"Paşinyanın fikirləri yalnız özünə məxsus deyil və o, həm də Rusiyanın arzularını ifadə edir" - SAMİR HÜMBƏTOV
"Qarşı tərəflə heç də istəklərinə nail ola bilmədilər, əksinə Azərbaycanın mövqeyi ilə razılaşmalı oldular"
"Dünən Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü və iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında üçtərəfli formatda II Soçi görüşü baş tutdu. Üçtərəfli görüşdən öncə Rusiya prezidenti həm Ermənistan baş naziri ilə, həm də Azərbaycan prezidenti ilə ikili görüş keçirdi. Bu görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyan Rusiya prezidentinə 6 maddəlik "təklif" - 1. Bizim üçün Qarabağ məsələsində Rusiyanın yanaşmaları məqbuldur. 2. Azərbaycan və Ermənistan sərhədində təhlükəsizlik gücləndirilməlidir. 3. Azərbaycan qoşunları Qarabağdakı Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılmalıdır. 4. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın suveren ərazilərindən çıxarılmalıdır. 5. Erməni əsirlərin qaytarılması məsələsi həll olunmalıdır. 6. Ermənistan ərazisindən keçən bütün kommunikasiya xəttləri rəsmi İrəvanın nəzarətində olmalıdır - irəli sürdü". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib.
Politoloq qeyd edib ki, sözügedən təkliflərə baxdıqda və onu kağızdan oxuduğunu diqqətə aldıqda məlum olur ki, Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi fikirlər yalnızca özünə məxsus deyil və o, həm də Rusiyanın arzularını ifadə edir: "Buradan belə qənaətə gəlmək olar ki, Soçi görüşü öncəsi Azərbaycanın Xankəndi şəhərində keçrilən mitinqdə Rusiya bayrağının da dalğalanması, Putinin Valday diskusiya klubunda verdiyi məlum açıqlama və Paşinyanın "təkliflər"i məqsədli şəkildə Azərbaycana qarşı yönələn hərəkətlərdir. Bütün bunlara baxmayaraq, Azərbaycan prezidenti İlham Əliyev "Qarabağ münaqişəsi tarix oldu" deməklə və yekun Soçi bəyanatının müddəalarına nəzər saldıqda məlum olur ki, qarşı tərəflə heç də istəklərinə nail ola bilmədilər, əksinə Azərbaycanın mövqeyi ilə razılaşmalı oldular".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az