ermənistan arasında müəyyən diplomatik təmaslar və danışıqlar davam edir. Geosiyasi prosesləri nəzərə alsaq, rəsmi Bakının hazırkı mərhələdə Ermənistana qarşı sərt ritorikadan istifadə etməməsi tərəflər arasında danışıqların davam etdirilməsinə üstünlük verildiyini göstərə bilər. Azərbaycan və Ermənistan rəsmiləri arasında mütəmadi əlaqələrin mövcudluğu da bunu deməyə əsas verir. Prezident İlham Əliyev də Azərbaycanla Ermənistan arasında de-fakto sülhün mövcud olduğunu qeyd edib. Türkmənistanda MDB dövlət başçılarının toplantısı çərçivəsində Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan təmaslar da bu baxımdan diqqət çəkir. Bütün bunlar göstərir ki, Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçirilməsinin və yekun sülh müqaviləsinin imzalanmasının gecikməsinə baxmayaraq, diplomatik proses davam edir. Hesab edirəm ki, tərəflər arasında ictimaiyyətə açıqlanmayan müəyyən razılaşmaların və müzakirələrin mövcud olması ehtimalını da nəzərə almaq lazımdır. Digər tərəfdən, Azərbaycan Ermənistana qarşı tətbiq etdiyi bəzi məhdudiyyətləri birtərəfli qaydada aradan qaldırıb və iki ölkə arasında ticarət əlaqələrinin inkişafı istiqamətində də müəyyən addımlar atılıb. Bu amillər münasibətlərin normallaşması prosesinin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını göstərir”.

Politoloq sülh yolunda ehtimallarını da bölüşüb:

“Ermənistan gələn ilin mart ayına qədər konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirmək istiqamətində addımlar ata bilər. Ermənistan rəsmilərinin referendumun keçiriləcəyini bildirməsi və yekun sülh müqaviləsinin ratifikasiyası məsələsinin gündəmdə saxlanılması bu ehtimalı gücləndirir. Eyni zamanda, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, eləcə də Qazaxın işğaldan azad edilmiş kəndləri ilə bağlı məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunması da istisna deyil. Hesab edirəm ki, tərəflər arasında diplomatik təmasların davam etməsi gələcəkdə bu istiqamətlərdə əlavə razılaşmaların əldə olunmasına zəmin yarada bilər. Yekun sülh müqaviləsinin imzalanması isə Ermənistanın konstitusiya ilə bağlı atacağı addımlardan və iki ölkə arasında aparılan danışıqların nəticələrindən asılı olacaq”.