Paşinyanın ikili oyunu... - PROSESLƏR AZƏRBAYCANIN HƏRBİ ƏMƏLİYYATLARA BAŞLAMASINA ZƏMİN YARADIR
Məhəmməd Əsədullazadə: "Ermənistanın baş naziri dəhliz məsələsində geri addım atmadığı üçün proseslər yenidən aktiv fazaya keçə bilər"
"İran İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi Zəngəzur dəhlizinin açılmasına qarşı yönəlib"
Elxan Şahinoğlu: "İranın mövcud siyasəti sonda ona gətirib çıxaracaq ki, Azərbaycanda Güney Azərbaycan hərəkatına dəstək barədə fikirlər güclənəcək"
Kənan Novruzov: "Paşinyan hadisələri düzgün qiymətləndirməli, reallıqları anlamalı və kənar təsirləri məhdudlaşdırmalıdır"
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan sərhədində keçid məntəqələrinin yaradılması ilə bağlı Tvitter hesabında paylaşım edib. Bu barədə azvision.az-da yer alan informasiyaya görə, "Bir neçə aydır Ermənistan hökuməti Şərqi Azərbaycanla Naxçıvan arasında əlaqənin yaranmasını təmin edəcək 3 buraxılış məntəqəsinin açılması ilə bağlı ilkin qərarı müzakirə edir və Azərbaycanın reaksiyasını gözləyir", deyə Paşinyan bildirib. Məsələnin maraqlı tərəfi ondadır ki, düşmən ölkənin baş naziri "Şərqi Azərbaycan" ifadəsini işlətməklə əslində, indiki Ermənistan torpaqlarının Qərbi Azərbaycan olduğunu etiraf etmiş olub.
Bu arada, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın fikirlərinə cavab olaraq qeyd edib ki, Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. Həmçinin, o da vurğulanıb ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.
Həqiqətən də bu gün rəsmi İrəvanın nə etmək istədiyi qeyri-müəyyən olaraq qalmaqdadır. Bildiyiniz kimi, oktyabrın 6-da Praqada Azərbaycan prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüş çərçivəsində Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Lakin buna baxmayaraq, Fransa və İranın himayəsinə arxalanan Ermənistan destruktiv addımlar atmaqda, qeyri-konstruktiv bəyanatlar verməkdə, hətta Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutmaqda davam edir. Müdafiə Nazirliyinin yaydığı son məlumatda isə deyilir ki, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi müşahidə edilib. Məhz bu fakt ona dəlalət edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi yenidən gərginlik yaratmağa çalışır.
"Azərbaycan Laçın dəhlizini bağlamaqla Zəngəzur dəhlizinin açılmasına nail ola bilər"
Beləliklə, həm sözügedən mövzu, həm də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi ilə bağlı fikirlərini "Hürriyyət"lə bölüşən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dəhliz məsələsində geri addım atmadığı üçün proseslər yenidən aktiv fazaya keçə bilər: "Düşünürəm ki, əgər Ermənistan Qarabağdan silahlı birləşmələrini çıxarmasa, o zaman Azərbaycan Qarabağdakı qanunsuz silahlı birləşmələrə qarşı hərbi əməliyyatlara başlaya bilər. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla müəyyən təzyiqlər etməklə, Zəngəzur dəhlizinin açılmasına nail ola bilər".
