📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın irəli sürdüyü namizəd ERMƏNİSTANIN YENİ PREZİDENTİ OLACAQ

2022-01-25 10:15:00

Paşinyanın irəli sürdüyü namizəd ERMƏNİSTANIN YENİ PREZİDENTİ OLACAQ

Elxan Şahinoğlu: "Müxalifət parlamentdə prezidentin seçilməsinə təsir edə bilməsə də Paşinyana problemlər yaratmağa çalışacaq"

Nazim Cəfərsoy: "Sarkisyanın bu qərarı İngiltərədən xəbərsiz alması mümkün görünmür, bunda İngiltərə-Turkiyə və İngiltərə-Azərbaycan münasibətlərinin də rolu ola bilər"

İlyas Hüseynov: "Alen Simonyanın prezident postunda oturması Nikol Paşinyanın maraqları daxilindədir"

Yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. Qeyd edək ki, "Mən çox düşündüm, dörd il fəal işlədikdən sonra respublika prezidenti vəzifəsindən getmək qərarına gəldim" deyən Sarkisyanın sözlərinə görə, bu qərar onun ölkənin daxili və xarici siyasətinə təsir etmək üçün lazımı alətlərə malik olmaması ilə bağlıdır. Onu da bildirək ki, Ermənistan Konstitusiyasına görə, prezident vakansiyasının yaranmasından ən azı 25 gün sonra, 35 gündən gec olmayaraq prezident seçkisi keçirilməlidir. Odur ki, bu dövr ərzində Sarkisyanın səlahiyyətlərini parlamentinin spikeri Alen Simonyan icra edəcək.

Məsələnin maraqlı tərəfi ondadır ki, istefa verdiyini elan edən Armen Sarkisyanın hazırda ölkə xaricində olduğu deyilir. Bu barədə axar.az-da yer alan informasiyaya görə, belə bir iddia ilə "Ermənistan" fraksiyasından olan deputat Andranik Tevanyan çıxış edib: "Biabırçılıq ondadır ki, respublika prezidenti vəzifəsini tutmuş bir şəxs istefasını ölkə sərhədlərindən kənarda elan edir". Həmin fraksiyanın digər deputatı Artur Qazinyan isə hesab edir ki, Sarkisyanın prezidentlikdən getməsinin geosiyasi anlamı var. Onun sözlərinə görə, istefanın niyə indi və bazar günü axşam elan edildiyi aydın deyil: "Bir neçə gün əvvəl Sarkisyan 200 MVt gücündə günəş stansiyası üçün BƏƏ-dən maliyyə alıb və bildirilib ki, bu, hələ başlanğıcdır. Hadisələr çox sürətlə inkişaf edir və istefanın aşkar geosiyasi çalarları var". Qazinyan qeyd edib ki, yalnız bir məqamla mübahisə etmək olmaz - Ermənistanda siyasi dəyişikliklər baş verib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.

"Nikol Paşinyan başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasına razı olmayacaq"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, Armen Sarkisyanın istefasını əsaslandırması ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistan Konstitusiyasında prezidentin səlahiyyətləri bəllidir və bunu Armen Sarkisyan ona prezident olmağı keçmiş baş nazir Serj Sarkisyan təklif edərkən bilirdi: "Sadəcə hadisələr elə inkişaf etdi ki, Nikol Paşinyan Serj Sarkisyanı devirərək seçki yolu ilə baş nazir oldu. Nikol Paşinyanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətindən sonra prezident Armen Sarkisyan məsuliyyətdən yayınmağa çalışdı, sanki demək istəyirdi ki, "səlahiyyət məndə olsaydı nəticə fərqli olardı". Ən maraqlısı odur ki, Armen Sarkisyan son aylarda bir sıra ərəb ölkəsinə səfər edərək aktiv xarici siyasət yürütməyə çalışırdı. Görünür, bu amil Nikol Paşinyanın narazılığına səbəb olub və prezidentə mesaj yollayıb ki, səlahiyyət çərçivəni aşma".

Politoloqun fikrincə, Armen Sarkisyanın qəfil istefası Ermənistanda növbədənkənar prezident seçkisinin təyinatına səbəb olacaq: "Paşinyan özü səlahiyyətlərindən imtina edib prezident olmaq istəməz. O yaxın ətrafından birinin namizədliyini irəli sürəcək. Əslində, Armen Sarkisyan Paşinyanın planlarını pozdu. Çünki Paşinyan Konstitusiya islahatlarına razılıq verərək prezidentin səlahiyyətlərini yenidən artırmağı nəzərdə tuturdu. Ancaq bunu qısa müddətdə etmək mümkün deyil. Armen Sarkisyanın qəfil istefasından sonra Paşinyan Konstitusiya islahatlarına maraq göstərməyə də bilər. Çünki özü prezident olmayacaqsa, başı üzərində güclü fiqurun səlahiyyət sahibi olmasına razı olmayacaq".

