Pay torpaqları satıla bilər? - HÜQUQŞÜNASLARIN RƏYİ
Daşkəsən İcra Hakimiyyəti: "Rasim Allahverdiyev haqqında şikayətlər çoxdur, dələduzluq etdiyinə və qanunsuz əməllərinə görə həbsdə olub"
Daşkəsən rayon sakini İsgəndərova Həcər Talıb qızı "Hürriyyət"ə müraciət edərək bildirir ki, 1997-ci ildə ona verilmiş pay torpağı qanunsuz olaraq başqasına satılıb. Şikayətçi deyir ki, rayonun Xoşbulaq kəndində yerləşən özünə məxsus pay torpağı Gəncədə yerləşən notarius rəhbəri Arif və kəndin bələdiyyə sədri Rasim tərəfindən mənimsənilib. Həcər İsgəndərova aidiyyatı qurumlara müraciət etsə, şikayətinə baxılmır.
O iddi edir ki, Gəncədə yerləşən notarius rəhbəri Arif və kəndin bələdiyyə sədri Rasim buna mane olmağa çalışırlar. Rayon sakini hətta onlar tərəfindən təhdid olunduğunu da vurğulayır.
Bəs qanunla pay torpaqları satıla bilərmi? Ümumiyyətlə pay torpaqları xüsusi mülkiyyət sayılır?
Mövzu ilə bağlı hüquqşünaslarla həmsöhbət olduq. Vəkil Adəm Məmmədov deyir ki, pay torpaqlarını ancaq mülkiyyətçinin özündən başqa heç kəs sata bilməz: "Əgər, xanımın əlində pay torpağını təsdiq edən sənədlər varsa, o məhkəmə orqanına müraciət edərək torpağını geri qaytara bilər. Məkəmə də qanuna uyğun olaraq pay torpağını vətəndaşa qaytara bilər. Əlbəttə ki, pay torpağını təsdiq edən sənədlər varsa...Ümumiyyətlə götürdükdə isə pay torpaqları xüsusi mülkiyyət hesab edilir".
Digər hüquqşünas Bəhruz Bayramov isə sualımıza cavab olaraq bildirir ki, xanımın xəbəri olmadan ona aid olan torpaq sahəsinin qanunsuz əlindən alınması və satılması bu artıq cinayət məsuliyyətidir: "Zərərçəkmiş şəxs məhkəmə orqanlarına və prakrorluq orqanlarına müraciət etməlidir. Mənim gəldiyim nəticələrə görə torpaq saxta sənədlərlə ələ keçirilib. Başqasının əmlakını saxta yolla ələ keçirmək və orda tikilinin sökülməsi iddiası qoyula bilər. Qanun bunu sübut edecek ki, torpaq kimin adınadı. Pay torpaqları xüsusi mülkiyyət sayılır".
Daha sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin Mətbuat və İctimaiyyət əlaqələr şöbəsinin müdiri Elmar adlı şəxslə əlaqə saxladıq. Onun sözlərinə görə, Rasim Allahverdiyev bu cür qanunsuz əməllərinə görə həbsdə olub: "Xanımın işi ilə dünən Hurriyyet.az saytında tanış olmuşdum. Amma nəzərinizə çatdırım ki, bizim qurum bələdiyyənin işinə qarışa bilməz. Bu işə Daskəsən rayonunun kənd bələdiyyəsi baxır. Biz torpaq satmırıq, almırıq. Rasim Allahverdiyev haqqında şikayətlər çoxdur. Dələduzluq etdiyinə və qanunsuz əməllərinə görə həbsdə olub. Hazırda Rasim Allahverdiyevin işinə xitam verilib. O Xoşbulaq bələdiyəsinin sədri vəzifəsindı çalışıb".
QEYD: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Jalə FAMİLQIZI,
Hurriyyet.az