📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskov sülhməramlıların gələcəyi ilə bağlı açıqlama verdi

2023-10-11 15:11:00

Peskov sülhməramlıların gələcəyi ilə bağlı açıqlama verdi

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda nə qədər qalacağı ilə bağlı məsələnin bundan sonra Moskva ilə Bakı arasında müzakirə ediləcəyini bildirib.

Jurnalistlərin bu məsələnin Bişkekdə keçiriləcək MDB sammitində müzakirə edilib-edilməyəcəyi ilə bağlı sualının cavabında Peskov deyib: “Əlbəttə ki, biz erməni dostlarımızla da təmaslarımızı davam etdirəcəyik”. (Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qırğızıstan Prezidenti Sadır Japarovla telefon söhbəti zamanı Bişkekdə keçirilməsi planlaşdırılan MDB sammitində iştirak edə bilməyəcəyini bildirib.)

Bəlli olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 10-da verdiyi müsahibə zamanı rusiyalı sülhməramlıların Qarabağdan çıxacağı təqdirdə, Ermənistana yox, Rusiyaya getməli olduqlarını bildirib.

Peskov bu sözləri şərh edərkən həmin məsələnin Putinlə Paşinyanın telefon söhbəti zamanı müzakirə edilmədiyini söyləyib.

Peskov deyib: “Bizim sülhməramlılarımız de-yure və de-fakto Azərbaycan ərazisindədirlər, Ermənistanın Baş naziri Nikol Paşinyan da həmin ərazilərin Azərbaycana məxsus olduğunu tanıyıb”.

RF Prezidenti V.Putin 5 oktyabr tarixli çıxışında bildirmişdi ki, Azərbaycan Rusiyaya Qarabağdakı rusiyalı sülhməramlıların statusu məsələsi barəsində ikitərəfli əsasda razılaşmağı təklif edib, Ermənistan da bu təkliflə razılaşıb.

Hürr Tərcüman