"Böyük ehtimalla, Armen Sarkisyan digər imkanlı ermənilər kimi ölkəsini tərk edərək, Londondakı qazanc gətirən işlərinə qayıdacaq"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri onu da əlavə edib ki, Ermənistan Konstitusiyasına görə prezident istefa verərsə, onun səlahiyyətləri müvəqqəti olaraq parlamentin sədrinə keçir: "Prezident isə parlamentdə seçilir. Səvermənin birinci turunda prezident seçilmək üçün namizədin deputatların dörddə üçünün səsini alması lazımdır. Əgər prezidenti birinci turda seçmək mümkün olmazsa ikinci tur səsvermə keçirilir və deputatların ümumi səslərinin beşdə üç səsini alan dövlət başçısı seçilir. Prezidenti ikinci turda da seçmək mümkün olmazsa üçüncü tur səsvermə keçirilir və bu zaman sadə səs çoxluğu əldə edən namizəd dövlət başçısı seçilir. Yəni, hardan baxsaq, Nikol Paşinyanın irəli sürdüyü namizəd prezident seçiləcək. Nikol Paşinyan ona mane olan ombudsmanı da gələn ay istədiyi namizədlə dəyişəcək". Elxan Şahinoğlu hesab edir ki, müxalifət də öz növbəsində, sakit dayanan deyil, seçkilərin nəticələrinə təsir edə bilməsə də Paşinyana problemlər yaratmağa çalışacaq.

Armen Sarkisyanın bir il əvvəlki açıqlamasında ölkəsinin çoxvektorlu böhran içərisində olduğunu vurğuladığını deyən politoloq qeyd edib ki, Ermənistan üçün bir il ərzində müsbətə doğru heç nə dəyişməyib: "Bu isə o deməkdir ki, Armen Sarkisyan bir il əvvəlki kimi düşünür, ölkəsi üçün perspektiv görmür. Onun Böyük Britaniya ilə sıx bağlılığı var, kapitalı da bu ölkədədir, həmçinin bu ölkənin pasportuna sahibdir. Ona görə də Armen Sarkisyan böyük ehtimalla, digər imkanlı ermənilər kimi ölkəsini tərk edərək, Londondakı qazanc gətirən işlərinə qayıdacaq".

"Paşinyanın yaratdığı siyasi, inzibati və ictimai şərtlər Armen Sarkisyanı istefaya məcbur qoyub"

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy isə Armen Sarkisyanın istefasının səbəblərinə toxunarkən, 2022-ci ilin Nikol Paşinyan hakimiyyəti üçün həm daxili, həm də xarici siyasət baxımından çox kritik il olduğunu bildirib: "Paşinyan daxildə ölkəni yarı prezident üsul idarəsinə götürəcək konstitusiya islahatları aparmaq niyyətindədir. Xarici siyasət baxımından isə 2022-ci ildə həm Ermənistan xalqı, həm elitası, həm də diasporası üçün çox ağrılı, kritik mərhələ başlayıb. Belə ki, Ermənistan hökuməti həm Azərbaycanla, həm də Türkiyə ilə çox mühüm müzakirə və razılaşmalar mərhələsinə girməkdədir".

Armen Sarkisyanın açıqlamasında ölkədəki vəziyyəti "milli böhran" kimi xarakterizə etdiyini deyən QAFSAM-ın sədr müavini hesab edir ki, həmin mətndə sətiraltı hökumətə ciddi tənqidlər var: "Paşinyanın daxildə və xaricdə hər iki strateji məsələdə tam nəzarəti təmin etməsi həyatı mahiyyətdədir. Sarkisyan hər nə qədər Qərbin - İngiltərənin adami kimi tanınsa da, Ermənistanda inqilabla gəlməmiş və dövlətdə ali postda oturan tək siyasi idi. Bu mənada, Paşinyan komandasının üzvü deyil. Üstəlik, son 2 ildə çox kritik proseslərdə (hökumətin istefaya çağırmaq, milli birlik hökuməti, ordu qərargahı rəisinin işdən çıxarılmasına etiraz və s.) Paşinyanla arasına məsafə qoymağa sonuna qədər çalışan və sistemin imkanlarını qanuni istifadə edən prezident idi. Son 2 ildə Paşinyan daxildəki ən mühüm məqsədi dövlətin bütün qurumlarına tamam hakim olmaq olub. Digər mövzuların xeyli hissəsi həll olub, indi prezident kürsüsünün ələ keçirilməsi mərhələsinə keçilib. Prezident kürsüsünün tam nəzarətə alınması həm də geri qalan mühüm postların ələ keçirilməsi baxımından önəmlidir. Görünür, Paşinyan və komandası bu məsələni çox mühüm hesab edib. Mövcud güc balansında öncəliklə həm parlamentin seçəcəyi prezident kürsüsünə Paşinyanın adamı seçiləcək, ikincisi islahatlarla güclü bir yarı-prezident sistemi gələcək. Sonra isə Paşinyanın uyğun zamanda prezident olacağı görünür".

