Pentaqon 200 milyard tələb edir- İranla savaş üçün
ABŞ Müdafiə Nazirliyinin İrana qarşı hərbi əməliyyatları davam etdirmək məqsədilə 200 milyard dollardan artıq əlavə büdcə tələbi hazırladığı iddia edilir.
"The Washington Post" qəzetinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, Pentaqon bu vəsaitin ayrılması üçün Ağ Evə müraciət edib.
Məlumatda qeyd olunur ki, Ağ Evin konqresə təqdim edəcəyi yekun büdcə hələ dəqiqləşməyib. Bildirilir ki, Müdafiə Nazirliyi son iki həftə ərzində müxtəlif maliyyələşdirmə paketləri təklif edib.
Ekspertlər hesab edir ki, sözügedən məbləğ Donald Tramp administrasiyası dövründə həyata keçirilən hava əməliyyatlarının ümumi xərclərini belə üstələyə bilər.
Bununla yanaşı, Ağ Evin bəzi yüksək vəzifəli şəxslərinin bu büdcə tələbinin Konqres tərəfindən təsdiqlənəcəyinə şübhə ilə yanaşdığı bildirilir. Xüsusilə münaqişəyə qarşı çıxan konqresmenlərin ciddi müqavimət göstərə biləcəyi vurğulanır.
Xəbərdə həmçinin qeyd olunur ki, Pentaqon məsələ ilə bağlı rəsmi şərh verməkdən imtina edib, Ağ Ev isə mediadan gələn sorğulara hələlik cavab verməyib.