"Rusiya MDB ölkələrinə öz ambissiyalarını və imperiya maraqlarını təmin edən arxa bağçası kimi baxdığından adıçəkilən təşkilat amorf bir qruma çevrildi"
Astanada keçirilən MDB Dövət Başçıları şurasının iclasının Kremlin bu təşkilatı inkişaf etdirmək planın tərkib hissəsi olduğunu vurğulayan politoloqun sözlərinə görə, Vladimir Putinin Rusiya və Qərb arasında davam edən siyasi-hərbi böhran fonunda MDB daxilində monolit və effektli şəkildə Moskvanın dominantlığını təmin etməsi mümkün görünmür: "Heç kimə sirr deyil ki, Rusiyanın layihəsi olan MDB 30 il ərzində nə güclü regional, nə də beynəlxalq təşkilata çevrilə bildi. Təbii ki, bu da Kremlin təşkilat daxilində pozucu, üzv ölkələrə qarşı işğal siyasətindən irəli gəlir. Belə ki, bu illər ərzində Rusiya rəhbərliyi ədalətli mövqe tutmayaraq MDB ölkələrinin Qərblə əməkdaşlığına yol açdı. Moskvanın 30 il ərzində Ermənistanın Azərbaycan torpaqlarının işğalına dəstək verməsi, müharibənin bitməsinə baxmayaraq, sülh sazişinin bağlanmasına mane olması, hazırkı situasiyada MDB-ni ciddi şəkildə zəiflədir. O cümlədən, Gürcüstan və Ukraynanın bu təşkilatdan çıxması məhz Rusiyanın işğal və aqressiv siyasətinin nəticəsidir. Hesab edirəm ki, Kreml MDB ölkələri ilə qarşılıqlı etimada və normal siyasi əlaqələrə üstünlük versəydi, o zaman bu gün MDB regionda aparıcı təşkilat ola bilərdi. Lakin Rusiya MDB ölkələrinə öz ambissiyalarını və imperiya maraqlarını təmin edən arxa bağçası kimi baxdığından adıçəkilən təşkilat amorf bir qruma çevrildi. İş o yerə çatıb ki, Rusiyanın strateji müttəfiqi Ermənistan belə, Kremli Parislə əvəzləyir".
"İran qoşunlarının Zəngəzur istiqamətində əməliyyat keçirməsi Tehranın Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ilə toqquşmasına gətirib çıxara bilər"
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə gəlincə, Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri bildirib ki, bu addım Zəngəzur dəhlizinin açılmasına qarşı yönəlib: "İran Zəngəzur dəhlizin açılması müstəvisində müdaxilə etmə ssenarisi üzrə məşq edərək, regionda geosiyasi transformasiyanı qəbul etmək istəmir. Qeyd edim ki, rəsmi İrəvan dəhlizin açılmasına gedərsə, İranın mövqeyi xüsusi əhəmiyyət kəsb etməyəcək. Ermənistan rəhbərliyi 10 noyabr Birgə Bəyannaməsinin 9-cu bəndini yerinə yetirmədiyinə görə Tehran hazırkı ritorika sərgiləyir. Fikrimcə, Azərbaycan qoşunları Zəngəzur dəhlizinin açılması istiqamətində hərbi hərəkətlilik edərsə, İran qoşunlarının Zəngəzur istiqamətində əməliyyat keçirməsi Tehranın Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ilə toqquşmasına gətirib çıxara bilər".
Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, Türkiyə, İsrail və Səudiyyə Ərəbistanının müdafiə nazirlərinin bu yaxınlarda Bakıya səfəri İranın son aylarda sərhəddə keçirdiyi hərbi təlimlərə cavabdır: "İran SEPAH Quru Qoşunlarının keçirdiyi hərbi təlimlərə cavab olaraq Azərbaycan-Türkiyə birgə hərbi təlimləri başlayır. Onu da vurğulamaq lazımdır ki, İran Qərbə qarşı iki cəbhədə yer alır. Birincisi, Rusiya-Ukrayna müharibəsində Qərbin əleyhinə olaraq Moskvanı silahla təchiz edir. İkincisi isə Zəngəzur dəhlizinə qarşı olaraq Qərbin geosiyasi layihəsinin reallaşdırılmasına qarşı çıxır. Bu isə onu deməyə əsas verir ki, İran daxilində etirazların davam etməsinə baxmayaraq, öz geosiyasi ambisiyalarından geri çəkilmir. Qeyd edim ki, indiki etirazlar əvvəlki etirazlardan fərqli olaraq Qərbin layihəsi əsasında davam edir. Xüsusilə, ABŞ prosesi idarə edir. Bu etirazlarda liderin önə çıxmaması isə etirazların xaos şəkilində davam etməsinə hesablanıb. Bu kimi etirazlar mərkəzi hakimiyyəti zəiflətməyin əsas strateji xəttidir. Bu etirazlarda əsas katalizator isə əsasən kürdlərdir. Kürdlər digər millətlərdən fərqli olaraq silahlı və müəyyən təşkilatlanmaya malikdir. Xaotik şəkildə davam edəcək etirazların silahlı vətəndaş qarşıdurmasına keçməsi də istisna deyil. Belə olan təqdirdə Azərbaycan İranda gedən prosesləri yaxından izləməli və İranın xarici düşmən taktikasını işə salıb regionda hərbi vəziyyəti gərginləşdirməsinə hazır olmalıdır".
