📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Politoloq Yusif Bağırzadə:”Rusiya problemin birdəfəlik həllində maraqlı deyil”

2022-12-10 23:49:00

Politoloq Yusif Bağırzadə:”Rusiya problemin birdəfəlik həllində maraqlı deyil”

“Rusiya sülhməramlıları artıq uzun müddətdir ki, öz mandatlarına uyğun olmayan fəaliyyət sərgiləyirlər.”

Hurriyyet.Az xəbər verir ki, bu barədə Yenilik.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib. O deyib ki, “Ərazilərimizdəki mədənlərin qanunsuz istismarına göz yumulması, erməni hərbi birləşmələrinin sülhməramlıların gözü qarşısında ərazilərimizdə səngərlər qazması, Laçın dəhlizi vasitəsilə separatçılara silah daşınması, xüsusi xidmət orqanlarının əməkdaşları olduğu deyilən 27 iran vətəndaşının ərazilərimizə qeyri-qanuni buraxılması, eləcə də toponimlərimizin adının “erməniləşdirilməsi” istiqamətində atılmış addımlar da onların öz səlahiyyət hədlərini aşmasının ən bariz göstəricisidir. Azərbaycan ərazilərinin adlarını erməni mənbələrində göstərilən şəkildə yazması heç bir halda təsadüf sayıla bilməz. Əgər bu təsadüf və ya məlumatsızlıqdan qaynaqlanan yanlışlıq olsaydı o zaman Azərbaycan Müdafiə Nazirliyinin həmin yanlışlığı aradan qaldırılması üçün artıq yeddi dəfə etdiyi müraciət öz həllini tapar və həmin səhv aradan qaldırılardı.” 

Y.Bağırzadə qeyd edib ki, “Əgər Rusiya rəsmi Bakının müraciətlərinə baxmayaraq yenə də öz bildiyini edirsə, yenə də ərazilərimizin adlarını “erməniləşdirməyə” davam edirsə, üstəlik öz rəsmi məlumatlarında artıq inzibati ərazi vahidi kimi mövcud olmayan “Dağlıq Qarabağ” ifadəsindən istifadə edirsə demək ki, məqsəd başqadır. İndiki halda məqsəd Azərbaycan təzyiq göstərməkdən ibarətdir.” 
“Nəyin bahasına olursa olsun regionda mövcudluğunu qoruyub saxlamağa cəhd edən Rusiya, sülhməramlıların mandatnın uzadılması ilə bağlı müraciətlərə Azərbaycan tərəfindən müsbət cavab ala bilmədiyi üçün bu cür metodlardan istifadə edir” deyən politoloq əlavə edib:“Rusiya başa düşür ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını uzun müddət üçün tormozlamaq mümkün olmayacaq. Odur ki, indi əsas gücünü Ermənistana təzyiqdan daha çox separatçı rejimə dəstək verməyə yönəldib. Rusiya həm Qarabağdakı separatçı rejimə dəstək verməklə onu Paşinyanın apardığı sülh danışıqlarını qəbul etməməyə şirnikləndirir. Dəstək isə təkcə adlarımızı dəyişdirməklə deyil, həm də Vardanyan vasitəsilə separatçılara müxtəlif səviyyədə yardımlarla edilir. Üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq erməni hərbi birləşmələrinin ərazilərimizi hələ də tərk etməməsinə göz yumur, humanitar dəhliz rolu oynamalı olan Laçın dəhlizindən silah-sursat daşınmasına şərait yaradır, kilsə, məktəb tikir və s.”

Y.Bağırzadə bildirib ki, “Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya problemin birdəfəlik həllində maraqlı deyil və “sülhməramlıların” nəzarəti altında olan ərazilərdə uzun müddətə qalmaq arzusundadır. Amma Rusiya bilməlidir ki, ərazilərimizdə müvvəqəti olaraq yerləşmiş sülhməramlı missiyanın hər hansı bir beynəlxalq mandatı yoxdur və ərazilərimizdə ancaq 10 noyabr üçtərəfli bəyanatın əsasında fəaliyyət göstərirlər. O bəyanatın ki, Ermənistanla yanaşı, həm də Rusiyanın üzərinə müəyyən öhdəliklər qoyur. Əgər Ermənistan və Rusiya həmin bəyanatla üzərlərinə düşən öhdəlikləri icra etməyəcəklərsə o zaman Azərbaycanın da öz öhdəliklərindən imtina edərək həm Laçın dəhlizini bağlamaq, həm də rus hərbi kontingentinin müddətin bitməsini gözləmədən ərazilərimizi tərk etməsini tələb etmək hüququ var.”