Nazim Cəfərsoy iddia edir ki, Nikol Paşinyanın bu prosesdə yaratdığı siyasi, inzibati və ictimai şərtlər Armen Sarkisyanı istefaya məcbur qoyub: "Ermənistan siyasətinin köhnə və güclü fiqurları Serj Sarkisyan, Robert Koçaryan, Qaqik Sarukyan və ordunun rəhbərliyini məğlub edən Paşinyanın qarşısında Armen Sarkisyanın çox davam gətirməsi məntiqli görünmürdü. Qeyd edilənlər fiqurlarla birləşib Paşinyana qarşı çıxmaq və uğur qazanmaq isə Armen Sarkisyan üçün həm də strateji, ideoloji və taktiki mənada mümkün deyildi. Armen Sarkisyanın kişilik və xarakter olaraq Paşinyana müqavimət göstərməsi, ya da alacağı qərarlara ortaq olmaq istəməməsi də bir digər kritik səbəb ola bilər. Üstəlik, açıqlamada Sarkisyan səhhətiylə bağlı da məqamları da vurğulayıb. Digər tərəfdən, məncə, Sarkisyanın bu qərarı İngiltərədən xəbərsiz alması da mümkün görünmür. Ola bilər ki, İngiltərə Paşinyanla razılaşıb. Bunda İngiltərə-Turkiyə və İngiltərə-Azərbaycan münasibətlərinin də rolu ola bilər. Bir ehtimal da Sarkisyanın istefası İngiltərənin son proseslərdən narahatlığının təzahürü kimi də görünə bilər".

"Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, onda böyük ehtimalla, Paşinyan öz marionet namizədini prezident kürsüsünə oturdacaq"

Politoloq İlyas Hüseynov isə bu qənaətdədir ki, Armen Sarkisyan erməni siyasətçilər arasında ən ağıllı, nüfuzlu və təhlükəli siyasətçi idi: "Nəzərə almaq lazımdır ki, onun Böyük Britaniyada, Vatikanda, ABŞ-da və xüsusilə də ərəb dünyasında çox geniş əlaqələri var. O, tez-tez Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərlərə gedirdi. Düzdür, onun orada şəxsi biznesi var, lakin eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin şeyxi ilə kifayət qədər möhkəm münasibəti mövcuddur. Hesab edirəm ki, Armen Sarkisyanı istefaya iki səbəb vadar edə bilər. Birincisi, Fransaya meyilli komanda Britaniyaya bağlılığı ilə seçilən təmsilçisini uzaqlaşdırmaq qərarına gəlib. İkincisi, Armen Sarkisyan xarici dostlarından dəstək alıb, indi Nikol Paşinyanın yerinə iddialı olacaq".

İlyas Hüseynovin fikrincə, Ermənistan parlamentinin spikeri Alen Simonyanın prezident postunda oturması Nikol Paşinyanın maraqları daxilindədir: "Düşünürəm ki, böyük ehtimalla, Ermənistanın 5-ci prezidenti elə Alen Simonyan olacaq. Zəruri hadisələr zəncirini də qeyd edək. Armen Sarkisyan Birləşmiş Ərəb Əmirliklərinə uçur, qayıdır, müalicə üçün məzuniyyətə gedir. Eyni zamanda, Alen Simonyan ABŞ-a səfər edir və Amerikadan qayıtdıqdan sonra prezident istefa verir. Ermənistanın Konstitusiyasına uyğun olaraq növbədənkənar prezident seçkiləri fevralın ortalarında keçirilməlidir.Yeni prezidentin seçilməsi istefa verdiyi gündən 25 gündən tez və 35 gündən gec olmayaraq keçirilə bilər. Bütün deputatlar namizəd irəli sürə bilər, yəni Koçaryançılar və Sarkisyançılar da cəhd edə bilərlər. Yeni prezidenti seçmək üçün minimum 80 səs lazımdır. Nikol Paşinyanın parlamentdə 79 yeri var. Sual yaranır: parlamentdəki "Qarabağ klanı" arasında "paşinyançı" kim olacaq? Əgər seçkilərin birinci turunda yeni prezidentin adı məlum olmasa, ikinci turda deputatların 65 səsi kifayət edəcək. Onda böyük ehtimalla, Paşinyan öz marionet namizədini prezident kürsüsünə oturdacaq".

Vazeh BƏHRAMOĞLU