"Azərbaycan və İran prezidentlərinin görüşündən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi iki ölkə arasındakı münasibətlərə yaxşı heç nə vəd etmir"
Hər bir ölkənin hərbi təlimlər keçirməsinin həmin dövlətin müstəsna hüququ olduğunu deyən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, hərbi təlimlərin məqsədi olur və bir sıra hallarda kiməsə mesaj göndərmək üçün keçirilir: "SEPAH Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur təlimlərə belə tərif verib ki, guya təlimlər qonşu ölkələr üçün mesajı sülh, dostluq və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi daşıyır. Sərhəddə hərbi təlimlərin "dostluqla" nə əlaqəsi var? Həmin generalın cümləsinin davamı məsələnin məğzini açır: "Hərbi təlimlər düşmənlər üçün İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumağa və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır". İranın ətrafında düşmənmi var? Azərbaycan və Türkiyə sərhədi boyunca İrana təhdidmi var? Bildiyiniz kimi, Azərbaycan və İran prezidentləri bir neçə gün əvvəl Astanada görüşmüşdülər. Bu görüşdən dərhal sonra sərhəddə hərbi təlimlərin keçirilməsi İran-Azərbaycan münasibətlərinə yaxşı heç nə vəd etmir. İran daxilində bu qədər problem varkən, şəhərlərində etirazlar səngiməzkən, Tehran sərhəddə hərbi təlimlərlə kimə və nəyi sübut etməyə çalışır? Tehranın bu siyasəti sonda ona gətirib çıxaracaq ki, Azərbaycanda Güney Azərbaycan hərəkatına dəstək barədə fikirlər güclənəcək".
"Fransa prezidentinin ermənipərəst, anti-Azərbaycan və anti-Rusiya bəyanatı ölkəsinə baha başa gələ bilər"
Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyada görüşə dəvət etdiyini vurğulayan Elxan Şahinoğlunun fikrincə, Kreml açıq-aşkar Avropa İttifaqının və ABŞ-ın fəallaşan vasitəçilik təşəbbüslərindən narahatdır: "Putin və Lavrovun məntiqi sadədir: "İkinci Qarabağ müharibəsi Rusiyanın səyi ilə dayandırıldı, məhz Kremlin vasitəçiliyi ilə 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında iki bəyanat qəbul edildi, indi isə Vaşinqton və Brüssel təşəbbüslərimizi əlimizdən almağa çalışır, bu yolverilməzdir". Fransa prezidenti Emmanuel Makronun son ermənipərəst, anti-Azərbaycan, eyni zamanda anti-Rusiya bəyanatı isə vəziyyəti daha da qəlizləşdirdi. Makronun açıqlaması Avropa İttifaqının təşəbbüslərinə kölgə salmaqla yanaşı, Kremlin fəallaşmasına şərait yaratdı. Çünki Makron son müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin vasitəçiliyinə zərbə vurub. Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri arasında dördlü format əsasında görüş və müzakirələrin aparılması ideyası Makrona məxsus idi. Vasitəçi tərəfsiz olmalıdır. Ancaq Makron dözmədi və növbəti dəfə bu adi prinsipi pozdu. Halbuki, ondan əvvəlki prezidentlər Jak Şirak, Nikola Sarkozi və Fransua Olland ermənilərə simpatiyalarına baxmayaraq, Azərbaycan əleyhinə açıqlamalardan çəkinirdilər. Makron müsahibəsində Qarabağı "mübahisəli ərazi" adlandıraraq deyib ki, bu bölgə Ermənistanın "mərkəzindədir". Makron Ermənistanla Azərbaycanın xəritəsini səhv salıb, diqqətlə baxsaydı Qarabağın Azərbaycanın içərisində olduğunu və Ermənistanla sadəcə dəhlizi olduğunu görərdi. Fikrimcə, rəsmi Bakı Makronun prezidentliyi dövründə Fransanın vasitəçilik təşəbbüslərindən imtina etməlidir. Makron ermənipərəst mövqeyi ilə yalnız ölkəsinin vasitəçilik imkanlarına zərbə vurmadı, eyni zamanda elə Ermənistana da ayı xidməti göstərdi. Çünki Makron müsahibəsində guya Rusiyanın Azərbaycanı dəstəklədiyini vurğulayaraq Parisin ermənilərin yanında yer aldığını bildirib. Rusiya Xarici İşlər Nazirliyi Makronu tənqid edən bəyanat yayıb. Bu bəyanat həm də İrəvana mesajdır ki, Makrona minnətdar olsanız, hamınız Kremlin qəzəbinə tuş gələcəksiniz. Bundan başqa, Makronun müsahibəsində "Fransa Azərbaycandan qaz alımır" yalanı da Fransaya baha başa gələ bilər".
