📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pezeşkian İranın üzvü olmadığı MDB sammitinə buna görə dəvət edilib

2026-10-07 20:52:04

Pezeşkian İranın üzvü olmadığı MDB sammitinə buna görə dəvət edilib

Sabah Türkmənistanda Müstəqil Dövlətlər Birliyi dövlət başçıları Şurasının geniş tərkibli iclası keçiriləcək. İran Prezidenti Məsud Pezeşkian ilk dəfə Türkmənistanda keçiriləcək MDB Dövlət Başçıları Şurasının geniş tərkibli iclasında iştirak edəcək.

Rusiya mediası xəbər verir ki, bu barədə ölkə Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

"MDB tarixində ilk dəfə olaraq geniş tərkibli iclasa İran Prezidenti Məsud Pezeşkian dəvət edilib. O, həmçinin Xəzər ekologiya sammitində iştirak edəcək", – Uşakov qeyd edib.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putin bu tədbirlərdə iştirak etmək üçün oktyabrın 8–9-da Türkmənistana işgüzar səfər edəcək.

İranın MDB üzvü olmadığı məlumdur. İran prezidentini üzvü olmadığı qurumun iclasına Rusiya tərəfinin dəvət etdiyi də bəllidir. Məsud Pezeşkianın MDB dövlət başçıları Şurasının iclasında iştirak etməsi Rusiya üçün nədən bu qədər əhəmiyyətli hesab olunub? İran tərəfi üçün sözügedən iclasa qatılmağın hansı əhəmiyyəti var?
Xəyal Bəşirov: BBC kimi ermənipərəst bir media qurumunun bu addımları  hazırkı məqamda heç də təsadüfi deyil - AZƏRTAC

Politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, İranın MDB-yə üzv olmamasına baxmayaraq, Pezeşkianın dəvət olunması adi protokol addımı hesab olunmamalıdır: “Türkmənistanın rəsmi proqramında da Pezeşkianın MDB Dövlət Başçıları Şurasına xüsusi qonaq kimi qatılacağı göstərilir. Rusiya üçün Pezeşkianın MDB sammitinə dəvət olunması ilk növbədə Moskvanın İranla strateji münasibətlərini daha geniş regional platformaya çıxarmaq baxımından əhəmiyyətlidir. Burada söhbət təkcə Rusiya-İran münasibətlərindən getmir. Moskva İranı Xəzər hövzəsi, Mərkəzi Asiya, Cənubi Qafqaz və bütövlükdə Avrasiya məkanında mühüm geosiyasi aktor kimi təqdim etməyə çalışır.

İran MDB üzvü deyil, lakin bu təşkilatın üzvü olan dövlətlərin əksəriyyəti İranla həm coğrafi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından birbaşa əlaqədədir. Ona görə Pezeşkianın sammitdə iştirakı Rusiyaya İranı MDB məkanında daha fəal tərəf kimi nümayiş etdirmək imkanı verir. Bu, eyni zamanda Moskvanın Qərbin siyasi və iqtisadi təzyiqləri fonunda özünün alternativ əməkdaşlıq platformalarının genişləndiyini göstərmək cəhdi kimi də qiymətləndirilə bilər. Moskva üçün bu dəvət Qərbdən kənarda formalaşdırmağa çalışdığı çoxqütblü regional əməkdaşlıq modelinin nümayişidir.

Digər mühüm məqam Xəzər amilidir. Pezeşkianın həm MDB toplantısına, həm də Xəzər ekoloji sammitinə qatılması təsadüfi deyil. Xəzər dənizinin təhlükəsizliyi, nəqliyyat marşrutları, enerji, ekologiya və sahilyanı dövlətlər arasında əməkdaşlıq məsələləri İran üçün strateji əhəmiyyət daşıyır”.

Ekspert hesab edir ki, İran üçün isə əsas maraq regional təcrid görüntüsünü aradan qaldırmaqdır: “Tehran xüsusilə Qərblə münasibətlərin gərgin olduğu bir dövrdə Rusiya, Mərkəzi Asiya və Xəzər hövzəsi ölkələri ilə siyasi və iqtisadi əlaqələri daha da genişləndirməyə çalışır. Pezeşkianın belə geniş tərkibli toplantıda iştirakı İranın regiondakı diplomatik manevr imkanlarını artırır. Pezeşkianın səfəri Putinlə birbaşa görüş üçün də mühüm fürsətdir”.