PENSİYA ALA BİLMƏYƏNLƏRİN SAYI 10 DƏFƏ ARTIB.... - Təqaüd almaq niyə çətinləşib?
Azərbaycanda yaşa görə sosial müavinət alanların sayı son 16 ildə 10 dəfədən çox artıb.
Hurriyyet.net Dövlət Sosial Müdafiə Fondunun açıqladığı məlumatlara istinadən xəbər verir ki, 2026-cı ilin sentyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 179 min 525 nəfər olub. Onların 40,4 faizini kişilər, 59,6 faizini isə qadınlar təşkil edib.
Rəsmi statistikaya əsasən, 2010-cu ildə Azərbaycanda yaşa görə aylıq sosial müavinət alanların sayı cəmi 17 min 781 nəfər olub ki, bu da son 16 ildə 10,1 dəfəlik artım deməkdir. Müavinət alanların sayındakı artım elə cari ildə də davam edib. Belə ki, yanvar ayında onların sayı 168 min 959 nəfər olduğu halda, sentyabr ayına qədər 10 min 566 nəfər və ya 6,3 faiz artım qeydə alınıb.
Məlumat üçün bildirək ki, yaşa görə aylıq sosial müavinət pensiya yaşına çatmasına baxmayaraq, əmək pensiyası almaq hüququ olmayan şəxslərə təyin edilir. Başqa sözlə, bu rəqəmlər onu göstərir ki, əmək pensiyası hüququ əldə edə bilməyən yüz minlərlə insan sosial müavinətlə kifayətlənməli olur ki, hazırda bu müavinətin aylıq məbləği cəmi 220 manat təşkil edir…
Digər bir məqam isə odur ki, hər il ölkədə minlərlə insan ümumiyyətlə pensiya yaşına çata bilmədən dünyasını dəyişir. Məsələn, açıqlanan rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda 59 min 834 nəfər vəfat edib və onların 37,4 faizini və ya 22 min 361 nəfərini 65 yaşına çatmamış şəxslər təşkil edib. Pensiya yaşına çatmadan vəfat edənlər arasında kişilərin xüsusi çəkisi daha yüksək olub. İl ərzində vəfat edən kişilərin 45,2 faizi və ya 14 min 782 nəfəri 65 yaşına çatmadan dünyasını dəyişib. Qadınlar arasında isə bu göstərici 7 min 579 nəfər və ya vəfat edən qadınların 17,9 faizi olub.
Xatırladaq ki, 2010-cu ildə Azərbaycanda yaşa görə əmək pensiyası hüququ kişilər üçün 62, qadınlar üçün isə 57 yaşdan yaranırdı. Bunun üçün azı 12 il sığorta stajının olması tələb edilirdi. Sonrakı illərdə pensiya yaşının mərhələli şəkildə artırılması nəticəsində kişilərin pensiya yaşı 65-ə, qadınların pensiya yaşı isə 2026-cı il iyulun 1-dən etibarən 65-ə çatdırılıb. Beləliklə, son 16 ildə kişilərin pensiya yaşı 3 il, qadınların pensiya yaşı isə 8 il artırılıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli "AzPolitika"ya bildirib ki, Azərbaycanda pensiya yaşına çatdığı halda əmək pensiyası ala bilməyən insanların sayının artmasının əsas səbəblərindən biri əmək fəaliyyəti dövründə onların fərdi hesablarında kifayət qədər pensiya kapitalının formalaşmamasıdır:
"Bu məsələyə yalnız pensiya sisteminin tələbləri baxımından deyil, həm də əmək bazarının strukturu, qeyri-rəsmi məşğulluq və əhalinin gəlirlərinin rəsmiləşdirilməsi baxımından yanaşmaq lazımdır. Sovet dövründə və müstəqilliyin ilk illərində əmək fəaliyyəti ilə məşğul olmuş insanların bir hissəsinin iş stajı olsa da, həmin dövrlər üzrə məlumatların fərdi uçot sistemində tam əks olunmaması və ya sonrakı illərdə sosial sığorta ödənişlərinin lazımi səviyyədə aparılmaması onların pensiya hüququ əldə etməsini çətinləşdirə bilər. Digər tərəfdən, uzun müddət qeyri-rəsmi çalışan, əmək müqaviləsi olmadan işləyən və ya faktiki əməkhaqqının yalnız bir hissəsi rəsmiləşdirilən şəxslərin fərdi hesablarında yetərli pensiya kapitalı yığılmır".
İqtisadçı qeyd edir ki, hazırda Azərbaycanda yaşa görə əmək pensiyası almaq üçün fərdi hesabda minimum pensiya məbləğini təmin edən kapital olmalıdır:
"Bu, hazırkı minimum pensiya məbləği əsasında 46 080 manat təşkil edir. Belə kapital olmadıqda, ümumi qayda ilə azı 25 il sığorta stajı tələb olunur.Digər mühüm məsələ pensiya yaşının artırılmasıdır. 2026-cı ilin iyulundan etibarən həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65-dir. Bu dəyişiklik də əmək pensiyası yaşına çatan şəxslərin sayına və onların pensiya təminatına təsir edən amillərdən biridir".
"Məncə, problemin həlli üçün ilk növbədə pensiya hüququ olmayan şəxslərin vəziyyəti ətraflı təhlil edilməlidir. Onların nə qədərinin qeyri-rəsmi işlədiyi, nə qədərinin aşağı əməkhaqqı aldığı, hansı hissəsinin isə əvvəlki əmək fəaliyyətinə dair sənədlərini təqdim edə bilmədiyi müəyyənləşdirilməlidir. Çünki bütün bu insanları eyni səbəbdən pensiyasız qalan şəxslər kimi qiymətləndirmək düzgün olmaz.Digər tərəfdən, əmək pensiyası hüququ olmayan və işləməyən şəxslərə yaşa görə sosial müavinət verilməsi onların sosial müdafiəsi baxımından vacibdir. Lakin sosial müavinət əmək pensiyasını tam əvəz etmir və xüsusilə qiymət artımları şəraitində yaşlı insanların ehtiyaclarını qarşılamaqda yetərsiz qala bilər", - deyə ekspert qeyd edib.
İqtisadçının sözlərinə görə, qeyri-rəsmi məşğulluğun azaldılması, əməkhaqlarının tam rəsmiləşdirilməsi və sosial sığorta əhatəsinin genişləndirilməsi, eləcə də uzun illər işlədiyi halda pensiya hüququ qazana bilməyən şəxslər üçün ədalətli keçid mexanizmlərinin nəzərdən keçirilməsi vacibdir.