Pekresin Xankəndi səfəri: Diasporun məqsədi budur
Bu səfər daha çox simvolik xarakter daşıyır. Burada əsas məqsəd Ermənistanda olan fransalı erməni əsilli seçicilərin səsini qazanmaq, erməni biznesi və diasporunun imkanlarından seçkidə istifadə etməkdir. Prezidentliyə namizədlərin hamısı Ermənistana buna görə səfər edirlər.
Hurriyyet.az bildirir ki, bu sözləri Axar.az-a siyasi analitik, politoloq Turab Rzayev Fransa prezidentliyinə namizəd Valeri Pekresin Ermənistan və Azərbaycanın rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Xankəndiyə səfəri barədə danışarkən deyib.
“Erməni lobbisi də bu məsələdən istifadə edib bütün dünyanın diqqətini Qarabağa yönəltmək istəyir. Ermənistan bu məsələdən Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə gələcəkdə hər hansı bir legitimləşdirmə və status qoparmaq üçün istifadə edə bilər. Bu isə bizim üçün qəbulolunmazdır. Biz açıq şəkildə birbaşa Qarabağa hər hansı Fransa rəsmi nümayəndəsinin gəlişinə qarşı olduğumuzu göstərməliyik. Düşünürəm ki, Fransa səfirliyi Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılmalıdır. Açıq şəkildə bildirilməlidir ki, Fransanın nə deputatı, nə prezidenti, nə də prezidentliyə namizədi Azərbaycan ərazisinə rəsmi icazəsi olmadan səfər edə bilər. Bu, Azərbaycan suverenliyinə və ərazi bütövlüyünə ziddir”, - stratejist siyasi analitik bildirib.