"İran, Rusiya və Qərb dövlətləri regionda sabitlikdə, Qafqazda "suların durulması"nda maraqlı deyillər"
Ermənistan silahlı qüvvələrinin ordumuzun mövqelərini növbəti dəfə atəşə tutmasına toxunan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə qeyd edib ki, bu, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş görüşdən sonra təkrarlanan növbəti provokasiyadır: "Ümumiyyətlə, son vaxtlar sabotaj cəhdləri intensivləşib. Demək olar ki, hər gün cəbhənin müxtəlif istiqamətlərində atəşkəs pozulur. Bu, şübhəsiz ki, etimad mühitinə zərbə vurur, Ermənistanın yekun sülh müqaviləsi ilə bağlı səmimiyyətini şübhə altına salır. Azərbaycan Silahlı Qüvvələri bir neçə dəfə göstərib ki, bizim səbrimiz sonsuz deyil. Ordumuz düşmənin istənilən təxribatına adekvat cavab verməyə hazırdır. Xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi hələ müəyyənləşməyib. İrəvan bu məsələyə isti yanaşmır. Nəticədə öz işini çətinləşdirmiş olur. Çünki biz düşmənin təxribatlarına cavab verərkən öz tarixi torpaqlarımızda da anti-terror əməliyyatı keçirə bilərik və kimsə hansısa haqla bizə nəyisə irad tuta bilməz".
Yekun sülh müqaviləsi istiqamətində danışıqların davam etdiyini deyən ekspertin fikrincə, Ermənistan iqtidarı yekun sülh müqaviləsinin imzalanmasında maraqlı görünür, çünki bundan başqa yolu yoxdur: "Bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev müqavilənin bu ilin sonuna qədər bağlana biləcəyini demişdi. Həmçinin, Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan da oxşar bəyanatla çıxış etmişdi. Əvvəllər də dediyimiz kimi, Ermənistan iqtidarı yekun sülh müqaviləsinin imzalanmasında maraqlı görünür. Çünki bundan başqa yolu yoxdur. İrəvan Ankara ilə diplomatik münasibətləri bərpa etməyə, Bakı ilə əlaqələri normallaşdırmağa məcburdur. Əlbəttə, Cənubi Qafqazda "suların durulmasını" istəməyən kifayət qədər qüvvə var. İran, Rusiya və Qərb dövlətləri regiondakı sabitlikdə maraqlı deyillər. Çünki onların bölgəmizlə bağlı maraqları ancaq münaqişə nəticəsində təmin oluna bilər. Rəsmi Parisin son zamanlar davam edən provokativ bəyanatları, həmçinin müxtəlif ölkələrdəki səfirliklərimizə hücum da bu aspektdən qiymətləndirilməlidir. İndi Ermənistanın baş naziri Nikol Paşinyandan ən çox tələb oluanan siyasi iradə və məntiqdir. O, hadisələri düzgün qiymətləndirməli, reallıqları anlamalıdır. Hökumət başçısı bilməlidir ki, başqalarının sifarişlərini yerinə yetirdikcə öz işini çətinləşdirir, Ermənistanın gələcəyi üçün problemlər yaradır. Bu mənada, rəsmi İrəvan əgər gələcəyi barədə düşünürsə, kənar təsirləri məhdudlaşdırmalıdır".
Ekspertin sözlərinə görə, Ermənistan daxilində Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan qüvvələr müəyyən təsir gücünə malikdirlər, amma təxribatları kimin törətməsindən asılı olmayaraq, məsuliyyəti Paşinyan hökuməti daşıyır: "Sərhəddəki istənilən gərginliyə görə həm də rəsmi İrəvan cavab verməlidir. Odur ki, Paşinyan səmimiyyətini göstərməli və anlamalıdır ki, sabotaj cəhdlərinin təkrarlanması Azərbaycan ordusunun istənilən vaxt tarixi torpaqlarımıza ayaq basması ilə nəticələnə bilər".
Vazeh BƏHRAMOĞLU