📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pentaqon Şimali Koreyadan atılan raketlə bağlı AÇIQLAMA VERDİ

2022-01-05 19:41:00

Pentaqon Şimali Koreyadan atılan raketlə bağlı AÇIQLAMA VERDİ

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) atdığı raketin ABŞ və onun müttəfiqləri üçün birbaşa təhlükə yaratmadığını bəyan edib.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit Okeanı Komandanlığının bu gün yayılan açıqlamasında verilib.

Raket Yapon dənizinə düşmüşdü.

Açıqlamada deyilir: “Biz ballistik raket atılmasından xəbərdarıq və öz müttəfiqlərimiz və tərəfdaşlarımız ilə daima məsləhətləşirik. Bizim qiymətləndirmələrimizə görə, baş verənlər ABŞ-ın, həmçinin müttəfiqlərimizin hərbçiləri və əraziləri üçün birbaşa təhlükə təşkil eləmir. Bu ballistik raket atışı isə KXDR-in qeyri-qanuni silahlanma proqramının sabitliyi pozan təsirini vurğulayır. ABŞ-ın Koreya Respublikası ilə Yaponiya dövlətinin müdafiəsinə bağlılığı sarsılmaz olaraq qalır”.

Yaponiyanın sahil mühafizəsi xidməti raketin Yapon dənizinin ortasına düşdüyünü xəbər vermişdi. NHK telekanalı bildirir ki, ilkin qiymətləndirmələrə görə, raketin düşdüyü ərazi Yaponiyanın müstəsna iqtisadi zonasının sərhədlərindən kənarda yerləşir. KXDR axırıncı dəfə raket sınağını ötən ilin oktyabr ayında keçirmişdi.

 

Hürr Tərcüman

Hurriyyet.az