Peskov: “Türkiyə ilə tərəfdaş olsaq da, Krım məsələsində...”
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Krım məsələsində Türkiyə ilə Rusiya arasında ciddi fikir ayrılığı olduğunu söyləyib.
Peskov deyib: “Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətləri var. Lakin bu, həmin ölkələrin mövqeləri arasında fərqlərin olmadığı demək deyil”.
Bəlli olduğu kimi, bu günlərdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kiyevin dəvəti ilə “Krım platforması” sammitində iştirak edib. Çavuşoğlu sammitdəki çıxışında bu təşəbbüsün yarımadanın qaytarılmasına mühüm rol oynayacağını bəyan edib.
Peskov deyib: “Ciddi fikir ayrılıqlarının olduğu mövzulardan biri də elə Krım mövzusudur. Bizim üçün türk həmkarlarımızın bu mövqeyi qəbuledilməzdir, bu mövqeyi tamamilə yanlış hesab edirik”.
Peskov bundan əvvəlki çıxışında həmin forumu “Rusiya əleyhinə tədbir” adlandırmışdı.