📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pənah Hüseyndən Arif Hacılının ittihamlarına cavab: Əgər konkret fakt varsa…

2024-01-10 14:37:04

Pənah Hüseyndən Arif Hacılının ittihamlarına cavab: Əgər konkret fakt varsa…

Müsavat Partiyasının başqanı Arif Hacılı təsisçilərindən biri olduğu Elçibəy İnstitutundan istefa verib. O, buna səbəb kimi Elçibəy İnstitutunun aparıcı üzvlərinin Əbülfəz Elçibəyin yüksək adından onun irsini tədqiq və təbliğ etmək üçün deyil, Müsavatın təməl prinsipləri ilə üst-üstə düşməyən şəxsi maraqları naminə istifadə etməsini göstərib.

Hurriyyet.az xəbər verir ki, medianews.az Müsavat başqanı A.Hacılının istefasına və səsləndirdiyi ittihamlara Elçibəy İnstitutunun digər təsisçisi, Azərbaycan Xalq Partiyası sədri Pənah Hüseynin münasibətini öyrənib.

AXP sədri Müsavat başqanının məlum açıqlama ilə çıxış etməsini və Elçibəy İnstitutundan istefasını təəssüflə qarşılayıb. Bildirib ki, Elçibəy İnstitutunun icraçı direktorunun, eləcə də digər şəxslərin bu barədə əvvəlcədən məlumatı olmayıb: “Mən təəssüf edirəm ki, Arif Hacılı belə bir bəyanatla çıxış edib. Çünki Arif bəy Azərbaycanın tanınmış ictimai-siyasi xadimlərindən biridir, ölkədə proseslərə təsir etmək gücündə olan Müsavat Partiyası kimi tarixi siyasi təşkilatın başqanıdır. O, vaxtilə Əbülfəz Elçibəyin ətrafında olan, onun ən yaxın silahdaşlarından biri sayılan şəxsdir. Onun istefasını və açıqlamasını bu gün eşitdim. Həm partiyadan, həm də mediadan bununla bağlı mənə də müraciətlər ediblər. Görünür ki, istefa açıqlamasını mətbuata verib. Elçibəy İnstitutunun icraçı direktorunun, eləcə də digər şəxslərin bundan məlumatı olmayıb. Arif bəy belə bir addım atacağı barədə onlara bir söz deməyib. Bununla belə, hər bir mövqeyə hörmətlə yanaşmaq lazımdır”.

AXP sədri P.Hüseyn Elçibəy İnstitutunun aparıcı üzvlərinin ünvanına səsləndirilən ittihamlara da aydınlıq gətirib: “Mən onun açıqlamasının mətni ilə tanışam. Hesab edirəm ki, Arif bəy Elçibəy İnstitutunun aparıcı şəxsləri barədə səsləndirdiyi fikirlərə özü aydınlıq gətirsə daha yaxşı olar. İnstitutun aparıcı şəxsləri haqqında qeyd olunan ittihamlar qəbuledilən deyil. Əgər bu ittihamları əsaslandıran konkret bir səbəb, fakt varsa, münasibətimizi əlavə olaraq bildirəcəyik. Bir daha vurğulamaq istəyirəm ki, Elçibəy İnstitutunun aparıcı şəxslərinin “Əbülfəz Elçibəyin yüksək adından şəxsi maraqları naminə istifadə etməsi” fikrinə Arif bəy özü aydınlıq gətirsə daha yaxşı olar. Çünki bu, konkret ad çəkilmədən ümumi bir ifadədir”.