📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Polis bölməsində deyilir ki, "dələduzluğa cinayət işi açıla bilməz" - 5700 MANATI MƏNİMSƏNİLƏN VƏTƏNDAŞ

2021-12-24 15:16:00

Abşeron rayonunun Fatmayi kənd sakini Ramilə Qulu qızı Əhmədxanlı "Hürriyyət"ə yenidən müraciət edərək bildirib ki, sahibi olduğu dükanda fəhlə kimi çalışan şəxsin dələduzluğuna məruz qalıb. Onun sözlərinə görə, 4-5 aya yaxındır yanında işləyən Tural Abdulhəsənov mebelləri boşaltmaq üçün getdiyi mənzillərdən ondan xəbərsiz olaraq pul vəsaitləri alaraq mənimsəyib. R.Əhmədxanlı deyir ki, Turan Abdulhəsənov tərəfindən ona ümumilikdə 5700 manat dəyərində ziyan vurulub. İşə Suraxanı rayon polis idarəsində baxılmağına baxmayaraq, şübhəli şəxs hələ də azadlıqdadır. Polis idarəsindən zərərçəkənə bildirilib ki, iş Suraxanı rayon prokurorluğuna göndərilib.

O işin obyektiv araşdırılması üçün Baş prokuror Kamran Əliyevə və Daxili İşlər Naziri Vilayət Eyvazova müraciət ünvanlayıb:

"Mən bu ölkənin vətəndaşıyam. Qanun orqanlarından öz haqqımı tələb edirəm. Bu adam dələduzluq edibdir. İki dəfə mənə qarşı dələduzluq edib, üstəlik də polisi aldadıb. Hər bir vətəndaş kimi mən də polisə güvənirəm. Heç bir dəfə də olsun pulu apardığı müştərilərdən izahat alınmayıb, yalandan məni ora bura çağırırlar ki, "narahat olma dələduzluqdu, iş açılacaq, sizə dəyən 5700 manat ziyan qaytarılacaq".

Amma sonra nədənsə hansısa "fövqəltəbii" əl bu işə qarışır. On aydır ki, qapı-qapı gəzdirirlər. Nəticədə eyni ssenari təkrarlanır. Mənə polis bölməsində deyilir ki, "dələduzluğa cinayət işi açıla bilməz".

Bəs mediada gördüyümüz bir çörək, bir qazlı su, çörək oğurlayan şəxslər niyə cəzalanır?...5700 manat az məbləğdir?...Bu adam cəmiyyət üçün təhlükəli, lazım olanda cırıq ayaqqabısı ilə polis idarəsinə gəlib "yazıq görünüş" forması alan şəxsdir. Cənab Baş prokuror Kamran Əliyev və Daxili İşlər naziri cənab Vilayət Eyvazovdan işin obyektiv araşdırılmasını xahiş edirəm. Təəssüf edirəm ki, hüquq-mühafizə orqanlarım işi obyektiv şəkildə araşdırmır. Mənə zərərçəkənəm. Dələduzluğa məruz qalmışam. Lakin dələduzluq edən şəxs hələ də azadlıqda gəzir. Hadisə şahidləri də dindirilməyib".

Məsələ ilə bağlı Baş Prokurorluqla əlaqə saxladıq. Prokurorluqdan "Hürriyyət"ə bildirilib ki, sözgüdən məsələ Suraxanı rayon prokurorluğuna göndərilməyib. Qeyd edilib ki, işə Suraxanı rayon Polis İdarəsi baxır.

Daha sonra Daxili İşlər nazirliyi ilə əlaqə saxladıq. DİN Mətbuat Xidmətindən "Hürriyyət"ə verilən məlumata görə, vətəndaşa izah edilib ki, iş mülki məsələ olduğundan məhkəmə orqanına müraciət edilməlidir.

QEYD: Son illərdə ölkədə dələduzluq cinayətlərinin törədilməsi hallarında artım müşahidə olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 178.1-ci maddəsinə əsasən, dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir. 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə  3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

YƏHYA