📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyanın birbaşa təlimatı ilə Putinin Ermənistana səfəri bloklandı" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-10-03 15:08:32

"Roma statusunun qəbulu Rusiya-Ermənistan əlaqələrinin pozulmasına və Kreml tərəfindən sanksiyaların tətbiqi ilə nəticələnəcək" 

"Hesab edirəm ki, Rusiya-Ermənistan əlaqələrinin pozulması Cənubi Qafqazda siyasi sabitliyə töhfə verəcək" 

"Ermənistan parlamenti Roma statusunu qanun layihəsini ratifikasiya etdi. Baş nazir Nikol Paşinyanın birbaşa təlimatı ilə qəbul edilən bu qanun Rusiyaya qarşı İrəvanın demarşıdır. Qanun layihəsi 7 oktyabr da Vladimir Putinin ad günündə qüvvəyə minəcək". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Milli Cəbhə Partiyasının sədr müavini hesab edir ki, Roma statusunun qəbulu Rusiya-Ermənistan əlaqələrinin pozulmasına və Kreml tərəfindən sanksiyaların tətbiqi ilə nəticələnəcək: "Bu qanunun qəbulu ilə Vladimir Putinin Ermənistana səfəri bloklandı. Ermənistan rəhbərliyinin bu qanunu siyasi müstəviyə gətirməsi əsasən Qərb tərəfindən tapşırıqla həyata keçirilib. Ermənistanın bundan hər hansı bir siyasi qazancı olmayacaq. Bundan yararlanan Qərbin bəzi mərkəzləri olacaq. Bundan sonra Rusiya Ermənistan hakimiyyətinə qarşı təzyiqləri artıracaq. Birincisi, Ermənistana satılan qazın qiymətini qaldıracaq. İkincisi, Rusiyadan Ermənistana daxil olan vəsaitin azaldılmasına qərar verəcək. Üçüncüsü, Ermənistana silah satışına qadağa qoyacaq. Dördüncüsü isə Ermənistanla iqtisadi əlaqələri aşağı salıb, Gürcüstan ilə iqtisadi əlaqələri inkişaf etdirəcək".

Məhəmməd Əsədullazadənin fikrincə, əgər Rusiya qazın qiymətini qaldırarsa, o zaman Ermənistan Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılması üçün kampaniyaya başlayacaq: "Həmçinin, İrəvan gələn ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq üçün hüquqi prosedura başlayacaq. Hesab edirəm ki, Rusiya-Ermənistan əlaqələrinin pozulması Cənubi Qafqazda siyasi sabitliyə töhfə verəcək. Onu da qeyd edim ki, Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə cəhd edərsə də, buna nail olması mümkün deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az