"PKK/YPG-yə qarşı özümüzü müdafiə haqqımızdan istifadə edirik" - HULUSİ AKAR
"Türkiyə dost və müttəfiqlərindən bu terror təşkilatı ilə bütün əlaqələri kəsmələrini, terror bəlasına qarşı mübarizədə səmimi həmrəylik və əməkdaşlıq etmələrini gözləyir"
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İtaliyanın "İl Messaggero" qəzetinə müsahibəsində gündəmlə bağlı sualları cavablandırıb və ilginc açıqlamalar verib. Hurriyyet.az Türkiyə mediasına istinadən xəbər verir ki, "BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə haqqımızı ölkəmizi və sərhədlərimizi qorumaq üçün istifadə edirik" deyən Hulusi Akar bunu edərkən heç kimdən icazə almağa ehtiyac duymadıqlarını da bəyan edib.
Milli müdafiə naziri qeyd edib ki, Türkiyə dost və müttəfiqlərindən bu terror təşkilatı ilə bütün əlaqələri kəsmələrini, terror bəlasına qarşı mübarizədə səmimi həmrəylik və əməkdaşlıq etmələrini gözləyir. Türkiyənin Ukrayna-Rusiya müharibəsinin sona çatması istiqamətində göstərdiyi səylərə diqqət çəkən Akar "Sizcə müharibəni qısa zamanda bitirmək mümkündürmü" sualına cavabında Türkiyənin regional problemləri olduğunu bildirib. Qlobal sülh və sabitliyin beynəlxalq hüquq çərçivəsində həll edilməli olduğunu bildirən Akar bunun sülh, dialoq və danışıqlar yolu ilə mehriban qonşuluq, qarşılıqlı xoşməramlılıq və hörmət çərçivəsində həll olunacağına inandığını deyib: "Rusiya-Ukrayna müharibəsində Türkiyənin yanaşması ilk gündən belə olub. Bu kontekstdə biz NATO çərçivəsində həyata keçirilən bütün tədbirləri və siyasətləri dəstəkləməklə yanaşı, münaqişənin başlanğıcından bəri aktiv diplomatiya da aparırıq. Xüsusilə, təcili, ən azı humanitar, atəşkəs və diplomatik həllə diqqət yetirdik. Cənab Ərdoğanın rəhbərliyi altında Türkiyənin göstərdiyi səylərin ən mühüm nəticələrindən biri də bütün dünyanı təhdid edən ərzaq çatışmazlığından yaranan böhranın aradan qaldırılmasına yardım göstərilməsi olub. Məqsədimiz münaqişə başlayandan sonra iki tərəfin ilk dəfə bir araya gəldiyi İstanbul prosesini davam etdirməkdir".
Hurriyyet.az