📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın komandasında parçalanma başlayır?

2026-11-17 19:36:43

Paşinyanın komandasında parçalanma başlayır?

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasında daxili fikir ayrılıqlarının getdikcə dərinləşdiyi iddia olunur. Hakimiyyət daxilində bəzi deputatların həmkarlarının davranışlarından narazı olduğu, bu narazılığın artıq parlament iclaslarında da hiss edildiyi bildirilir.

Hurriyyet.net  xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Akop Badalyan yazıb.

Paşinyan hakimiyyətinə münasibətdə tənqidi mövqeyi ilə diqqət çəkən Badalyan parlament çoxluğunda yeni parçalanma əlamətlərinin ortaya çıxdığını iddia edib.

Şərhçinin sözlərinə görə, parlamentin son iclasında hakim çoxluğu təmsil edən Asmik Akopyan müxalifətə, xüsusilə də bütün ermənilərin katolikosuna qarşı kobud və sərt davranışı ilə seçilib.

Badalyan deputatın parlamentin müxtəlif strukturlarında qohumlarını işə düzəltdirdiyini də iddia edib. O, bu barədə əvvəllər də mətbuatda məlumatlar yayıldığını bildirib.

Şərhçi Akopyanın Ermənistan Təhlükəsizlik Şurasının katibi, parlamentin keçmiş sədri Alen Simonyana yaxın olduğunu da xatırladıb. Onun sözlərinə görə, deputat əvvəllər Simonyanın köməkçisi olub və onun rəhbərlik etdiyi media qurumunda çalışıb.

Badalyanın diqqətini çəkən əsas məqam isə Akopyanın çıxışı zamanı hakim partiyanın digər deputatlarının reaksiyası olub.

Onun müşahidəsinə görə, ön sıralarda əyləşən bəzi deputatlar həmkarlarının sərt çıxışını nə alqışlayıb, nə də məmnunluqla qarşılayıblar.

Şərhçi iddia edir ki, parlament sədri Ruben Rubinyan Akopyanı fəal şəkildə dəstəkləsə də, hakim çoxluğun bəzi üzvləri baş verənlərə soyuq münasibət göstəriblər.

“Bu, parlament çoxluğu daxilində son vaxtlar müxtəlif epizodlarda özünü göstərən yeni parçalanma xətlərinin yaranmasından xəbər verir”, – deyə Badalyan hesab edir.

Onun fikrincə, hakim partiyanın bəzi deputatlarının narazılığını açıq ifadə etməməsi daxili ziddiyyətlərin mövcud olmadığı anlamına gəlmir.