"PKK İraq üçün də təhdiddir" - "40 km dərinlikdə təmizlik aparılacaq" - Türkiyənin müdafiə naziri
Hurriyyet.az xəbər verir ki, Türkiyənin müdafiə naziri Yaşar Güler "Hürriyet" nəşrinə müsahibəsində Türkiyə ilə İraqın birgə operativ antiterror mərkəzinin yaradılması məsələsini yenidən müzakirə eləməyə hazırlaşdıqlarını bildirib. Nazir Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında yeni hərbi əməliyyat keçirəcəyini və müvafiq müzakirələrin aparıldığını qeyd edib.
Yaşar Güler fevral ayında özünün və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbərliyinin İraqa səfər etdiklərini, Bağdadda və Ərbildə danışıqlar apardıqlarını xatırladıb. Danışıqların əsas mövzusu Türkiyədə qadağan olunmuş PKK təşkilatına qarşı mübarizə və İraq ərazisi ilə İran körfəzindən Türkiyəyə aparan beynəlxalq nəqliyyat marşrutu olacaq "İnkişaf yolu"nun tikintisi məsələləri olub.
Türkiyənin milli müdafiə naziri deyib: "Bağdadda da PKK-nın İraq üçün təhlükə olduğu qeyd edilib. Bu terror təşkilatı İraqın şimalındakı yüzlərlə kəndin sakinin öz yurdlarında sıxışdırıb. İki il əvvəl biz birgə operativ mərkəz yaradılmasını təklif elədik. İraqda bu təklifə müsbət reaksiya versələr də, hələlik bununla bağlı addımlar atmamışıq. Mart ayında Bağdadda keçiriləcək görüşümüzdə həmin məsələ yenidən gündəliyimizdə olacaq".
Nazir Türkiyənin Şimali İraqda aparacağı yeni əməliyyatının hədəfinin İraqla sərədin tam təhlükəsizliyinin təmin edilməsi və 40 km dərinliyə qədər təhlükəsizlik zonasının yaradılması olduğunu deyib: "Biz 30-40 km məsafəni nəzərdən keçiririk - həmin məsafədə terrorçuların varlığı təhlükəsizliyimizə təhdiddir. 30-40 km dərinlikdə əraziləri təmizləməklə, sərhədlərimizin təhlükəsizliyini təmin eləmiş olarıq. Bu ilin yayında sərhədlərimizin müdafiəsi və terror təhdidinin aradan qaldırılması ilə bağlı tədbirləri başa çatdıracağıq".
Hürr Tərcüman