📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Pəhləvilər və indi taxta iddia edən şəxs də qatı faşistdir" - FUAD ÇIRAQOV

2023-02-21 14:52:00

"İranda etirazlar başlayanda dediyim bir sözü bir daha deyirəm, yeganə ümid o taylı, bu taylı özümüzədir"

"Münhendə və digər platformalarda Qərb, daha dəqiq desək, ABŞ tərəfindən son zamanlar İran ətrafında cərayan edən proseslər fonunda Pəhləviləri önə çıxartmağa çalışdıqlarını görürük. Bu, bir tərəfdən təəccüb doğurur, digər tərəfdən əsəbləşdirir. Sanki İran üçün başqa alternativlər yoxdu". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov bildirib.

Politoloqun sözlərinə görə, heç kimə sirr deyil ki, üstündən nə qədər vaxt keçsə də İran əhalisinin əksəriyyətinin şaha və Pəhləvilərə nifrəti hələ də böyükdü, qəbul edilmir və dayaqları yoxdur: "Sanki biriləri indiki rejimə İrandakı etirazlar fonunda bu cür formada etirazçıların ruhdan salınması üçün bilərəkdən belə xidmət edir. İndiki rejimə münasibətimi bilirsiz, illər boyu eyni və sabit olub, heç zaman dəyişməyib. Heç zaman normal ola biləcəyi illuziyasında olmamışam. Amma biləsiniz ki, Pəhləvilər və indi taxta iddia edən şəxs də qatı bir faşistdir. Təkcə atasının və babasının etdiklərinə görə demirəm, açın əvvəlki illərdə taxta iddia edən şəxsin çıxışlarına və azlıqların milli hüquqları ilə bağlı bəyanatlarına. Bunları qoyaq qırağa... Əvvəllər dəfələrlə indiki demokrat administrasiyasının İran sevdası haqqında yazmışam. Etirazların ilk günündə yazdım ki, baxarsınız nə qədər bu işıqlandırılacaq, nə qədər rejimin öz əhalisinə qarşı tutduğu divana görə adekvat reaksiya olacaq. Dövlət Departamentinin təkcə son aylarda İranla bağlı verilən suallara cavablarını təhlil edin. Bir dəfə tv-də də dedim ki, indiki administrasiya İranın hər kaprizlərinə dözür. Mən gözləyirdim ki, Rusiyaya dron və silah verəndən sonra bəlkə dəyişər, həqiqətən də belə ehtimal artdı. Amma yox olmadı".

Fuad Çıraqov qeyd edib ki, bu qədər həngamədən sonra yenə də gizli danışıqlara gedirlər: "Bütün bunların arxasında indiki administrasiya daxilində duran şəxsin adını deyim sizə - Robert Malley. Sadəcə olaraq onun adını "tvitter"də və "google"da axtarışa verin oxuyun. Onu Sorosun protejesi də adlandırırlar. Oğlu İran lobbi təşkilatlarında çalışır, Trita Parsi kimi insanla yaxındı. Yeri gəlmişkən, oğlu Qərb mediasında Azərbaycana qarşı ağzına gələni yazan Ermənistanı və İranı açıq müdafiə edən Eldar Məmmədovla da yaxındı. Çox guruldayırdı, bu yaxınlarda Avropa İttifaqı parlamentində Qatardan korrupsiya skandalı mövzusunda ittiham irəli sürdülər, qazını aldılar. Adım kimi əminəm o korrupsiyanın bir ucu İrandadı. Robert Malley haqqında isə həvəsim olsa ayrıca yazaram. İranda etirazlar başlayanda dediyim bir sözü bir daha deyirəm, yeganə ümid o taylı, bu taylı özümüzədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az