Paşinyanın qarşısında referendum sınağı – 2027 kritik il olacaq
Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Dublin görüşü sülh prosesində yeni gözləntilər yaradıb. Tərəflər TRIPP layihəsi, sərhədlərin delimitasiyası, ticarət və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Lakin yekun sülh müqaviləsinin imzalanması məsələsində qeyri-müəyyənlik qalır. Odur ki, Paşinyan konstitusiya referendumuna getməyə hazırdırmı və Ermənistan cəmiyyətində bunun siyasi perspektivi necədir sualı aktuallığını qoruyur.
2026-cı ilin sonuna qədər sülh müqaviləsinin imzalanması mümkündürmü, yoxsa proses 2027-ci ilə qalacaq?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Paşinyan referendumun keçirilməsində maraqlı olduğunu tez-tez bəyan edir. Paşinyan da başa düşür ki, Konstitusiya dəyişikliyi məsələsi həll olunmadan Azərbaycanla münasibətlərin tam normallaşdırılması çətin olacaq. Konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddalarının ləğvi üçün isə Ermənistanda referendum keçirilməlidir.
Ermənistanın baş naziri noyabr ayında yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunacağını, bundan sonra geniş müzakirələrin aparılacağını bildirib. Yəni Paşinyan prosesi başlatmağa hazır olduğunu nümayiş etdirir. Lakin layihənin hazırlanması ilə referendumun keçirilməsi tamamilə fərqli siyasi mərhələlərdir.
Paşinyan referndum keçirmək istəyir. Ancaq burada onun qarşısında ciddi daxili siyasi problem dayanır. Hazırda hakim Vətəndaş Müqaviləsi Partiyasının parlamentdə 64 mandatı var. Konstitusiya layihəsini referenduma çıxarmaq üçün isə azı 70 deputatın səsi tələb olunur. Deməli, Paşinyana əlavə altı səs lazımdır. Müxalifət qüvvələri isə indiki mərhələdə bu təşəbbüsə dəstək vermək niyyətində olmadıqlarını bildirirlər. Noyabrın 8-dən etibarən Ermənistanın bir sıra müxalif siyasi qüvvələrinin konstitusiya dəyişikliyinı qarşı kampaniyaya başlaması da vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir.
Paşinyan bu məsələnin həlli üçün iki istiqamətdə mübarizə aparmalıdır. Birincisi, Ermənistan cəmiyyətinə Konstitusiya dəyişikliyinin Azərbaycan qarşısında güzəşt deyil, ölkənin gələcək təhlükəsizliyi və sülh şəraitində inkişafı üçün zəruri addım olduğunu izah etməyə çalışmalıdır. İkincisi, müxalifət referendum qərarının verilməsinə parlamentdə mane olsa növbədənkənar parlament seçkiləri qərarı verməlidir. Paşinyanın noyabrın 2-də parlamentdəki çıxışında da bu yanaşma aydın görünürdü. O, yeni Konstitusiya və sülh məsələsinə müsbət cavab verildiyi təqdirdə erməni cəmiyyətinin əksəriyyətinin referendumda layihəni dəstəkləyə biləcəyini bildirib. Eyni zamanda bəyan edib ki, müxalifətin referenduma, əslində isə sülh prosesinə mane olacağı halda parlamenti buraxıb yeni parlament seçkiləri keçiriləcəyi variantı da mümkündür”.
Politoloq qeyd edib ki, ilin başa çatmasına cəmi 1 ay yarım vaxt qalıb, ona görə də artıq 2026-cı ili də sülh müqaviləsinin imzalandığı il hesab etmək mümkündür: “Ermənistanda hələ referenduma çıxarılacaq konstitusiya layihəsi belə, ictimai müzakirəyə təqdim olunmayıb. Paşinyan öncə bunu etməlidir. İctimai mzakirələrdən sonra Konstitusiya layihəsini referenduma çıxarmaq üçün parlamentdə ən azı 70 deputatın səs verməsini təmin etməlidir. Əgər bunu təmin edə bilsə referendumun vaxtı təyin olunmalıdır. Bir sözlə bütün bu prosedurların hətta normal gedəcəyi halda aylar çəkəcəyi şübhəsizdir. Deməli referendum və sülh müqaviləsi məsələsi 2027-ci ilə keçəcək. Bu baxımdan 2027-ci il bu məsələlər baxımından kritik il olacaq”.
Etibar Seyidağa