Pilotun indoneziyalı olduğu bilindi – İsrail təyyarəni geri çevirdi
İsrail hakimiyyəti Efiopiyadan Təl-Əvivə uçan yük təyyarəsinin ölkəyə enişinə icazə verməyib. Buna səbəb ekipaj üzvlərindən birinin İndoneziya vətəndaşı olmasıdır. Təyyarə havada yanacağının bir hissəsini boşaltdıqdan sonra geri qayıtmağa məcbur olub.
Hurriyyet.net verir ki, bu barədə İsrailin “Ynet” portalı məlumat yayıb.
Məlumata əsasən, hadisə “Ethiopian Airlines” aviaşirkətinin Əddis-Əbəbədən Təl-Əvivə həyata keçirdiyi uçuş zamanı baş verib.
Təyyarə havaya qalxdıqdan sonra İsrailin aviasiya qurumları ekipaj üzvlərinin siyahısını alıblar. Yoxlama zamanı pilotlardan birinin İndoneziya vətəndaşı olduğu müəyyən edilib.
İsrailin aviasiya qaydalarına əsasən, ölkə ilə diplomatik münasibətləri olmayan dövlətlərin vətəndaşları İsrailə uçuş həyata keçirən təyyarələri idarə edə bilməzlər. İndoneziya ilə İsrail arasında diplomatik münasibətlər olmadığından yük təyyarəsinin enişinə icazə verilməyib.
Nəticədə təyyarə yanacağının bir hissəsini havada boşaldaraq Efiopiyaya qayıdıb. İndoneziyalı pilot başqa pilotla əvəzləndikdən sonra təyyarə yenidən İsrailə uçub və Təl-Əviv hava limanına enib.
“Ynet” yazır ki, İsrail aviasiya orqanları sentyabrın 30-da “Flydubai” aviaşirkətinin təyyarəsində baş vermiş təhlükəsizlik insidentindən sonra yoxlamaları sərtləşdiriblər.
Həmin gün Dubaydan Təl-Əvivə uçan sərnişin təyyarəsi Səudiyyə Ərəbistanının Təbuk hava limanına təcili eniş edib.
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin oktyabrın 1-də açıqladığı məlumata görə, buna ikinci pilotun təyyarə komandirinə hücum etməsi səbəb olub. Hadisə nəticəsində hər iki pilot müxtəlif dərəcəli xəsarətlər alıb.
Onların səhhəti yaxşılaşdıqdan sonra BƏƏ təhlükəsizlik əməkdaşlarının müşayiəti ilə Əbu-Dabiyə aparıldıqları, ekipajın digər altı üzvünün isə Dubaya qayıtdığı bildirilib.
BƏƏ hakimiyyəti hadisənin səbəbləri və təhlükəsizlik prosedurları ilə bağlı araşdırmanı davam etdirir.